Muxtar respublikamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş tikinti-quruculuq işlərinin həcmi ildən-ilə genişlənir. Bu tədbirlər regionun bütün yaşayış məntəqələrini əhatə edir.
Cari ildə quruculuq tədbirlərindən Şərur rayonunun Çəmənli kəndinə də pay düşüb. Burada kompleks quruculuq tədbirləri həyata keçirilib. Belə tədbirlərdən biri kənddə təhsilin müasir standartlara uyğun şəkildə qurulması üçün inşa olunan tam orta məktəbin binasıdır. Təhsil ocağının tikintisində kəndin gələcək perspektivi nəzərə alınıb. Belə ki, yeni bina 360 şagird yerlikdir. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, idman zalı, bufet müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Çəmənlidə inşa edilən yeni kənd mərkəzi də sakinlərin böyük sevincinə səbəb olub. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı və digər yerli qurumların normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış bina ikimərtəbəlidir.
Yaşayış məntəqəsində tikintisi başa çatdırılmış yeni obyektlərdən biri də xidmət mərkəzidir. Burada ərzaq, sənaye və təsərrüfat malları mağazaları, ət satışı dükanı, bərbər və qadın gözəllik salonu fəaliyyət göstərəcək.
Yeni obyektlərin yerləşdikləri ərazidə abadlıq işləri görülüb, su və işıqlandırma sistemi quraşdırılıb.
İnşaatçılar təhvilə hazırladıqları binaların tikintisində keyfiyyət amilinə ciddi diqqət yetiriblər.
Xəbərlər şöbəsi