Müasir Naxçıvanın iqtisadiyyatı özünün rəqabət qabiliyyəti ilə seçilən yüksəkkeyfiyyətli məhsulların istehsalı üzrə ixtisaslaşmış xeyli sayda emal və istehsal müəssisələri, onların əsasında fəaliyyət göstərən çoxlu xidmət obyektləri ilə xarakterizə olunur. Azad bazar iqtisadiyyatı şəraitində muxtar respublikada iqtisadi fəallıq şaxələndikcə burada həyata keçirilən irimiqyaslı layihələrin, işə salınan yeni müəssisələrin də sayı artır. Muxtar respublikada sahibkarlığa, yeni texnoloji avadanlıqlar gətirilməsinə verilən dəstək, daxili bazarın qorunması yolu ilə yerli istehsalçıların işinin stimullaşdırılması burada hər cür istehsal və emal fəaliyyəti ilə məşğul olmaq istəyənlərə geniş imkanlar açır.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən emal müəssisələrinin istehsal potensialı və onların mövcud fəaliyyəti ilə bağlı apardığımız kompleks araşdırma bir daha onu göstərdi ki, hər hansı bir obyektiv səbəbdən müəyyən çətinliklər olsa da, ümumilikdə, iqtisadiyyatın inkişafı və insanların yaxşı yaşaması üçün görülmüş bütün qətiyyətli işlər gec-tez öz arzuedilən nəticəsini göstərəcək. Bu baxımdan muxtar respublikada hazırda avtomobildən tutmuş kiçik plastik məmulatlara qədər yüzlərlə növdə və çeşiddə yüksəkkeyfiyyətli məhsullar istehsal edən 330-dan çox belə istehsal-emal müəssisəsini Naxçıvanın iqtisadi gücünün göstəricisi adlandırmaq mümkündür.
Babək rayonu muxtar respublikanın ən böyük rayonlarından biridir. Babək muxtar respublikanın paytaxtına ən yaxın rayondur. Əhali və təbii ehtiyatlar baxımından çox geniş potensiala malikdir. Muxtar respublikamızın müasir iqtisadiyyatında Babək rayonu 520-dən artıq sahibkarlıq subyekti və onlardan da 80-ə yaxın istehsal təyinatlı müəssisə ilə təmsil olunur. Şübhəsiz, bu qədər sahibkarın fəaliyyəti rayon iqtisadiyyatının inkişaf etməsi, əhalinin yerli məhsullara olan tələbatının ödənilməsi üçün xüsusilə vacibdir. Bundan başqa, yeni iş yerlərinin yaradılması baxımından belə istehsal müəssisələrinin əhəmiyyəti çox böyükdür. Belə ki, rayondakı təkcə istehsalyönümlü müəssisələrdə 250-dən artıq iş yeri yaradılıb. Bu müəssisələr arasında müasir texnoloji avadanlıqlarla gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirən “Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, yüksəkkeyfiyyətli mineral sular istehsal edən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti, habelə 4 un dəyirmanı və 4 şirniyyat məhsulları istehsal edən müəssisələr, 6 istixana, 3 quşçuluq təsərrüfatı, süd məhsulları, tikinti materialları və çörəkbişirmə üzrə ixtisaslaşmış çox sayda sahibkarlıq subyektləri vardır.
Şərur təbii sərvətləri və əhalisinin tarixi təsərrüfatçılıq ənənələri ilə təkcə Naxçıvan Muxtar Respublikasında deyil, ölkə miqyasında seçilən rayonlardandır. Şərur deyəndə, ilk olaraq, qonaqpərvər, vətənini, torpağını hər şeydən çox sevən insanlar və ildə iki dəfə məhsul əldə olunan bərəkətli torpaqlar, taxıl zəmiləri, geniş bağ-bostanlar yada düşür. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın təşviqi istiqamətində görülən işlər Şərurda da müxtəlif sahələrin inkişafı üçün əlverişli şərait yaradıb. Hazırda Şərurda 400-dən artıq müxtəlif profilli sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bunlardan da 50-yə yaxını müxtəlif xammal ehtiyatları əsasında istehsal-emal fəaliyyəti ilə məşğul olur. Şərur rayonunda fəaliyyətdə olan belə müəssisələrə baxdıqda, burada spirtli içkilər istehsal edən “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, dəyirmançılıq və lavaşbişirmə işi üzrə ixtisaslaşmış “Arpaçay” MMC, habelə bir neçə kərpic və qapı-pəncərə istehsalı sahəsi və dəyirmanlar olduğunu görürük. Bundan başqa, rayonda fəaliyyət göstərən bir neçə istixana kompleksini də istehsalyönümlü müəssisə kimi qeyd edə bilərik.
Culfa rayonu Naxçıvan Muxtar Respublikasının geniş əhali və torpaq ehtiyatlarına, əlverişli iqlim və mineral sərvətlərə sahib olan digər ərazi vahidlərindən biridir. Culfalılar əkinçilik, bağçılıq, bostançılıq və heyvandarlıqla məşğul olub, yüksəkkeyfiyyətli məhsul istehsal edirlər. Culfanın təbii-mineral sərvətləri hesabına istehsal olunan kərpic və üzlük daş, qazlı suların və dondurmaların istehsalında mühüm komponent olan bərk karbon qazı burada emal olunub alıcılara çatdırılır. Ümumilikdə, Culfa rayonunda 200-ə yaxın sahibkarlıq sahəsi və onlardan 44 emal-istehsal müəssisəsi vardır. Bu müəssisələrin profillərinə nəzər saldıqda, onların 23-nün çörəkbişirmə üzrə istehsal sahələri olduğu görünür. Bundan başqa, rayonun Darıdağ massivində karbon qazı istehsalı, Kırna kəndində broyler, Yaycı kəndində kərpic və üzlük daş, Bənəniyar kəndində torba və kəpək, Əbrəqunus kəndində meyvə şirələri, Culfa şəhərində göbələk, Camaldın kəndində un istehsalı sahələri vardır. Rayonda 4 mebel və 4 plastik qapı-pəncərə istehsalı sahəsi də fəaliyyət göstərir. Rayonun Kırna, Camaldın və Saltaq kəndlərindəki su dəyirmanları əhalinin yetişdirdiyi taxılın emal olunmasında mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, bütün bu müəssisələrdə 170-dən çox daimi iş yeri yaradılıb. Emal müəssisələri, əsasən, Culfa şəhərində və rayonun Yaycı, Bənəniyar, Əbrəqunus kimi iri kəndlərindədir.
On iki il əvvəl yaradılmış Kəngərli rayonunun iqtisadi inkişafında sənaye və kənd təsərrüfatı məhsulları istehsalı mühüm yer tutur. Muxtar respublikamızda sahibkarlığa göstərilən dövlət qayğısı bu rayonda da kiçik və orta biznesin inkişafına şərait yaradıb, bir çox yeni emal müəssisələri fəaliyyətə başlayıb. Coğrafi cəhətdən əlverişli mövqedə yerləşən Kəngərlidə istehsal olunmuş məhsulların bazar imkanları genişdir. Burada fəaliyyət göstərən istehsal müəssisələrinə nəzər saldıqda, onların rayonun əksər yaşayış məntəqələrində olduğunu görməkdəyik. Bu, bir tərəfdən yerli işçi qüvvəsinin imkanlarından, digər tərəfdən də mövcud xammaldan maksimum istifadəyə imkan yaradır. Hazırda Kəngərlidə yerli xammal əsasında sement və daş məhsulları istehsal olunur. Rayonda istehsal olunan Naxçıvan sementinin, Qarabağlar mərmərinin keyfiyyəti hər kəsə məlumdur. Bunlardan başqa, Qarabağlar kəndindəki “Asnı” balıqçılıq təsərrüfatı, Böyükdüz kəndindəki “Naxçıvan bağları” istixana kompleksi də rayon iqtisadiyyatının mühüm göstəricisidir. Kəngərli rayonunun mərkəzində və digər kəndlərdə yaradılmış müxtəlif kiçik sahibkarlıq subyektləri də vardır ki, bu müəssisələrdə mebel, kərpic, şirniyyat məhsulları və çörək istehsal olunaraq xeyli sayda yerli sakin üçün iş yerləri yaradılıb. Rayonun mərkəzi Qıvraq qəsəbəsindəki “Şahanə” Mebel İstehsalı Müəssisəsi, Qabıllı kəndində müxtəlif çeşidlərdə limonad istehsal edən “Fitonad” Kiçik Müəssisəsi, Xok kəndində fəaliyyət göstərən “Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsi, Çalxanqala, Qabıllı, Xok, Qarabağlar kəndlərindəki çörək istehsalı sahələri belə emal müəssisələrindəndir. Göründüyü kimi, Kəngərlidə müxtəlif məhsulların emalı və istehsalı üzrə geniş imkanlar vardır. Bütün bunlar rayonda emal sənayesinin gələcəkdə daha da genişləndirilməsi üçün imkanlar açır.
Təbii və mineral ehtiyatlarla zəngin olan Şahbuz rayonunda kiçik sahibkarlığın inkişafı məqsədilə yaradılan istehsal və emal müəssisələri muxtar respublikamızda daxili bazarın yerli məhsullarla təmin olunması üçün böyük əhəmiyyət daşıyır. Şahbuzun ekoloji təmiz “Çınqıllı” və “Böyrək” suları, “Farma Şah” əmtəə nişanı ilə satılan minbir dərdin dərmanı təbii dərman bitkiləri, muxtar respublikamızın daxili bazarının yerli yumurtaya olan tələbatının mühüm hissəsini ödəyən “Badamlı Broyler” quşçuluq təsərrüfatı və digər emal-istehsal müəssisələri bunlar arasındadır.
Ordubad özünün sahib olduğu təbii sərvətləri, turizm ehtiyatları və yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təkcə muxtar respublikamızda deyil, həm də ölkəmizdə və onun hüdudlarından kənarda da tanınıb. Hazırda Ordubadda 21 emaltipli müəssisə vardır. Bunların əksəriyyəti isə çörək bişirilməsi və qapı-pəncərə düzəldilməsi ilə məşğul olub, Ordubad şəhəri və Dəstə kəndində yerləşir. Ordubadda güclü aqrar potensial və bu potensialdan istifadə edə biləcək insan resursları vardır. Gələcəkdə yaradılacaq bütün imkanlardan istifadə olunmaqla Ordubadda güclü emal sənayesi qurmaq mümkündür.
Naxçıvan şəhəri təkcə muxtar respublikamızın deyil, eləcə də ölkəmizin mühüm elm, mədəniyyət və sənaye mərkəzidir. Təkcə onu qeyd edək ki, Naxçıvan şəhərində 35 profil üzrə 100-ə yaxın ixtisaslaşmış sənaye müəssisəsi vardır. Bu müəssisələrdə, ümumilikdə, 2500-dən çox insan daimi işlə təmin olunub. Hər cür çörək, unlu-qənnadı və ağartı məhsulları istehsal edən “Gəmiqaya Bərəkət Qida Məhsulları”, Azərbaycanın brend məhsulu “Badamlı”nın istehsal olunduğu “Gəmiqaya Mineral Sular”, yaradıldığı vaxtdan bəri 5 mindən çox minik avtomobili istehsal etmiş “Naxçıvan Avtomobil Zavodu”, həyata keçirilən quruculuq işlərində mühüm rol oynayan “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabriki” və “Dizayn Sənaye Kompleksi”, qida sektorunda uğurla fəaliyyət göstərən “Ləzzət Qida Sənaye”, “Araz-3” və “Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli cəmiyyətləri keyfiyyətli məhsulları ilə həm də ixrac potensialı yaradıblar.
Naxçıvan şəhərində fəaliyyət göstərən çox sayda digər istehsal və emal müəssisələrinin adlarını çəkmək olar. Bu müəssisələrin əksəriyyəti muxtar respublikada daxili bazarın tələbatlarının ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük bir hissəsinin son 10-15 il ərzində işə salındığı bu müəssisələrin bəziləri keçmişdə mövcud olmuş təcrübə əsasında yenidən qurulub, əksəriyyəti isə tamamən yeni yaradılıb.
Aparılan təhlillər onu göstərir ki, Naxçıvan Muxtar Respublikasında çox geniş profildə emal-istehsal fəaliyyəti üzrə ixtisaslaşmış sənaye potensialı vardır. Sənaye müəssisələri paytaxt Naxçıvan şəhərindən tutmuş rayon mərkəzləri və kəndlərdə olmaqla, regionun hər yerində yaradılıb. Naxçıvanda bir neçə nəfər işçisi olan kiçik sahibkarlıq subyektlərindən tutmuş yüzlərlə işçiləri olan iri müəssisələr fəaliyyət göstərir. Bu müəssisələrin hamısının ümumi bir cəhəti isə ondan ibarətdir ki, onlar yeni dövrün tələbləri, yüksək texnologiyaların tətbiqi və müasir standartlar əsasında işləməklə təkcə muxtar respublikamız üçün deyil, ölkəmizin və dünya bazarının tələbatlarının ödənilməsi baxımından çox faydalı olan məhsullar istehsal etmək gücünə malikdirlər.
Əli Cabbarov