22 Dekabr 2024, Bazar

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatı fəaliyyətə başlamışdır. Həmin tarixdən etibarən hər il aprelin 7-si “Ümumdünya Sağlamlıq Günü” kimi qeyd olunur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində qoyulan səhiyyə islahatları ölkəmiz müstəqillik qazandıqdan və dahi şəxsiyyətin ali hakimiyyətə ikinci qayıdışından sonra inkişaf etdirilmiş, müasir tibb ocaqları tikilərək istifadəyə verilmişdir. Ulu öndərin müxtəlif vaxtlarda imzaladığı fərman və sərəncamlarla bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yüksəldilmişdir. Səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi qiymətləndirən ümummilli liderimiz demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi sahəsində mühüm proqramlar icra edilir, müasir tibb mərkəzləri açılır. Bütün bunlar vətəndaşların sağlam həyat tərzinə və firavan yaşayışına xidmət edir.
Naxçıvan Muxtar Respublikasının səhiyyəsi də özünün yüksək inkişaf dövrünü yaşayır. İnsanların sağlamlığının etibarlı mühafizəsi üçün davamlı tədbirlər həyata keçirilir. Son 20 ildə Naxçıvanda 220-dən çox tibb ocağının tikilib istifadəyə verilməsi səhiyyə sisteminin inkişafına göstərilən dövlət qayğısının əyani ifadəsidir. Ölkə başçısı cənab İlham Əliyev Naxçıvanda yeni tibb ocaqlarının tikintisini yüksək dəyərləndirərək demişdir: “Yeni xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir... Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, muxtar respublikanın bütün rayonlarında gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıq ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, həm də xəstələrin müalicəsi üçün bütün şərait var. Bax budur, bugünkü Azərbaycanın inkişafı”.
Muxtar respublikada səhiyyə quruculuğu 2014-cü ildə də uğurla davam etdirilmiş, 13 səhiyyə müəssisəsi istifadəyə verilmişdir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi 90 illiyini qeyd edən Naxçıvan səhiyyəsinin həyatında əlamətdar hadisələrdən birinə çevrilmişdir. Hazırda isə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə Mərkəzinin tikintisi və Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması davam etdirilir.
Bu gün muxtar respublikada səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Son illər tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır. Bütövlükdə, tibb müəssisələrinin stasionar və ambulatoriya bölmələri xidmətin əhatə dairəsini xeyli genişləndirmişdir. Bu gün səhiyyə müəssisələrindəki kompüter tomoqraf, nüvə maqnit rezonans, mamoqrafiya, qastroskopiya, kolonoskopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilinə mühüm fayda verir. Belə ki, 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi tədbirləri muxtar respublikada da uğurla icra olunmuş, 273 min 555 vətəndaş tibbi müayinədən keçirilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək üçün hazırda muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. İndiyə kimi 79 min 237 uşaq müayinəyə cəlb edilmişdir.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı artıq ölkəmizdə diridoğulmaların beynəlxalq meyarları qəbul olunmuş və 2015-ci ildən tətbiqinə başlanılmışdır. Muxtar respublikamızda da bu sahəyə xüsusi diqqət yetirilir, ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Son 15 ildə doğum göstəricisinin artması, ölüm hallarının isə aşağı düşməsi bunun əyani sübutudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublika səhiyyəsində islahatların bəhrələrinə diqqət çəkərək demişdir: “Ölkəmizdə, eləcə də muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər nəticəsində təhlükəli yoluxucu və infeksion xəstəliklərin qarşısı alınmış, bu xəstəliklərin statistikasında azalma olmuş, ana və uşaq ölümləri minimuma endirilmişdir”.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əməliyyat blokunun ən müasir tibbi avadanlıqlarla təchizatı, yüksəkixtisaslı tibbi kadrların yetişməsi artıq bir sıra mürəkkəb əməliyyatların yerli mütəxəssislər tərəfindən uğurla icra olunmasına şərait yaradır. Ötən il Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlər tərəfindən bir neçə mürəkkəb cərrahi əməliyyat aparılmışdır.
Yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət olunaraq aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinin təşkili artıq ənənə halını almışdır. Təkcə 2014-cü il ərzində sosial layihələr çərçivəsində Türkiyə Respublikasından və Bakı şəhərindən mütəmadi olaraq dəvət olunmuş yüksəkixtisaslı həkimlər tərəfindən 6 xəstədə plastik əməliyyat, 110 xəstədə göz əməliyyatları yerinə yetirilmişdir. Bu cür humanitar aksiyalar muxtar respublikanın rayonlarında da həyata keçirilmiş, ötən il Ordubad, 2015-ci ilin ilk ayında isə Şərur Rayon Mərkəzi xəstəxanalarında müxtəlif cərrahi əməliyyatlar aparılmışdır. Mürəkkəb cərrahi əməliyyatlarda yerli həkimlərin iştirakı isə onların peşə və bacarıqlarının artırılmasına stimul verir. Belə tədbirlərin məntiqi nəticəsidir ki, artıq muxtar respublikanın yerli həkim kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, ürək damarlarına stent qoyulması, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Muxtar respublikada sağlam həyat tərzinin formalaşmasına nail olunmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm olaraq nəzarətdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dezinteriya, difteriya, epidemik par, pedikulyoz, malyariya, leyşmanioz, poliomielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmur. Digər yoluxucu xəstəliklər isə əvvəlki illərlə müqayisədə xeyli azalmışdır.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Son illər Duzdağ Fizioterapiya Mərkəzində və Darıdağ Arsenli Su Müalicəxanasında aparılan quruculuq işləri, yaradılan şərait müalicəyə gələn yerli əhali ilə yanaşı, xarici turistlərin də sayının artmasına səbəb olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasında əhaliyə 236 tibb müəssisəsi, o cümlədən 5 özəl tibb müəssisəsi tərəfindən müasir tibbi xidmət göstərilir. Onlardan 208-i rayonların payına düşür. Bu gün tibb müəssisələrində 734 həkim, 2 mindən çox orta tibb işçisi çalışır. Orta hesabla bu gün muxtar respublikada hər 10 min nəfərə 7 həkim, 48 orta tibb işçisi düşür. Tibb işçilərinin ixtisas səviyyəsinin artırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Təkcə ötən il 17 həkim və 3 orta tibb işçisi Türkiyə Respublikasının müxtəlif universitet və xəstəxanalarına, 2 həkim Almaniya Federativ Respublikasına, 1 həkim Avstriya Respublikasına, 12 həkim və 1 orta tibb işçisi Bakı şəhərinə göndərilmiş, 38 orta tibb işçisi Naxçıvan Tibb Kollecində təkmilləşdirmə kurslarına cəlb olunmuşdur. Həmçinin 9 həkim və 5 orta tibb işçisi Bakı şəhərində, 12 həkim və 26 orta tibb işçisi Naxçıvan şəhərindəki xəstəxanalarda təcrübə kursu keçmişdir. Müxtəlif beynəlxalq, respublika və yerli əhəmiyyətli simpozium, konfransların, elmi-praktik seminarlar, məşğələ və treninqlərin təşkili də həkim və orta tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasında mühüm rol oynayır. Belə tədbirlər “Muxtariyyət ili”ndə də diqqət mərkəzində saxlanılmış, il ərzində 2-si beynəlxalq əhəmiyyətli olmaqla, 12 konfrans, 106-dan çox seminar təşkil olunmuşdur.
Ali Məclis Sədrinin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 2011-ci ildən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiyası işinə başlanmış və ötən dövr ərzində imtahanlarda iştirak edən 530 həkimdən 482-si növbəti beş il üçün sertifikat almışdır. Orta tibb işçilərinin sertifikasiya imtahanlarına isə 2014-cü ildən başlanılmış və hazırda davam etdirilir. Həmçinin səhiyyə sahəsində kadr təminatı da ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə mühüm töhfələr verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq, səhiyyə sistemində elektron xidmətlərin təşkilinə başlanılmışdır. Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytı yaradılmış və elektron hökumət portalına qoşulmuşdur. İnternet səhifəsi vasitəsilə müxtəlif elektron xidmətlər göstərilir, nazirliyin ünvanına göndərilən onlayn müraciətlər və sorğular operativ cavablandırılır. Həmçinin sistem vasitəsilə müvafiq imtahan-test sualları, obliqat qruplarının müayinəsi, uşaq sağlamlıq kartları, statistik məlumatlar muxtar respublikada yaradılmış lokal səhiyyə şəbəkəsinə ötürülür.
Səhiyyə infrastruktrunun yeniləşdirilməsi istiqamətində görülən işlər əhalinin hər bir təbəqəsini tibbi xidmətlə əhatə edən həkim briqadalarının fəaliyyətinə ciddi stimul vermiş, bu sahədə əsaslı irəliləyişlərə nail olunmuşdur. Hazırda təyin olunmuş həkim briqadaları tərəfindən əhali arasında dispanserizasiya işinin yaxşılaşdırılması və yerlərdə tibbi xidmət göstərilməsinə xüsusi diqqət yetirilir. Bu briqadalar müvafiq qrafik əsasında kəndlərdə olur, əhaliyə lazımi xidmət göstərirlər. Bu da xəstəliklərin aşkar edilməsi və vaxtında tam müalicə edilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Tibb işçiləri vətəndaşların sağlamlığının etibarlı təminatçısı olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcək, səhiyyənin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR