Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, muxtar respublikada 40-45 yaşlı əhalinin kütləvi dispanserizasiyası davam etdirilir.
Aprelin əvvəllərindən start verilən kütləvi dispanserizasiyada bu günə kimi 2814 nəfər profilaktik tibbi müayinədən keçirilib. Onlardan 295 nəfərində xəstəlik aşkar olunaraq dispanser qeydiyyatına götürülüb.
Hazırda 40-45 yaşlı əhalinin kütləvi profilaktik tibbi müayinəsi Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilir. Ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil edilir. Xəstəlik əlamətləri aşkar edilənlər dərin yoxlamalar üçün qeydiyyata alınır, onların müalicə-profilaktika tədbirləri müəyyənləşdirilir, müalicəyə ehtiyacı olan xəstələrin stasionar müalicəsinə göstəriş verilir.
Dispanserizasiya tədbirləri iyulun 30-da başa çatdırılacaq və müayinələrin nəticələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində təhlil ediləcəkdir.
Azərbaycanın dövlət müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda əlil olan vətəndaşların sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılır. Onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan dispanserizasiya tədbirləri artıq başa çatıb.
Məlum olduğu kimi, dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada qəbul olunur və geniş tətbiq edilir. Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır.
Bu məqsədlə 2013-cü ildə muxtar respublikada 20-25 yaşlı əhalinin kütləvi profilaktik müayinəsi həyata keçirilib. 40-45 yaşlıların dispanserizasiyası belə tədbirlərin məntiqi davamıdır. Çünki son illər bu yaşlarda olan insanlarda ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranma riski artdığından onlar arasında profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti