Səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin hər bir təbəqəsinin keyfiyyətli tibbi xidmətlə əhatə olunması bu ilin may ayında da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fond tərəfindən Naxçıvan QİÇS-lə Mübarizə Mərkəzinə dərman preparatları, ehtiyac olan miqdarda reaktivlər və tibbi materiallar, HİV ekspres testlər, dezinfeksiyaedicilər, hepatit B və C testləri gətirilmişdir.
Obliqat qruplarının tibbi müayinələrinin gücləndirilməsi məqsədilə QİÇS-lə Mübarizə Mərkəzi, Dəri-Zöhrəvi Dispanseri, Ağciyər Xəstəlikləri Dispanserinin həkim, laborant və radioloqdan ibarət səyyar briqadası təşkil olunmuşdur. Briqada may ayı ərzində Şərur, Culfa, Ordubad və Babək Rayon Mərkəzi xəstəxanalarında olmuş, tibb işçilərinin, ictimai iaşə, gözəllik salonu işçilərinin müayinələri yerində aparılmışdır. 1046 nəfərdən qan götürülmüş, hepatit B və C, QİÇS və digər xəstəliklərə görə müayinələr aparılmış, 647 nəfər flüoroqrafiya müayinəsindən keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən may ayı ərzində Ordubad rayonunun 7 kəndində təhsil müəssisələrində işləyən 175 qadında süd vəzinin profilaktik müayinəsi aparılmış, 6 nəfərdə patologiya aşkar edilərək onlar Onkoloji Mərkəzə dəvət olunmuşlar.
Təhsil müəssisələrində şagirdlərin kütləvi müayinəsi aparılmış, may ayı daxil olmaqla mövsüm ərzində 31696 nəfər müayinədən keçirilmiş, 3018 nəfər dispanser qeydiyyatına alınmışdır.
Həkimlərin peşə bacarıqlarının yüksəldilməsi məqsədilə ay ərzində 3 nəfər həkim Bakı şəhərinə, 2 nəfər həkim Moskva şəhərinə müxtəlif müddətə kurs keçmələri üçün göndərilmişdir.
Diaqnostika-Müalicə Mərkəzində talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilmiş, 18 nəfərdən 5,4 litr qan tədarük edilmişdir.
Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə 23 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə aşağı ətrafın amputasiyası həyata keçirmiş, 30 nəfərdə müayinələr aparmışdır.
Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 25 nəfərdə müayinə, 17 nəfərdə əməliyyat yerinə yetirilmişdir.
Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 22 nəfərdən ibarət professor-həkim heyəti Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi müayinə və müalicəsini həyata keçirmiş, 2478 nəfər müayinə edilmiş, 84 nəfərdə cərrahi əməliyyat aparılmışdır.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Mərkəzinin Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində “Xoş gəldin, körpə” ana-uşaq sağlamlığını dəstəkləmə layihəsi çərçivəsində mama və neonatoloqların iştirakı ilə 4 günlük seminar-treninq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası “Bioloji təbabət və antihomotoksik terapiya cəmiyyəti”nin təşkilatçılığı ilə rayonlarda “Bioloji təbabətin aktual problemləri” mövzusunda birhəftəlik elmi-praktik seminarlar keçirilmişdir.
Rayon və kənd tibb müəssisələrinin fəaliyyətinə nəzarət məqsədilə may ayında Culfa və Ordubad Rayon Mərkəzi xəstəxanalarına, Dəstə, Sabirkənd, Biləv, Yaycı, Qaraçuq, Tumbul, Qızıl Qışlaq, Kükü həkim ambulatoriyalarına, Darıdağ Arsenli Su Müalicəxanasına, Behrud, Parağa, Qaraxanbəyli, Bulqan, Ayrınc, Güney Qışlaq feldşer-mama məntəqələrinə gedilmiş, mövcud nöqsanların yerindəcə həll olunması üçün tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olmuş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan dispanserizasiya tədbirləri başa çatmışdır.
40-45 yaşlıların dispanserizasiyasına başlanılmış, ay ərzində 2814 nəfər müayinədən keçirilmiş, 295 nəfərdə xəstəlik aşkar olunaraq dispanser qeydiyyatına götürülmüşdür.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə may ayı ərzində muxtar respublika üzrə 11 nəfər Bakı şəhərinin Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 26 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 19 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti