Əhalinin ərzaq təminatında mühüm rol oynayan sahələrdən biri də quşçuluqdur. Məlumdur ki, ta qədimlərdən quşçuluq ev təsərrüfatlarında mövcud olub, yalnız sonralar kənd təsərrüfatının müstəqil sahəsi kimi formalaşıb və inkişaf etdirilib.
Muxtar respublikamızda bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Odur ki, bu gün regionda əhalinin daxili istehsal hesabına quş əti və yumurta ilə təminatında quşçuluq müəssisələrinin xüsusi çəkisi var. Muxtar respublikada ev təsərrüfatlarında və kiçik sahibkarlıq subyektlərində toyuq əti və yumurta istehsalını artırmaq məqsədilə görülən tədbirlərlə yanaşı, müasir quşçuluq fabrikləri yaradılır, köhnələri dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına yenidən qurulur. Belə müəssisələrdən biri də 2013-cü ildə fəaliyyətə başlayan “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatıdır. Müəssisənin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Yumurtalıq istiqamətində damazlıq quşçuluq təsərrüfatının istifadəyə verilməsi də muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Dövlət dəstəyi ilə yaradılan bu təsərrüfat muxtar respublikada quşçuluğun inkişaf etdirilməsinə hesablanmışdır. Belə ki, yeni təsərrüfatın istifadəyə verilməsi muxtar respublikada idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın qorunmasına, eyni zamanda bu sahə üzrə fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının ödənilməsinə və rentabelliyin təmin olunmasına imkan verəcəkdir”.
Bu günlərdə təsərrüfatda cəmiyyətin direktoru Səid Zeyniyevlə həmsöhbət olduq. Öyrəndik ki, təsərrüfat ayda 140 min ədəd damazlıq yumurta istehsal gücünə malik damazlıq bölməsindən və 64 min başlıq bəsləmə sahəsindən ibarətdir.