22 Dekabr 2024, Bazar

 Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzində “Stomatoloji innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları, Stomatoloji Mərkəzin həkim heyəti, səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-stomatoloqlar və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər muxtar respublikada səhiyyə sahəsində aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb, yeni-yeni tibb müəssisələri tikilərək istifadəyə verilib. Bütün bunlarla bərabər, həmin müəssisələrin kadr təminatı da diqqət mərkəzində saxlanılır, həkimlərin peşə vərdişlərinin yüksəldilməsi məqsədilə ardıcıl iş aparılır.

Şübhə yoxdur ki, stomatoloji xəstəliklərin də diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların tələbə və mütəxəssislər arasında mübadiləsi tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova çıxış edərək bildirib ki, cari ilin ötən dövründə 17 tam orta məktəb üzrə 6880 nəfər 7-17 yaş arası şagird profilaktik stomatoloji müayinələrə cəlb olunub. Şagirdlərin 73,1 faizində kariyes, 21 faizində ortodontik problemlər, 14,2 faizində dişəti xəstəlikləri, 11 faizində isə dişlərin erkən çəkilməsi aşkarlanıb. Bu problemlərin aradan qaldırılmasında əhali arasında, o cümlədən qadınların hamiləlik dövründə stomatoloji profilaktika və stomatoloji xidmətin aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan baş həkim uşaq stomatologiyası sahəsində elektrofarez sistemin tətbiqinin və 1 yaşdan 12 yaşadək uşaqlarda müalicə üsulu olaraq istifadə edilməsinin, uşaqlarda keçid dişləmi dövründə diaqnostik metodlardan istifadə olunması və total kariyesin erkən aşkar edilib müalicəyə başlanılmasının, valideynlər arasında profilaktik söhbətlərin təşkilinin zəruriliyini qeyd edib.
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin üçüncü kurs tələbələrindən Yusif Məmmədli, Fərid Mahmudzadə, Qəmər Bədəl­ova, Fuad İbrahimli, Könül Zeynalova və başqaları yoxlamalar zamanı aşkar olunmuş xəstəliklər barədə konfrans iştirakçılarını ­məlumatlandırıblar.
İmplant-dent klinikasının həkim-stomatoloqu Rauf Cəfərov Naxçıvan Muxtar Respublikasında əhali arasında əsas stomatoloji xəstə­liklərin epidemiologiyası haqqında məlumat verib.
Konfransda mövzuya dair videofilm və slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR