Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və muxtar respublika Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində nağdsız ödənişlərin əhəmiyyəti barədə maarifləndirici seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası çərçivəsində keçirilən seminarda universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri universitetin İdarəetmə fakültəsinin dekanı, dosent Elbrus İsayev açaraq nağdsız ödənişlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, vətəndaşların rahat şəkildə nağdsız ödəniş etmələri üçün yaradılmış müasir infrastrukturdan bəhs edib.
Seminarda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Tural Şirəlizadə çıxış edərək nağdsız ödənişlərin əhəmiyyətindən, nağdsız əməliyyatların həcmindəki artımı şərtləndirən amillərdən, bu sahənin inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən işlər, əldə olunan nəticələr, bu nəticələrin muxtar respublika iqtisadiyyatına verdiyi töhfələrdən danışıb. Şöbə rəisi bankların təklif etdiyi hazırkı elektron bank xidmətləri, bu xidmətlərin əldə olunması və istifadəsinin ictimai faydaları haqqında da seminar iştirakçılarına məlumat verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Nağdsız ödəniş üsullarının vergi daxilolmalarındakı artıma təsiri və iqtisadi səmərəliliyi” mövzusunda çıxış edib.
Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 2016-cı ilin 1 noyabr tarixinə muxtar respublika ərazisində 549 ədədi Naxçıvan şəhərində, 632 ədədi rayon və kənd mərkəzlərində olmaqla, 1181 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. 2014-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilir. Bu həvəsləndirici tədbirlər çərçivəsində ötən dövr ərzində nağdsız hesablaşma üsullarından (POS-terminal, bankomat və internet resurslarından) istifadə edərək ödəniş aparmaqda fəallıq göstərən 842 vətəndaşa 55 min manat dəyərində hədiyyə təqdim olunub.
Tədbirdə internet üzərindən ödənişlərin aparılması, POS-terminallardan istifadə qaydaları, nağdsız ödənişlərin istehlakçılara verdiyi təhlükəsizlik, rahatlıq və vaxt itkisinin minimuma endirilməsi məsələlərindən də ətraflı bəhs edilib.
Çıxışlarda vurğulanıb ki, belə tədbirlərin keçirilməsi muxtar respublika əhalisində POS-terminallardan istifadəyə olan marağı daha da artırır, nağdsız hesablaşmaların artırılmasına və alıcılıq mədəniyyətinin daha da yüksəldilməsinə təkan verir, əhalinin və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsində mühüm rol oynayır.
Sonra sorğu-anket vərəqələri paylanılıb və seminar iştirakçılarını maraqlandıran mövzularda müzakirələr olub.
Məlumat üçün bildirək ki, bu qəbildən tədbirlərin 2016-2017-ci tədris ili ərzində muxtar respublikada fəaliyyət göstərən 20-dən çox orta ixtisas və ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulub. İlk tədbir Naxçıvan Dövlət Texniki Kollecində keçirilib.
Xəbərlər şöbəsi