Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il fevral ayının 2-dən 16-dək muxtar respublika ərazisində seçmə üsulu ilə müəyyən edilən yaşayış məntəqələrinin tam orta məktəblərinin I-IV sinif şagirdləri arasında mantu sınağı keçiriləcəkdir.
Məqsəd Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən əvvəllər vərəmli xəstələrin qeydə alındığı yaşayış məntəqələrinin tam orta məktəblərində ilkin vərəm intoksikasiyalı uşaq aşkarlanarsa, onları vaxtında müayinə və müalicəyə cəlb etməkdən ibarətdir. Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər həyata keçirilib, mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub, ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət xüsusi briqadalar yaradılıb.
Seçmə üsulu ilə müəyyən edilən yaşayış məntəqələrinin tam orta məktəblərinin I-IV sinif şagirdləri arasında mantu sınağına fevralın 2-də start verilib. Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim və vaksinatorları Naxçıvan şəhərinin Qaraçuq kənd həkim ambulatoriyasının əhatə etdiyi ərazilərdə yerləşən 6, 9, 13 nömrəli tam orta məktəblərdə 305 şagird arasında mantu sınağı aparıblar.
Fevralın 2-də həmçinin Şərur rayonunun Püsyan, Xanlıqlar, Mahmudkənd, Dəmirçi, Kərimbəyli, İbadulla, Qarxun, Aşağı və Yuxarı Yaycı, Babək rayonunun Nehrəm, Cəhri, Qahab, Nəzərabad, Didivar, Kəngərli rayonunun Xok, Qıvraq, Qarabağlar, Çalxanqala, Culfa rayonunun Yaycı, Göydərə, Bənəniyar, Ərəfsə, Ordubad rayonunun Sabirkənd, Azadkənd, Dəstə kənd məktəblərinin I-IV sinif şagirdləri arasında da mantu sınağına başlanılıb. Tuberkulin diaqnostikasında ərazi prinsipi üzrə kənd səhiyyə müəssisələrinin, məktəb tibb məntəqələrinin həkim və tibb işçiləri də fəal iştirak edirlər.
Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndiriləcək və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat veriləcəkdir. Nəticələr qiymətləndirilərkən müsbət və hiperergik reaksiyalı uşaqların dərin ftiziatr müayinəsinə cəlb olunmaları üçün zəruri tədbirlər görüləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti