1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizdə ilk Səhiyyə Nazirliyi yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Milli dövlət quruculuğu strategiyasında səhiyyənin də inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən ulu öndər Heydər Əliyev tibb işçilərinə müraciətlə deyirdi: “...Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar bizi sevindirir. Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”.
Dahi liderin rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərində ölkəmizin bütün regionlarında səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilmişdir. Müstəqillik illərində də səhiyyənin inkişafına hesablanmış məqsədyönlü və ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səhiyyə sisteminin müasir inkişafını, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsini və infrastrukturun yenilənməsini sosial islahatların prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.
İnsan sağlamlığı bütün dövrlər üçün cəmiyyətin ən qiymətli sərvəti hesab olunur. Məhz buna görə də insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə bu gün Naxçıvan Muxtar Respublikasında da mühüm işlər görülür. Səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olmuşdur. Dərman və tibbi ləvazimatlarla təchizat yaxşılaşdırılmış, ana və uşaqların, ahıl vətəndaşların, bütövlükdə, əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması prioritet məsələyə çevrilmişdir. Təkcə ötən il 13 səhiyyə müəssisəsi istifadəyə verilmişdir.
Muxtar respublikada səhiyyə quruculuğu tədbirləri bu gün də davam etdirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında yenidənqurma işləri aparılır, müasir tibbi avadanlıqlarla təchizat təmin edilir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə doqquz milyon manat ayrılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzi, İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə Mərkəzi, Dəri-Zöhrəvi Dispanseri üçün binaların tikintisi də davam etdirilir.
Hazırda Naxçıvan Muxtar Respublikasında əhaliyə 236 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Onlardan 208-i rayonların, digərləri isə Naxçıvan şəhərinin payına düşür. Həmin tibb müəssisələrində 734 həkim, 2 mindən artıq tibb işçisi çalışır.
Bu gün muxtar respublikada səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə ölkədə ilk olaraq Naxçıvan Muxtar Respublikasının dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi sanitar şəraitin yaradılması və pulsuz xidmətin təşkili hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi dövlət proqramlarının icrasını əsas fəaliyyət istiqaməti kimi götürərək verilən tapşırıqların icrasını uğurla yerinə yetirir. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən profilaktik və əks-epidemik tədbirlər mütəmadi olaraq davam etdirilir, su anbarlarında, su təchizatı qurğularında, ictimai, inzibati və digər binalarda, məişət suları axıdılan və tullantılar toplanan yerlərdə dezinfeksiya və dezinseksiya işləri aparılır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dizenteriya, difteriya, epidemik parotit, pedikulyoz, malyariya, leyşmanioz, poliomielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmur. Digər yoluxucu xəstəliklər isə əvvəlki illərlə müqayisədə xeyli azalmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu sahədə görülən işləri yüksək qiymətləndirərək demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Ali Məclis Sədrinin tapşırığı ilə kardiocərrahiyyə, uroloji, plastik, göz, angioqrafiya və digər yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin reallaşdırılması insanların sağlamlığına göstərilən diqqət və qayğının bariz ifadəsidir. Təkcə 2014-cü il ərzində sosial layihələr çərçivəsində Türkiyə Respublikasından və Bakı şəhərindən mütəmadi olaraq dəvət olunmuş yüksəkixtisaslı həkimlər – oftalmoloqlar, plastik və laporoskopik cərrahlar tərəfindən, bütövlükdə, 294 cərrahi əməliyyat aparılmışdır. Bu əməliyyatların yerli həkimlərlə birgə aparılması onların peşə vərdişlərinin yüksəldilməsində mühüm rol oynayır.
Səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisas tibb kadrlarının hazırlanması bu işdə mühüm nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. Artıq bu təhsil ocaqlarını bitirən gənc tibb işçiləri muxtar respublikanın xəstəxanalarında çalışırlar. Bununla yanaşı, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə çoxsaylı seminarlar, konfranslar keçirilir, tibb işçiləri Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikadan olan həkimlər müstəqil şəkildə xəstələr üzərində açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparırlar.
Müasir dövrdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən birini də səhiyyə maarifi işi təşkil edir. Əhali arasında səhiyyə maarifinin gücləndirilməsində və yerlərdə onlara tibbi xidmət göstərilməsində həkim briqadalarının böyük rolu var. Bu briqadalar qrafik əsasında kəndlərdə olur, əhaliyə tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında müalicə olunması baxımından əhəmiyyətlidir.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva “Həkimin yüksək vəzifəsi” monoqrafiyasında haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. Naxçıvanın səhiyyə müəssisələrində çalışan həkimlər öz peşələrinə məhz bu aspektdən yanaşaraq insanlara nümunəvi tibbi xidmət göstərirlər. Onların da əməyi dövlətimiz tərəfindən həmişə layiqincə qiymətləndirilir. Təkcə bir faktı qeyd edək ki, muxtar respublikamızın səhiyyə müəssisələrində çalışan yüzdən çox səhiyyə işçisi Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, Əməkdar tibb işçisi fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı, “Səhiyyə əlaçısı”, “Rəşadətli əməyə görə” nişanı və fəxri fərmanlarla təltif edilmişlər.
Peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da muxtar respublika səhiyyəsinin inkişafına öz layiqli töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti