“Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsində keyfiyyətli məhsullar istehsal olunur
Nahar fasiləsinə çıxarkən jurnalist həmkarlarımdan biri, – zəhmət olmasa, beş dəqiqə gözlə, mağazadan çörək alım, Trabzon çörəyi, – deyib mağazaya tərəf getdi.
Qayıdanda – Naxçıvana Türkiyə çörəyi gətirilir? – deyə soruşdum.
Güldü:
–Yox, Türkiyə texnologiyası ilə Naxçıvanda fəaliyyət göstərən “Nilay”ın istehsal etdiyi Trabzon çörəyidir.
Əlindəki çörəyi göstərib, – keyfiyyətinə də söz ola bilməz. Dadından doymaq olmur. Artıq bir ilə yaxındır ki, bu çörəyin alıcısıyam. Sizə də məsləhət görürəm, – dedi.
– Mən neçə illərdir, zavod çörəyi alıram. “Bərəkət”in çörəyini. Özü də daşın üstündə bişirilən çörəyi. Dadına, tamına da söz ola bilməz.
Həmkarımız bizimlə razılaşdı. Seçim sizindir, – dedi. Elə bu vaxt istər-istəməz 3 çörəyi tapıb almaq üçün səhərdən axşamadək zavodun qarşısında yaranan uzun-uzadı növbələri, çörəklə imtahana çəkildiyimiz anları, insanların üzündəki nigarançılığı və sabaha ümidsizliyini xatırladım. Şükür, bu günümüzə.
Ertəsi gün Kəngərli rayonunun Xok kəndində fəaliyyət göstərən, bazarda çeşid bolluğu yaradan “Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsinə getdik. Güclü qar yağmasına baxmayaraq, yollar təmizlənmiş, hərəkətin intensivliyi təmin olunmuşdu. Naxçıvan-Sədərək magistral yolundan sağa dönüb kənddaxili asfalt yolun kənarı ilə yürüyən bir uşaqdan “Nilay” müəssisəsinin harada yerləşdiyini soruşduq.
– Çörək alacaqsınız, yoxsa şirniyyat?
– Xeyr.
Maşının şüşəsindən salona boylanan uşaq fotomüxbirin əlindəki aparatı görər-görməz:
– Bildim, kino çəkəcəksiniz.
Naəlac qalıb:
– Elə bir iş görəcəyik, – deyib uşaqla razılaşdıq.
– Yol kənarında deyil, ara məhəllələrdə yerləşir. Nabələdsiniz, tapmaqda çətinlik çəkəcəksiniz, müəssisəyədək sizə bələdçilik edim, – deyən uşaq maşına əyləşdi.
Təqribən, 150-200 metr yol gedib yüksəkliyə qalxdıq. Maşını saxlayıb ağ örpəyə bürünmüş Xok kəndinin simasına yeni çalarlar qatan quruculuq ərməğanlarının – müasirtipli məktəb binasının, kənd və xidmət mərkəzlərinin yaratdığı ecazkar mənzərəni seyr etdik.
– Mənim oxuduğum məktəbi də çəkin. Rusiyada yaşayan dayımın uşaqları görsün ki, mən necə məktəbdə təhsil alıram, – deyən uşaq üzümə baxdı. Fotomüxbir də uşağın xətri qalmasın deyə, obyektivi məktəbə tərəf tutdu:
– Bax bu da sənin məktəbin, çəkdim.
Uşaq hamımızı diqqətlə süzüb fotoaparatın ekranını özünə tərəf çevirdi:
– Baxım görüm, necə çəkdiniz?
– Zəmanə uşağıdır, – deyən fotomüxbir: – Bu kadr yaxşı alınmadı, məktəbin qarşısında dayan, çəkim, – deyib səhvini düzəltməyə çalışdı.
Uşaq maşından düşüb məktəbin qarşısında dayandı. Şəklini çəkdik. Sevincinin həddi-hüdudu yox idi.
İstər-istəməz öz yurd-yuvasından didərgin düşən günahsız insanların, uşaqların, körpələrin düşdüyü acınacaqlı vəziyyətlə bağlı xarici telekanalların yayımladığı süjeti xatırladım. Uşaqlarımızın üzündən əskik olmayan sevinci, əmin-amanlığı, sabitliyi bizə bəxş edənlərlə bir zamanda yaşamaqdan qürur duydum. Sonra da bizə mövzudankənar mövzu yaradan uşaqdan, – hansı tərəfə gedək, – deyə soruşdum.
– Düz gedib qabaqdan sağa dönəcəyik.
Təqribən, 10 dəqiqəlik yol getdik.
– Çatdıq. Bax o binadır. Mən gedə bilərəm?
– Sağ ol, minnətdarıq, – deyib balaca bələdçimizlə xudahafizləşdik və söz verdik ki, çəkdyimiz fotoşəkli mütləq ona göndərəcəyik.
Çörək ətri ətrafa yayılan, səliqə-sahmanı ilə gözoxşayan müəssisəyə yaxınlaşdıq. Ahəngdar iş prosesi hökm sürürdü. Nəzarətçidən müəssisənin rəhbərini soruşduq.
– Otağı ikinci mərtəbədədir, – deyib bizimlə birlikdə yuxarı qalxdı:
– Qonaqlarınız gəlib, jurnalistlərdir.
– Qonaq Allah qonağıdır, buyurun, keçin, – deyən sahibkar bizi otağa dəvət etdi.
Müəssisə ilə bağlı yazı hazırlayacağımızı öyrənən kimi:
– Əvvəlcə müəssisəni gəzək, – deyib ayrı-ayrı mərtəbələrdə fəaliyyət göstərən istehsal və xidmət sahələri ilə bizi tanış etdi. Əlimdəki dəftərçəmə tələm-tələsik yazdığım qeydlərə baxıb:
– Narahat olmayın, müəssisənin yaranmasından bu günədək nə lazımdırsa ətraflı məlumat verəcəyəm, – deyib bizi “Nilay”ın istehsal etdiyi, dizaynı ilə bir-birindən fərqlənən, dadlı, tamlı şirniyyatlarla bəzədilmiş çay süfrəsinə dəvət etdi:
– Buyurun, məhsullarımızdan dadın.
Sahibkar Rəşid Cəfərlinin dediklərindən:
– Dахili bаzаrı kеyfiyyətli unlu-qənnadı məmulatları ilə təmin еtmək məqsədilə kiçik bir sexdə fəaliyyətə başladıq. Açığını deyim ki, istehsal etdiyimiz məhsullara bu qədər tələbatın olacağını gözləmirdik. Uyğunlаşdırılmış binаdа fəаliyyət göstərən müəssisədə artan tələbatın ödənilməsi, yеni istеhsаl sаhələrinin yаrаdılmаsı və əlаvə işçi qüvvəsinin cəlb еdilməsi imkаnı məhdud оlduğundаn yеni binаnın tikilməsi zərurəti yаrаndı. Digər sаhibkаrlаr kimi, biz də dövlət qаyğısındаn bəhrələndik. 2013-cü ilin mаrt аyındа müəssisə üçün Kəngərli rayonunun Xok kəndində 500 kvadratmetr tоrpаq sаhəsi аyrıldı. Layihəyə uyğun olaraq, əraziyə elektrik, qaz və su xətləri çəkildi. İki mərtəbədən ibarət yeni binа inşa olundu, müasir istilik sistemi quruldu. Binanın birinci mərtəbəsində хаmmаl və hаzır məhsullаrın sахlаnılmаsı üçün аnbаr, lavaş və kürə çörək istehsalı sahəsi, satış bölməsi, ikinci mərtəbəsində isə şirniyyat istehsalı sahəsi, iаşə хidməti göstərilməsi üçün yеməkхаnа, digər yаrdımçı оtаqlаr, inzibati heyət üçün ayrı-ayrı iş otaqları yerləşir.
Müəssisədə müxtəlif çeşiddə yüksəkkeyfiyyətli məhsullar istehsal etmək məqsədilə Türkiyə və İran İslam Respublikasının bu sahə üzrə qabaqcıl təcrübəyə malik firmalarının istehsalı olan müasir tехnоlоji аvаdаnlıqlаr alınıb quraşdırılıb. 2014-cü ilin aprel ayında istifadəyə verilən müəssisədə istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə vaxtında və keyfiyyətlə çatdırılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb. Soyuducu kamera ilə təmin olunmuş “Mercedes”, “Fiat” və “Ford” markalı xüsusi avtomaşınlar alınıb. Həmçinin müəssisədə istehsal edilən məhsullara artan tələbatın ödənilməsi üçün Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan” Alış-Veriş Mərkəzində və “Gənclər şəhərciyi”ndə “Nilay”ın müasir avadanlıqlarla təchiz edilmiş filialı açılıb, müxtəlif çeşiddə çörək və Şərq şirniyyatları istehsalına başlanılıb. Eyni zamanda istehsal edilən məhsulların satışı üçün yeni firma mağazası istifadəyə verilib.
Dахili bаzаrın tələbatı öyrənilməklə istehlakçılara müxtəlif çeşidlərdə məhsullar təqdim edən müəssisədə lavaş, kürə çörəyi, Şərq, milli və Avropa şirniyyatları istehsalı sahələri fəaliyyət göstərir. Kürə (qara fırın) Türkiyədən alınıb gətirilib, odunla qızdırılır və odadavamlı kərpiclə istehsalçı şirkətin mütəxəssisləri tərəfindən hörülüb. Kürədə çörək dəmir üzərində deyil, daş üzərində bişirilir ki, bu da çörəyin keyfiyyətində mühüm rol oynayır. Fəaliyyətə başladığı ilk illərdə 2-3 çeşiddə məhsul istehsal edilən müəssisədə hazırda 60 çeşiddə məhsul istehsal olunur. Daxili bazarın tələbatından artıq istehsal edilən məhsulların ölkəmizin paytaxtı Bakı şəhərində və digər rеgiоnlаrdа sаtışа çıхаrılması planlaşdırılır.
İki-üç nəfərlə fəaliyyətə başlayan müəssisədə hazırda xidmət sahələri ilə birlikdə 20 nəfər çalışır. “Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsi 2014-cü ilin yekunlarına görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirliklərinin və Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqənin qalibi kimi diplom və plaketlə, bu il avqustun 30-da keçirilən “Naxçıvan çörəkləri” festivalında isə “Ən dadlı çörək” müsabiqəsi üzrə II dərəcəli diplomla təltif edilib.
Yüksəkkeyfiyyətli məhsul istehsalı üçün müasir texnoloji avadanlıqlarla təminat əsas şərtdirsə, bu avadanlıqları idarə edəcək, istehsal edilən məhsulun texnologiyasına dərindən yiyələnən mütəxəssislərin olması da vacib şərtlərdəndir. Odur ki, işçilərin ölkəmizin paytaxtı Bakı şəhərində və Türkiyə Respublikasında fəaliyyət göstərən bu sahə üzrə qabaqcıl təcrübəyə malik müəssisələrdə təcrübə keçmələri təmin olunub. Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal edən müəssisənin alıcı problemi yoxdur. Təkcə bir faktı qeyd edək ki, müəssisədə qara, ağ və kəpəkli çörək olmaqla, ümumilikdə, 24 çeşiddə çörək istehsal olunur. İnsan orqanizmi üçün vacib elementlərlə zəngin olan kəpəkli çörəyə tələbat daha çoxdur. İstehsal prosesinin təkmilləşdirilməsi, alıcı tələbatının öyrənilməsi və ödənilməsi də diqqət mərkəzində saxlanılıb. Yeni çeşiddə çörək istehsalı üçün Lerik rayonunda keramikadan hazırlanmış 2 ədəd daşınan təndir alınıb gətirilib. Bunun üçün müəssisədə ayrı-ayrı bölmələr yaradılıb. Daşınan təndirlərdən biri Naxçıvan şəhər “Gənclər şəhərciyi”ndə yenicə fəaliyyətə başlayan filialda qurulub və yeni çeşiddə çörək istehsalına başlanılıb. Digəri isə “Cahan” AVM-də qurulub. Yeni çeşiddə çörək istehsalı üçün məhsuldar toxum sortlarına üstünlük verilməklə ötən ilin payızında 11 hektar sahədə əkin keçirilib, sahələrdən bol məhsul götürülüb. Cari ildə də bu istiqamətdə işlər davam etdirilib, 15 hektar sahədə payızlıq taxıl əkilib. Taxıl zəmilərindən toplanılacaq məhsul bağlanmış müqaviləyə uyğun olaraq Culfa rayonunda fəaliyyət göstərən su dəyirmanlarında üyüdüləcək və bu undan istifadə ediləcək.
– Adətən, şəhərdə müəssisə qurub, ayrı-ayrı kəndlərdə filiallarını yaradan sahibkarlar haqqında çox eşitmişdik. Amma kənddə müəssisə qurub, şəhərdə filiallarını yaradan sahibkara rast gəlməmişdik. İlk rast gəldiyimiz “Nilay” Şirniyyat və Un Məmulatları İstehsalı Müəssisəsi oldu. Bir kənddə fəaliyyətə başlayıb, şəhərdə eyniadlı məhsullar istehsal edən müəssisələrlə rəqabət aparıb, geniş istehlakçı kütləsi toplamaq çətindir. Ancaq “Nilay” bunu bacarıb. Səbəbi nədir?
– İstehsal prosesinin daim təkmilləşdirilməsi, alıcı tələbatını ödəyəcək keyfiyyətli məhsul.
Biz də istehlakçıların tələbatını keyfiyyətli məhsullarla ödəməyi bacaran sahibkara işlərində uğurlar arzulayıb, “Şərq qapısı” qəzetinin səhifəsində görüşənədək, – deyib xudahafizləşdik.
Kərəm Həsənov