23 Dekabr 2024, Bazar ertəsi

 Azərbaycan SSR Avtomobil Yolları Təmiri və İstismarı Nazirliyinin 1986-cı il 25 dekabr tarixli əmri ilə Naxçıvan Avtomobil Yolları Təmiri və İstismarı İdarəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1996-cı il 9 dekabr tarixli Fərmanına əsasən isə Naxçıvan Avtomobil Yolları Təmiri və İstismarı İdarəsinin bazasında Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti yaradılmışdır. 

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Dahi şəxsiyyətin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, yol-nəqliyyat kompleksinin də yenidən qurulmasına, müasir avtomobil yollarının çəkilişinə əlverişli şərait yaratmışdır. Hazırda bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib. Muxtar respublikanın yaşayış məntəqələrində – şəhər, qəsəbə və kəndlərdə avtomobil yolları yenidən qurulur.

Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, yol tikintisini həyata keçirmək üçün müasir texnikalar alınmış, kollektiv lazımi iş şəraiti ilə təmin olunmuşdur. Son illər muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikada yol tikintisinin səmərəli təşkilinə şərait yaratmış, müasir mühəndis-texniki tələblərə cavab verən avtomobil yolları inşa olunmuş, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş, yeni körpülər tikilmişdir.
Naxçıvan Muxtar Respublikası Böyük İpək Yolunun üzərində yerləşir. Ona görə də həyata keçirilən quruculuq tədbirləri zamanı yol tikintisinə, xüsusilə Böyük İpək Yolunun bərpasına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı və iştirakı ilə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, uzunluğu 34 kilometr olan Naxçıvan-Culfa və uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilmişdir. Magistral avtomobil yollarının yenidən qurulması və Böyük İpək Yolunun bərpası Naxçıvanın tranzit imkanlarını xeyli artırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə də bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda da bu gözəl proseslər sürətlə gedir və həll olunur. Artıq burada yerli şirkətlər vardır ki, bu cür yolları çox keyfiyyətlə tikə bilirlər”.
Muxtar respublikada magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq 5 yaşayış məntəqəsini əhatə edən Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi, 20 yaşayış məntəqəsini əhatə edən Çeşməbasar-Boyəhməd, 13 kəndi əhatə edən Hacıvar-Vayxır-Sirab və 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolları yenidən qurularaq istismara verilmişdir.
İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yenidən qurulmasıdır. Muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərinin yol infrastrukturunun tamamilə müasirləşdirilməsi də yaşayış məntəqələri arasında avtomobillərin təhlükəsiz və rahat hərəkətinə, eləcə də kəndlərin turizm potensialının artmasına və iqtisadiyyatın inkişafına səbəb olmuşdur. Təkcə bir faktı qeyd edək ki, son illər muxtar respublikamızda kəndlərarası və kənddaxili avtomobil yolları da daxil olmaqla salınan avtomobil yollarının həcmi sovet dövründə salınmış avtomobil yollarının həcmindən dəfələrlə çoxdur. Hər il payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən kompleks tədbirlər muxtar respublikada mövcud olan 274 kilometr dövlət əhəmiyyətli və 1199 kilometr yerli əhəmiyyətli avtomobil yollarında qarlı-çovğunlu günlərdə belə, hərəkətin intensivliyini tam təmin etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür”. Bu sahədə reallaşdırılan layihələrin əsas hədəfi muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etməkdir. Bütün bu işlərdə isə avtomobil yol işçilərinin üzərinə mühüm vəzifələr düşür. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətinin kollektivi mövcud imkanlardan səmərəli istifadə edərək bundan sonra da muxtar respublikanın yol-nəqliyyat infrastrukturunun inkişafına öz töhfələrini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Avtomobil Yolları Dövlət Şirkətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR