Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan və risk qrupuna daxil olan ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələri işçilərinin, eləcə də obliqat qruplarının hepatit B infeksiyasına qarşı immunlaşdırma aylığı davam edir.
Fevralın 6-da start verilən bu tədbir artıq Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum, Diaqnostika-Müalicə, Stomatoloji, Onkoloji mərkəzlərin, Ağciyər, Psixi Xəstəliklər dispanserlərinin həkim və orta tibb işçilərini əhatə edib. Bu səhiyyə müəssisələrində 502 nəfər vaksinasiyaya cəlb olunub. Profilaktik tədbir Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının 4 nəfərdən ibarət vaksinator briqadası tərəfindən həyata keçirilib.
Tədbirin təşkili üçün məsul şəxslər tərəfindən vaksinasiyaya cəlb ediləcək tibb işçilərinin siyahıları tərtib olunub və vaksin vurulmazdan bir həftə əvvəl onlardan qan götürülərək müayinə üçün Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilib. Göndərilən qan nümunələrinin seroloji diaqnostikası, müayinənin nəticələri təsdiq edildikdən sonra alınan məlumat əsasında vaksinasiya aparılıb.
Hepatit B infeksiyasına qarşı artıq dörd ildir ki, həyata keçirilən immunlaşdırma tədbirlərinin səmərəli təşkili üçün muxtar respublikamızda geniş hazırlıq işləri aparılıb. Rayon mərkəzi xəstəxanalarında hepatit B vaksininin vurulması üçün vaksinator da daxil olmaqla üç, Naxçıvan şəhərində yerləşən bütün tibb müəssisələrində isə dörd orta tibb işçisindən ibarət briqadalar yaradılıb və tibb işçiləri lazımi səviyyədə təlimatlandırılıblar. İmmunlaşma tibb işçiləri arasında üç mərhələdə aparılacaqdır. Profilaktik tədbir ilk iki mərhələdən iki ay sonra üçüncü vaksinlə tamamlanacaqdır. Qrafik əsasında üç vaksin alan hər bir tibb işçisi hepatit B virusuna yoluxma riskindən tamamilə müdafiə olunacaqdır.
Rayon mərkəzi xəstəxanalarında da tibb işçilərindən götürülən qan nümunələri müayinə üçün Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilib. Nəticələr bəlli olandan sonra vaksinasiyanın ilk mərhələsi fevralın sonunadək başa çatdırılacaqdır. Şahbuz Rayon Mərkəzi Xəstəxanasında isə vaksinasiyanın ilk mərhələsi artıq başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bu tədbirin lazımi səviyyədə həyata keçirilməsi məqsədilə hepatit B vaksininin bölgüsünə və təlimat əsasında ərazilərə çatdırılmasına ciddi nəzarət edir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti