“Bizim Qida” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu sahədə irəlidədir
Artıq iyirmi beş ildir ki, müstəqillik yolu ilə irəliləyirik. Əvvəllər çox əzab-əziyyət çəkmişik, çətinliklərimiz az olmayıb. Elə vaxtlar olub ki, hər hansı bir ərzaq məhsulunu almaq üçün saatlarla növbədə dayanmışıq. Ancaq ölkəmiz inkişaf edib qüdrətləndikcə yeni iqtisadi layihələrin həyata keçirilməsinə başlanıldı və bu çətinliklər də getdikcə aradan qaldırıldı.
Ölkənin gələcək inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirən görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “...İstehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması dövlət siyasətimizin əsas prinsipləridir”.
Bu fikirlərlə ulu öndər xalqın itməkdə olan inamını özünə qaytardı. Artıq iqtisadiyyatı 70 illik ictimai mülkiyyət sisteminin buxovlarından azad edib, ənənəvi sahibkarlıq, şəxsi mülkiyyət münasibətlərini qəti şəkildə bərpa etməyin zamanı çatmışdı. Azərbaycan xalqının zəhmətsevərliyinə, bacarığına yaxşı bələd olan ulu öndər ölkədə sahibkarlığa və sahibkarlara geniş imkanlar yaradılarsa, onların qısa zamanda iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevriləcəklərinə inanırdı və bilirdi ki, iqtisadiyyatı iflic olan Azərbaycanı ayağa qaldırmaq üçün yeganə yol bazar iqtisadiyyatının prinsiplərini tətbiq etməkdir.
Ulu öndərin müəyyənləşdirdiyi yol muxtar respublikamızda da sahibkarlar sinfinin formalaşmasına gətirib çıxardı. Ötən illər ərzində muxtar respublikada güclü sahibkarlar təbəqəsi yaradılıb.
Bu gün Naxçıvanda fəaliyyət göstərən istehsal müəssisələrində keyfiyyət amili diqqətdə saxlanılır, həmçinin insanların sağlamlığının qorunması üçün muxtar respublikamıza daxil olan məhsullara da güclü nəzarət edilir, keyfiyyəti yoxlanılır.
Muxtar respublikamızda yerli ərzaq məhsullarının satışı ilə məşğul olan “Bizim Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti barədə əldə etdiyimiz məlumatlar da bunu təsdiq edir.
Sözügedən cəmiyyət Babək rayonunun Babək qəsəbəsi ərazisində fəaliyyət göstərir. Cəmiyyətin direktoru Vaqif Əliyev deyir ki, 1993-cü ildən fəaliyyətə başlayan müəssisə 2012-ci ildə yeni ünvana köçüb. Çox az çeşidlə satışa başlayan müəssisə bu gün 1200-dən artıq məhsulun satışını həyata keçirir. Hazırda 1500 kvadratmetrə malik ərazidə müasir üslubda yenidən qurulan inzibati binada ofis, yeməkxana, iclas zalı və digər otaqlar yerləşir. Eləcə də 1000 kvadratmetrlik anbarı vardır ki, bu anbarda da məhsullar müasir standartlar əsasında qurulmuş böyük rəflərdə saxlanılır. 50 kvadratmetrlik soyuducu anbara isə, əsasən, soyuq şəraitdə saxlanılmalı olan məhsullar yığılır. Müsahibimiz bildirir ki, buradakı məhsulların satışı həm də onlayn olaraq həyata keçirilir. Belə ki, pərakəndə satış obyektlərində fəaliyyət göstərən satıcılar hər hansı bir məhsulu onlayn sifariş edə, qiyməti ilə maraqlana, şikayət və təkliflərini çatdıra bilərlər. Bundan əlavə, müəssisənin ofisindən satış obyektlərində hansı məhsulun daha çox satıldığını və ya qurtardığını şəbəkə vasitəsilə izləmək mümkündür.
Vaqif Əliyevlə söhbətimizdə onu da öyrənirik ki, müəssisənin 9 avtomobili var. Bütün rayonlara avtomobil ayrılıb, biri ehtiyat üçün müəssisədə saxlanılır. Deyir ki, mağazalara paylanan məhsulların istifadə müddəti başa çatan zaman cəmiyyət tərəfindən götürülür və müəssisədə olan xüsusi anbara gətirilir, sonra aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilir.
Cəmiyyətin rəhbəri daha vacib bir məqam kimi onu da vurğuladı ki, hər ay Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif məhsullardan nümunələr götürülərək Mərkəzi qida sınaq laboratoriyasında yoxlanılır. Eləcə də hər dəfə məhsullar sərhəd-gömrük məntəqələrindən Naxçıvana daxil olanda həmin qida məhsullarından nümunələr götürülüb keyfiyyətinə baxılır.
Şübhəsiz ki, muxtar respublikada hər bir müəssisənin fəaliyyəti həm də insanların məşğulluğunun təminatı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün müəssisədə 45 nəfər daimi işlə təmin olunub.
Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində keçirilən yarmarkalarda müəssisənin məhsulları istehlakçılara ucuz qiymətə təklif edilir.
Hafizə Əliyeva