İqtisadiyyatın mühüm inkişaf göstəricilərindən biri olan xarici ticarət əlaqələri Naxçıvan Muxtar Respublikasının müasir inkişaf mərhələsində diqqət mərkəzində saxlanılır. Xüsusən son dövrlər “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması istiqamətində Naxçıvandan dünya ölkələrinə ixrac olunan mal və xidmətlərin həcminin artırılmasına da ciddi fikir verilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, hazırda muxtar respublikada fəaliyyət istiqamətlərinə görə 51 müəssisə ixrac qabiliyyətinə malikdir. Həmin müəssisələr tərəfindən 60 növdə məhsulun istehsalı həyata keçirilir. Naxçıvandan ixrac olunan məhsullar, əsasən, yerli xammala əsaslanır. Bunlar arasında mineral sular, təbii duz, emal olunmuş ət və meyvə məhsulları, qazlı aromatlaşdırılmış və spirtli içkilər, meyvə şirələri, sement, gips, gips lövhələr, məsaməli beton məmulatları, metal, mərmər və travertin daş məmulatları, xam dəri, mebel və sair məhsullar vardır. Naxçıvandan ixrac olunan məhsullar, əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Litva, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə göndərilir. Rəqəmlərə gəldikdə, ümumilikdə, 2016-cı ilin 10 ayı ərzində muxtar respublikadan məhsul ixracının həcmi 325 milyon 800 min ABŞ dollarını ötüb ki, bu da son bir il ərzində 1,3 faiz artım deməkdir. Aparılan məqsədyönlü siyasətin nəticəsində muxtar respublikada idxaldan asılılığın da azaldılması təmin olunub. Belə ki, bəhs olunan dövrdə muxtar respublikada idxalın həcmi 34,5 faiz azalaraq, təqribən, 33 milyon 187 min ABŞ dolları həcmində olub. Genişləndirilən xarici ticarət əlaqələri ödəmə balansında müsbət saldonun yaranmasına imkan verib. Belə ki, bu dövrdə muxtar respublikada aparılan ixrac və idxal əməliyyatları arasında 292 milyon 613 min 100 Amerika Birləşmiş Ştatları dolları həcmində müsbət saldo yaranıb.
Xəbərlər şöbəsi