Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlumat üçün bildirək ki, bu prosesə 2011-ci ilin sentyabr ayından başlanılıb və ötən dövr ərzində imtahanlarda iştirak edən 514 həkim, 290 orta tibb işçisi şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıblar.
Növbəti test imtahanında Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının tibb bacıları bilik və bacarıqlarını sınayıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri, sertifikasiya şurası sədrinin müavini Süleyman Cəfərov tibb işçilərinin sertifikasiyasını kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri kimi dəyərləndirərək deyib ki, hazırda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, respublikamızda da beş ildən bir imtahan verib sertifikat almayan tibb işçiləri praktik fəaliyyətlə məşğul ola bilməzlər. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradır. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya muxtar respublikamızda da həkimlərin və orta tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 79 tibb işçisinə paylanılıb, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilib.
Dünən test imtahanının nəticələri elan olunub. Səciyyəvi cəhət budur ki, imtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi tibb bacılarının hazırlığına öz müsbət təsirini göstərdiyindən zəruri həddi keçə bilməyənlərin sayı get-gedə azalır. Növbəti imtahanda isə onların əksəriyyəti sınaqdan uğurla çıxıb. Dörd nəfər yüz faizli nəticəyə nail olub, 51 nəfər 90-100 arası bal toplayıb ki, bu da əvvəlki imtahanlara nisbətən ən yüksək nəticədir. Üç nəfər isə zəruri həddi keçə bilməyib.
Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti