Muxtar respublikamızda yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Körpələrin və uşaqların xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.
Hazırda bu sahədə tədbirlər uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari il üçün iş planına uyğun olaraq, ümumtəhsil məktəblərinin müəllim və 9-11-ci siniflərində təhsil alan şagirdləri arasında, eləcə də uşaq bağçalarında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə rentgen-flüoroqrafik müayinələr aparılır.
Yanvarın 26-da start verilən aksiya Naxçıvan şəhərindəki 5 nömrəli uşaq bağçasını və 4 nömrəli tam orta məktəbi əhatə edib. Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim və orta tibb işçiləri uşaq bağçasında çalışan 32 nəfəri, 4 nömrəli tam orta məktəbdə isə 48 şagirdi, müəllim heyətini səyyar rentgen-flüoroqrafik müayinədən keçiriblər. Vərəmə yoluxma halları aşkar edilməyib.
Müayinələrdən sonra ftiziatrların iştirakı ilə “Uşaqlarda vərəm intoksikasiyası” mövzusunda səhiyyə maarifi işi aparılıb, vərəm haqqında buklet və kitabçalar paylanılıb.
Rentgen-flüoroqrafik müayinələr hər ay bir məktəb və bir uşaq bağçasını əhatə etməklə ilboyu davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti