23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
İnşaat sektorunun inkişafı, bütövlükdə, ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biri hesab edilir. Əsası 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xətti istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində ölkə­mizdə digər sahələrlə yanaşı, tikinti-quruculuq işlərinin də geniş vüsət almasına səbəb olmuşdur. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi xeyli artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir.
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamları ilə qəbul edilən dövlət pro­qramlarının uğurlu icrası da iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da, nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir.

Ardını oxu...

Culfa rayonunun Dizə kəndində kompleks qurucu­luq işləri həyata keçirilir.
Burada tikilən tam orta məktəbin yeni binası 216 şagird yerlik və 3 mərtəbədən ibarət olacaq. Binada elektron lövhəli siniflər, kompüter otağı, laboratoriyalar, kitabxana, idman zalı şagirdlərin ixtiyarına veriləcək. Kənd məktəbinin müasir standartlara cavab verməyən köhnə binası isə sökülür. Kənddə sakinlərin rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sakinlər tərəfindən də böyük razılıqla qarşılanır.
Bu il kənddə 2 mərtəbəli kənd mərkəzi də inşa olunacaq. Həmçinin yeni xidmət mərkəzi də tikilərək sakinlərin ixtiyarına veriləcək.
Hazırda inşa olunacaq obyektlərin yerlərindəki köhnə tikililərdə söküntü işləri aparılır, yerlər hazırlanır. Kənddə həmçinin digər abadlıq işləri də aparılacaq, kənd və kənddaxili yollar yenilənərək asfaltlanacaq. Artıq kənddə 6 kilometr yolda texniki işlər aparılaraq yol yatağı genişləndirilib.

Xəbərlər şöbəsi

“Danyeri” istehsal və xidmət sahəsi

Son illər muxtar respublikamızda həyata keçirilən abadlıq-quruculuq tədbirləri qədimliyi saxlanılmaqla yeniləşən, müasirləşən Naxçıvan şəhərinin də simasını tanınmaz dərəcədə dəyişib, müasir memarlıq üslubu ilə gözoxşayan müxtəlif təyinatlı inzibati və sosial obyektlər, çoxmərtəbəli ictimai yaşayış binaları, park və xiyabanlar həyata vəsiqə alıb. Quruculuq ərməğanlarının yeni görkəm bəxş etdiyi ünvanlardan biri də görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adını daşıyan prospektdir. 

Burada tikilib istifadəyə verilən İlham Əliyev adına Olimpiya-İdman Kompleksi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Üzgüçülük Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Miqrasiya Xidməti, Naxçıvan Şəhər Məhkəməsi, Naxçıvan Şəhər Prokurorluğu, Naxçıvan Şəhər Vergilər İdarəsi, “Cahan” Ticarət Mərkəzi, “Gənclər şəhərciyi” son illərin quruculuq ərməğanları olmaqla, bu binalarda yerləşən ayrı-ayrı dövlət qurumlarının normal fəaliyyət göstərməsinə, əhalinin rahatlığına və onlara nümunəvi xidmət göstərilməsinə əlverişli şərait yaradıb. Prospektdə aparılan abadlıq-quruculuq tədbirləri cari ildə də davam etdirilir, bu ünvanda yaradılan ecazkar mənzərəyə yeni çalarlar qatılır.

Ardını oxu...

Yaşadığımız müasir dövrdə avtomobil nəqliyyatı insan həyatına sürət və komfort gətirib. Ancaq avtomobil nəqliyyatı həm də yüksək riskə malikdir. Çünki baş verən yol-nəqliyyat qəza halları zamanı yaranan maddi zərərlər çox ciddi problemlərə səbəb olur. Buna görə də avtonəqliyyat vasitələrinin icbari sığortası ilə verilən sığorta təminatı hər bir avtonəqliyyat vasitəsi sahibi üçün əhəmiyyətlidir.

 Şübhəsiz, hər kəs istəyir ki, yola çıxdığı zaman heç bir arzuedilməyən təsadüfi hadisə ilə rastlaşmasın. Ancaq müasir dövrdə avtomobillərin sayının artması qəza və digər arzu­edilməz halların da başvermə ehtimalını artırır, bəzən insanları çıxılmaz vəziyyətə salır. Bu baxımdan avtomobil nəqliyyatı vasitələrindən istifadə zamanı onların sahiblərinin mülki məsuliyyətinin sığortası mühüm əhəmiyyət kəsb edir. Çünki avtomobil sahibləri mülki məsuliyyətlərini sığorta etdirməklə qaçılması mümkün olmayan bədbəxt hadisələrin maddi zərərlərinin əvəz olunmasına nail olurlar. Belə maddi zərərlər isə həm avtomobil sahiblərinə, həm də digər – üçüncü şəxslərə dəyə bilər. Ölkəmizdə mövcud olan qanuna əsasən, belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası həyata keçirilir. 

Ardını oxu...

“Badamlı” suyuna artan tələbatı ödəmək üçün Şahbuz rayonunun Badamlı qəsəbəsində köhnə zavodun yerində daha bir zavodun inşasına başlanılıb.
Bu ilin avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulan zavod əvvəlkilərdən daha böyük və yüksək texniki imkanlara malik olacaq. Zavodun suyun mənbəyində qurulması məhsul istehsalının artmasına və onlarla qəsəbə sakini üçün yeni iş yerinin açılmasına zəmin yaradacaq.
Xatırladaq ki, 2009-cu ildən Naxçıvan şəhərində müasir Badamlı zavodu qurularaq istifadəyə verilib. Bu istehsal müəssisəsində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 12 çeşiddə mineral su istehsal olunur. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi yoxlanılır, ümumi analizləri aparılır, sonra keyfiyyətə zəmanət verilir. İstehsal prosesinin avtomatlaşdırıldığı müəssisədə standartlara uyğun, ekoloji cəhətdən təmiz, yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şahbuzda qurulan ikinci zavod isə istehsalın həcmini və çeşidini daha da artıracaq və muxtar respublikanın ixrac imkanlarını genişləndirəcək. Təsadüfi deyil ki, Naxçıvan bu gün ölkəmizin əsas mineral su ixracatçısı sayılır və “Badamlı” kimi “Sirab” mineral suyu da dünya bazarlarına çıxarılır.

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda ötən illərdə xeyli quruculuq işləri həyata keçirilib. Belə ki, yeni məktəb, səhiyyə, mədəniyyət, kənd və xidmət mərkəzləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar həmin ünvanlarda olan sosial problemləri aradan qaldırıb, rayon mərkəzi Şərur şəhəri və bölgənin kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti müasirlik libasına bürünüb. 

Belə tədbirlər ötən il və bu ilin ilk rübü ərzində də davam etdirilib. 2016-cı ildə Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün tədris və yataqxana korpusları, rayon mərkəzinin Heydər Əliyev prospektində hər biri 24 mənzilli olan 46 və 48 nömrəli yaşayış binaları, Arbatan kəndində 234, Oğlanqalada 576 şagird yerlik tam orta məktəb binaları, hər iki yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri, Mahmudkənddə, Aralıq və Aşağı Yaycıda futbol meydançaları, Yengicədə müharibə əlili üçün mənzil tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Xanlıqlar kəndindəki dini ziyarətgah bərpa edilib. 2017-ci ilin birinci rübü ərzində Çəmənlidə məktəb, kənd və xidmət mərkəzləri, Arpaçayda kənd və xidmət mərkəzləri, Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin binası, rayon Mərkəzi Xəstəxanasının binası təmir olunaraq və ya tikilərək istifadəyə verilib. Hazırda rayonun müxtəlif ünvanlarında kompleks quruculuq işləri davam etdirilir.
Belə tədbirlərdən Ərəbyengicə, Ələkli və Qarahəsənli kəndlərinə də pay düşüb. Bu yaşayış məntəqələrində kompleks quruculuq işlərinə başlanılıb.

Ardını oxu...

Hər bir ölkənin iqtisadiyyatının gücləndirilməsində, bunun məntiqi nəticəsi olaraq insanların maddi rifah halının yaxşılaşdırılmasında, onların həyat səviyyəsinin yüksəldilməsində əhalinin məşğulluğunun təmin edilməsi başlıca amillərdən biridir. Ona görə də son illərdə bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bunun ifadəsidir. Muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin uğurla icra edilməsi muxtar respublika sakinləri tərəfindən insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına qayğı kimi dəyərləndirilir. Ötən dövr ərzində işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqıödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində muxtar respublikada görülən işlər bir daha onu göstərir ki, blokada şəraitində də istənilən problemin həllinə nail olmaq mümkündür. İndi regionda əhalinin məşğulluğunun təmin edilməsində ən çevik yol olan əmək yarmarkalarından geniş istifadə edilir. Məşğulluq orqanları bu işdə mühüm rol oynayırlar. İşəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında iş­axtaranlara təqdim edilir.

Ardını oxu...

Sənaye iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən müəssisələrin məcmusunu təşkil edir və əsasən iki böyük – hasil və emal edən sahələri özündə birləşdirir. Ölkəmizin, eləcə də muxtar respublikamızın təbii şəraiti, xammal zənginliyi sənayenin müxtəlif istehsal formalarının inkişaf etdirilməsinə şərait yaradır.
Hələ XX əsrin ortalarından başlayaraq Naxçıvan Muxtar Respublikasının sənayesi Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutaraq intensiv inkişaf yoluna qədəm qoyub, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra yeni vüsət alıb. Ulu öndərin muxtar respublika iqtisadiyyatına göstərdiyi böyük qayğı nəticəsində 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulub, müxtəlif istehsal müəssisələri tikilib istifadəyə verilib. Ötən əsrin sonlarında SSRİ-nin dağıl­ması nəticəsində iqtisadi əlaqələrin pozulması və digər amillər muxtar respublikanın iqtisadiyyatına da təsirsiz ötüşməyib, digər sahələr kimi sənaye də ağır vəziyyətə düşüb. Yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılıb və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım olub.

Ardını oxu...

Aprelin 6-dan 8-dək Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF-2017” sərgisi keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, muxtar respublika sərgidə “Naxçıvan” stendi ilə təmsil olunacaq. Stenddə muxtar respublikaya dair təbliğat materialları, turizm marşrutlarını əks etdirən bukletlər, mehmanxanaların reklam materialları nümayiş etdiriləcək. Sərgidə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və mehmanxanaların nümayəndələri iştirak edəcək.
Sərgi turizm sektorunun, dövlət strukturlarının və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrini növbəti dəfə bir araya gətirəcək. Xəzəryanı regionun turizm sənayesinin əsas sərgisində mühüm görüşlərin keçirilməsi, əməkdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Ardını oxu...

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. Tərtib edilmiş qrafikə uyğun olaraq nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşı­sını almaq üçün kollektor və drenajlar lildən təmizlənir.
2017-ci ilin birinci rübündə 99 kilometr magistral kanal, 96 kilometr ara arxları, 8 kilometr kollektor lildən təmizlənmiş, 21 kilometr içməli su xətti təmir olunmuş, sututarlara 195 milyon kubmetrdən artıq su ehtiyatı yığılmışdır. Bundan başqa, yaşayış məntəqələrini və əkin sahələrini yaz aylarında sel sularının zərərli təsirindən qorumaq məqsədilə 8 kilometr məsafədə istiqamətləndirici bənd tikilmişdir.

Ardını oxu...

Kiçik sahibkarlığın inkişafı hər bir ölkənin iqtisadiyyatı üçün mühüm amillərdən sayılır. Çünki sahibkarlığın bu formasını inkişaf etdirmədən heç bir halda dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Kiçik sahibkarlıq subyektləri gündəlik tələbat məhsullarına olan ehtiyacların ödənilməsində böyük rola malik olmasına, eyni zamanda vergi ödəmələrinə görə büdcədə mühüm yer tutmasına görə seçilir.

Bundan əlavə, böyük sahibkarlıq subyektlərindən fərqli olaraq, kiçik sahibkarlıq subyektləri biznesdə ehtimal olunacaq böhranlara qarşı daha çox davamlıdır və bu cür vəziyyətlərdə daha tez toparlana bilirlər. Digər tərəfdən, biznesə başlayarkən sərmayə həcminin böyük olmaması, sahibkarın maliyyə işlərindən tutmuş reklam işləri və idarəetməyədək hər sahəyə birbaşa nəzarət etməsi, bunun da nəticəsində hərtərəfli təcrübə qazanması onu daha da maraqlı edir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində biznesin ən geniş yayılmış forması kiçik sahibkarlıqdır. Alman iqtisadi möcüzəsinin bel sütununu təşkil edən kiçik və orta sahibkarlıq subyektləri bu gün milyonlarla insanın iş yerinə çevrilib. Təcrübə də göstərir ki, kiçik biznesdə uğur qazanmağın başlıca səbəbi ölkədəki sabitlik, dövlətin bu sahənin inkişaf etdirilməsinə marağı və dəstəyidirsə, digər tərəfdən sahibkarların öz işlərinə sevgi ilə yanaşmasıdır. Məhz bu iki amil birləşdikdə sahibkarlar istehsal etdikləri məhsullara dəyər qazandırmağı bacarırlar.

Ardını oxu...

Sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi əhəmiyyətli rol oynayır. Bu sahədə həyata keçirilən mühüm tədbirlərdən biri də torpaqların plana alınması və xəritələşmə işlərinin aparılmasıdır.
Həmin tədbirlərin uğurla həyata keçirilməsinə məsul olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi üçün yeni binanın istifadəyə verilməsi, komitə əməkdaşlarına hərtərəfli iş şəraitinin yaradılması, müəssisəyə yeni avadanlıq və çöl-ölçmə cihazlarının alınması bu istiqamətdə görülən işlərin keyfiyyətinə mühüm təsir göstərib.
Komitədən aldığımız məlumata görə, İsveçrənin “Leica Geosystems” firmasının istehsal etdiyi ən yüksək keyfiyyətə malik olan elektron taxeometrlərin və GPS cihazlarının alınması planaalma və xəritələşmə işlərinin, elektron kadastr xəritələrinin yüksək dəqiqlik və keyfiyyətlə hazırlanmasına şərait yaradıb. Belə ki, GPS avadanlığı yer üzərində dəqiq geodeziya əlaqələndirmə və oriyentirləmə işlərinin aparılmasına köməklik edir və aparılan ölçmə işlərinin əmək məhsuldarlığını 10-15 dəfə artırır. Bu isə köhnə üsulla aparılan geodeziya işlərindən dəqiqlik və vaxt itkisi baxımından fərqlənir.

Ardını oxu...

Dağlıq və dağətəyi zonada yerləşən Culfa rayonu muxtar respublikanın aqrar islahatlar aparılan ilk bölgəsidir. Ötən illərdə aqrar islahatlar uğurla başa çatdırılıb, kənd adamları öz torpaqlarının əsl sahibinə çevriliblər. Belə ki, 6656 hektar torpaq sahəsi əhaliyə paylanılıb. Bundan başqa, culfalılar həm də 1635 hektar həyətyanı torpaq sahəsindən istifadə edirlər. Göstərilən dövlət qayğısı, bu sahədə qazanılan uğurlar rayonda aqrar sahənin inkişafına marağı daha da artırıb. Məlumat üçün bildirək ki, 92 min 630 hektar ərazisi olan Culfa rayonunda 1 şəhər, 22 kənd yaşayış məntəqəsi var. Bölgənin əhalisinin sayı 43 min nəfəri ötüb. Bunlardan böyük əksəriyyəti kəndlərdə yaşayır və torpaqlar onların daimi iş yeridir.

Muxtar respublikanın hər yerində olduğu kimi, ilk vaxtlar bu bölgədə də torpaqlardan səmərəli istifadə olunmasında bəzi çətinliklər yaşanıb. Tədricən hər şey yoluna qoyulub. Genişhəcmli meliorasiya tədbirləri aparılıb, onlarla nasos stansiyası və artezian quyusunda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilərək bu su mənbələri işlək vəziyyətə gətirilib. Bir faktı nəzərinizə çatdıraq. Son illərədək Culfa düzü boş səhranı xatırladırdı. Bu ərazidəki torpaqlar əhaliyə paylanılsa da, su olmaması səbəbindən əkilməmiş qalırdı. Araz çayından buraya nasoslar vasitəsilə su qaldırılması artıq bu ərazini gülüstana çevirib. Torpaq mülkiyyətçiləri burada əkinçiliyin müxtəlif sahələrini inkişaf etdirirlər. Yüz hektarlarla sahə məhz meliorativ tədbirlər hesabına əkin dövriyyəsinə qatılıb. Əkin sahələrinin suvarılmasında Gilançaydan, Heydər Əliyev Su Anbarından, Bənəniyar gölündən götürülən su, həmçinin 30 subartezian və 8 nasos stansiyası vasitəsilə əkinlərin suvarılması həyata keçirilir.

Ardını oxu...

Muxtar respublikanın xarici iqtisadi əlaqələri genişləndikcə burada turizm sektoru da sürətli inkişaf edir. Bu, istirahəti üçün diyarımızı seçən turistlərin sayının artmasında da özünü göstərir. Müşahidələrimizə əsasən deyə bilərik ki, mart ayının əvvəllərindən etibarən əcnəbi turistlərin Naxçıvana axını daha da artıb. Bunu Novruz bayramı ilə əlaqələndirmək də olar. Ancaq bu gün Novruz bayramı artıq geridə qalıb və buna baxmayaraq, muxtar respublikaya turist axını hələ də davam edir. Bütün bunlar Naxçıvanda turizmin inkişafı istiqamətində uzun illərdən bəri həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində mümkün olub. 

Bu işlər isə sistemli şəkildə aparılıb. Əvvəlcə muxtar respublikada turizm infrastrukturu tamamilə yenilənib, müasirləşdirilib. Daha sonra turistlərin rahat səyahəti üçün lazımi şərait yaradılıb və bu, turizmin inkişafına əsaslı təsir göstərib. Ötən ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görülmüş işlər də həmin sahənin inkişafında mühüm rol oynayıb. Çünki turizm elə bir həssas sahədir ki, burada hər bir kəsin öz işi ilə, həm də yüksək məsuliyyətlə məşğul olması son məqsədə çatmağı şərtləndirən əsas amillərdəndir. Bütün dünyada olduğu kimi, bizim də turizmin inkişaf etdirilməsində əsas məqsədimiz ölkəmizi tanıtmaq və turistlərə göstərilən xidmətlər hesabına əlavə valyuta gəlirləri əldə etməkdir.
Əminliklə demək olar ki, Naxçıvana səyahət edən turistlərin bəxti gətirib. Çünki qədim diyara gələn turistlərin səfər xatirələrində ancaq gözəl tarixi abidələr və müasir tikililərlə bəzədilmiş şəhər, həssas qonaqpərvərlik, dəqiq xidmətin yaratdığı təəssüratlar qalır. Bu il bir həftədən çox müddətdə Naxçıvanqalada keçirilən Novruz şənliklərinə tamaşa edərək əylənən turistlər üçün bu təəssüratlar daha da yaddaqalan oldu. Naxçıvan şəhərində rastlaşdığımız turistlərin məmnunluğu və turizm xidmət müəssisələrinin nümayəndələri ilə aparılan söhbətlərdən də bu qənaətə gəldik. Və bir daha əmin olduq ki, Naxçıvana bir dəfə gələn turistin bir daha buraya gəlmək arzusunun yaranması üçün çox işlər görülüb. Turistlərə bələdçi xidmətlərinin yüksək səviyyədə təşkil olunması, milli musiqilərimizlə müşayiət olunan canlı konsertlər, müxtəlif çeşiddə milli yeməklərin təklifi, əl işləri sərgiləri, alış-veriş və əyləncə tədbirləri naxçıvanlılar kimi turistlərin də asudə vaxtının mənalı keçməsinə imkan yaradıb.
Naxçıvana gəlmiş turistlərin maraqları, eləcə də onlara göstərilən xidmətlər barəsində muxtar respublikamızın iri otellərindən biri olan 5 ulduzlu “Təbriz” mehmanxanasında da bu günlər çox qələbəlikdir. Mehmanxana foyesindəki turistlərin çoxluğundan buradakı nömrələrin hamısının tutulduğunu anlamaq çətin deyildi. Elə mehmanxana müdiriyyəti də bu fikrimizi təsdiqləyərək dedi ki, bu gün Naxçıvan şəhərindəki başqa otellərdə olduğu kimi, burada da boş yer yoxdur. Bu isə, əslində, mehmanxananın işini canlandıran əsas amildir. Xidməti heyət çalışır ki, qəbul etdiyi turistlərə qüsursuz xidmətlər göstərsin. Turistlər isə buradakı zərf xidmətləri maraqla qarşılayırlar. Turist qatarı ilə keçirilən şəhər turu ilə yanaşı, Əshabi-Kəhf ziyarətgahına, Naxçıvanqalaya, Duzdağa, Möminə xatın məqbərəsinə, Batabata və digər görməli yerlərə böyük maraq vardır. Turistlərin istifadə etdikləri taksi xidmətlərinə də nəzarət olunur. Yalnız turistlərin tələbatlarına uyğun xidmət göstərə bilən nümunəvi taksi sürücülərinin xidmətindən istifadə edilir. Bu da xidmət sahəsində peşəkarlığın daha da artırılmasına və turistlərin rahat səyahətinə imkan yaradır.
Bəli, verilmiş tapşırıqlar, görülən işlər artıq öz bəhrəsini verməkdədir. Görürük ki, turizm, həqiqətən, ümumi inkişafın nəticəsi olmaqla yanaşı, həm də onun aparıcı amillərindən biri ola bilər. Naxçıvanın çox dəyərli tarixi abidələri, zəngin mədəniyyəti, unikal milli mətbəxi və buradakı qonaqpərvərlik peşəkar xidmətlə birləşdikcə turistlərin də diyarımıza olan marağı hər keçən gün artacaqdır. Yurdumuza gələn hər bir səyahətçi isə həm də diyarımızın könüllü tanıtım elçisinə çevrilir.

Əli Cabbarov

Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində həyata vəsiqə alan, müasir memarlıq üslubu ilə gözoxşayan, bir-birindən yaraşıqlı, müxtəlif təyinatlı binalar yerləşdiyi əraziyə yeni görkəm bəxş etməklə bərabər, ayrı-ayrı yaşayış məntəqələrində əhalinin rahatlığına xidmət edir, yüksəkkeyfiyyətli tədris prosesinin formalaşdırılmasına əlverişli şərait yaradır. Bu istiqamətdə işlər davam etdirilir, quruculuq ərməğanlarının coğrafiyası ildən-ilə genişləndirilir.
Yeni quruculuq ünvanlarından biri də Naxçıvan şəhərinin Qaraxanbəyli kəndidir. Kənddə müasirtipli layihəyə uyğun olaraq üçmərtəbəli məktəb binası, kənd və xidmət mərkəzləri tikilib istifadəyə veriləcək.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün obyektə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunub. Hazırda torpaq işləri aparılır, yeraltı kommunikasiya xətlərinin çəkilişinə hazırlıq görülür.

Ardını oxu...

Naxçıvanın müasirliyini və inkişafını özündə əks etdirən
yaşayış məntəqəsidir

Qıvraq qəsəbəsi muxtar respublikamızdakı mövcud beş qəsəbədən biridir. Qəsəbə statusunu Kəngərli rayonu yaradıldıqdan sonra alıb. Uzun illər Qıvraq kənd kimi tanınıb, həm də digər kəndlərdən fərqli olaraq bura yolu düşənlərin sayı çox olub. Bunun da səbəbi odur ki, hələ Sovetlər Birliyi dövründən kənddə böyük bir hərbi hissə yerləşir. Bu hərbi hissədə keçmiş SSRİ-nin müxtəlif regionlarından, eləcə də Azərbaycanın bəzi bölgələrindən xidmət edənlər çox olub. Buna görə də Qıvraq kəndinin adı ölkəmizin hüdudlarından kənarda da tanınıb. Ancaq kənd həmin dövrlərdə muxtar respublikanın digər kəndlərindən fərqlənməyib, toz-torpaqlı küçələr, nahamar yollar, baxımsız qalmış ərazilər Qıvrağın simasını “bəzəyib”. Yeganə fərq bu kənddə hərbçilərə məxsus bir neçə bina olub. 

Ardını oxu...

Muxtar respublikada 2017-ci ilin yanvar-fevral aylarında 332 milyon 643 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 740 manata çatmışdır.

*   *  *

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 164 milyon 647 min 700 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələmişdir.

*   *   *

İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-fevral aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 96 milyon 652 min 600 manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 88 milyon 988 min 400 manatı və ya 92,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

Bina özünün müasir memarlıq quruluşu ilə seçilir. Zirzəmi ilə birgə 8 mərtəbəli yaşayış binasında 6 mənzil olacaq. Mənzillərin hər biri binanın 1 mərtəbəsini əhatə edəcək. Hər bir mənzilin sahəsi  220 kvadratmetrdir.

Birinci mərtəbə isə bütövlükdə xidmət sahəsi üçün ayrılıb. Artıq elektrik, su və rabitə xətləri çəkilib, dam örtüyü vurulub. Müasir layihə ilə tikilən binanın fasadı  Naxçıvanda istehsal edilən təbii üzlük daşlarla üzlənib. Hazırda  binada lift sistemi qurulur, ərazidə abadlıq işləri aparılır. 

Yaşayış binasının tikintisi  Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən həyata  keçirilir.

Bu sahənin genişləndirilməsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə,
ekoloji tarazlığın qorunmasına öz töhfəsini verəcək

Bu il Naxçıvanda qış fəsli çox sərt keçdi. Şaxtalı hava şəraiti insanları sınağa çəkməyə çalışdı. Ancaq artıq ötən əsrin 90-cı illərinin əvvəlləri deyildi və naxçıvanlılar ən sərt qışdan belə, qorxmurdular. Vaxtında görülmüş qışa hazırlıq tədbirləri nəticəsində bəzi yerlərə bir metrə yaxın qar yağsa da, şaxta 20 dərəcəyə çatsa da, əhali heç bir problemlə qarşılaşmadı. Havalar getdikcə isinir, yazın ilıq nəfəsi duyulur. Xalqımız bir neçə gündən sonra Novruz bayramını qeyd edəcək. Bahar fəslinin müjdəçisi olan Novruz bayramından sonra təsərrüfat işləri genişləndirilir, yaz əkinlərinə başlanılır.

Bu il Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçiriləcəkdir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri bu sahənin inkişafı ilə əlaqədar aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyub. 2017-ci ildə əkilməyən boş torpaq sahələri əkin dövriyyəsinə cəlb olunacaq, şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün tədbirlər görüləcək, müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi davam etdiriləcək, heyvandar­lığın inkişafına, torpaqlardan düzgün və təyinatı üzrə istifadəyə diqqət artırılacaqdır. Meyvəçilik, arıçılıq kimi tarixi ənənələrə malik sahələrdə istehsal həcminin artırılması üçün tətbiq olunmuş və özünü doğrultmuş mütərəqqi üsullardan istifadəyə nail olunması da qarşıya qoyulan vəzifələr sırasındadır. Qeyd edək ki, arıçılıq bu il daha çox diqqət yetirilən sahələrdən biri olacaqdır. Ona görə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Pro­qramın “Giriş” hissəsində də qeyd olunduğu kimi, arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.

Ardını oxu...

2011-ci ildən vafli istehsalı ilə fəaliyyətə başlayan “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində 2013-cü ildə peçenye istehsalı sahəsi yaradılıb. Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаl еhtiyаtı, əsаsən, daxili imkanlar hesabına ödənilir.
Sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə fəаliyyət göstərən istehsal sahələrində Türkiyə firmalarının istеhsаlı olan müasir texnoloji avadanlıqlar qurаşdırılıb. Bаzаr iqtisаdiyyаtının tələblərinə uyğun yüksəkkеyfiyyətli məhsul istеhsаlı ilə yаnаşı, məhsulun quruluşunun, dizаynının yüksək səviyyədə оlmаsı və еkоlоji cəhətdən təmiz şərаitdə qаblаşdırılmаsı dа diqqət mərkəzində sахlаnılır. Gündəlik istehsal gücü 2,4 ton olan müəssisədə vanilli, çiyələkli, bananlı, kakaolu, südlü tərkibdə, “Tıq-tıq xanım”, “Şokolay” adları ilə şokoladlı olmaqla, 25 çeşiddə vafli, “Naxçıvan”, “Məktəbli”, “Çay vaxtı”, “Möminə xatın”, “Yubiley” və sair adlarda olmaqla, 16 çeşiddə istеhsаl edilən peçenye və biskvit 35 qramdan 5 kiloqramadək nəfis tərtibatla bəzədilmiş tаrаlаrdа qаblаşdırılır. Hazır məhsulun üzərində istehsal tarixi, saxlanma şəraiti və istifadə müddəti göstərilir ki, bu da qida məhsulları istehsalında mühüm amildir. Hazır məhsullar Nахçıvаn Muхtаr Rеspublikаsı Stаndаrtlаşdırmа, Mеtrоlоgiyа və Pаtеnt üzrə Dövlət Kоmitəsi tərəfindən qеydiyyаtа аlınmış “Nati” əmtəə nişаnı ilə müəssisənin bаlаnsındа оlаn mаşınlаrlа Nахçıvаn şəhərində və аyrı-аyrı yаşаyış məntəqələrində fəаliyyət göstərən ticаrət оbyеktlərinə paylаnılır.

Ardını oxu...

Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram münasibətilə
təşkil edilmiş yarmarkadan reportaj

Neçə gündür ki, bayram ab-havası ilə yaşayan, Novruz ovqatlı  muxtar respublika sakinlərinin sevincini başa düşmək çətin deyil. Ona görə ki, Novruz xalqımızın kökü yüz illərə söykənən ən əziz bayramıdır. Hamı bu əziz və müqəddəs bayramı könül açıqlığı, süfrə bolluğu ilə qarşılamağa çalışır və bunun üçün də heç bir çətinlik yoxdur. 

Bir vaxtlar məlum səbəblər ucbatından yaşadığımız çətinliklər artıq arxada qalıb. Xüsusilə də bayramlar ərəfəsində keçirdiyimiz daxili narahatçılıqlara son qoyulub. Bu gün dükan-bazarlarımızda bolluqdur. Necə deyərlər, istəsək quş südü, can dərmanı tapar, istənilən məhsullarla süfrəmizi bəzəyə bilərik. Buna həm maddi imkanlarımız var, həm də təminat baxımından dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinin belə, mağazalarına daxil olub, bayram üçün istədiyin məhsulları ala bilərsən. Kənd adamlarının hələ ötən payızda bayram üçün yaratdığı ehtiyat məhsullar da öz yerində. Bununla belə, artıq ənənə halını almış bayram yarmarkalarının təşkili də Novruzu təmtəraqla, istədiyimiz şəkildə keçirməyə imkan yaradıb. Hər il olduğu kimi, bu il də Naxçıvan şəhərindəki Mərkəzi bazar öz qapılarını əhalinin üzünə açıb.

Ardını oxu...

Dövlət Miqrasiya Xidmətində muxtar respublikamızda fəaliyyət göstərən mehmanxana nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Aysel Əliyeva “Dövlət Miqrasiya Xidməti muxtar respublika ərazisində turizmin inkişafına öz töhfəsini verməyə çalışır” mövzusunda çıxış edib. Qeyd olunub ki, bu gün muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Eyni zamanda muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla xidmət arasında yaradılmış “Elektron hökumət portalı” üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkə­yə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rolu vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında dəmir yolundan istifadə sahəsində ardıcıl tədbirlər görülür. Dəmir yolu infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlərin nəticəsidir ki, fevral ayında Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük-sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuşdur. Bu dövrdə Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 2160 ton müxtəlif təyinatlı yük və 11 min 113 sərnişin daşınmışdır.
Culfa Lokomotiv Deposunda lokomotivlər 4 dəfə texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda hesabat ayında 1 sərnişin vaqonu cari təmir edilmişdir. Defektoskop briqadası tərəfindən 192 kilometr baş yol, 39 kilometr stansiya yolları və 78 dəst yoldəyişən qurğu yoxlanılmışdır.

Ardını oxu...

Muxtar respublikada reallaşdırılan və uzunmüddətli dövrə hesablanmış sosial-iqtisadi siyasətin əsas hədəflərindən biri qida təhlükəsizliyinin təmin olunmasıdır. İqtisadi təhlillər, faktlar və açıq müşahidələr göstərir ki, həyata keçirilən islahatların səmərəli nəticəsi kimi qida təhlükəsizliyinin kompleks və çoxcəhətli təşviqi, ixracyönümlü və daxili bazarda idxalı əvəzləyən strateji ərzaq məhsullarının xüsusi çəkisinin artırılması istiqamətində ciddi uğurlar əldə edilib.

Qida istehsalı üzrə ixtisaslaşmış təsərrüfat subyektlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, bu sahədə texniki, innovasiya, logistika və marketinq dəstəyinin ardıcıl olaraq gücləndirilməsi, güzəştli kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, orqanik məhsul istehsalının səmərəli təşviqi fonunda geni modifikasiya olunmuş məhsullardan istifadənin məhdudlaşdırılması, qida əlavələrindən, pestisidlərdən və emulqatorlardan istifadənin ciddi dövlət nəzarəti ilə əhatə olunması, son nəticədə, geniş ictimai rəydə xüsusi rəğbətə malik, ekoloji təmiz, insan sağlamlığı üçün faydalı və yüksəkkeyfiyyətli Naxçıvan məhsullarına özünəməxsus imic qazandırıb. Lakin bir sıra hallarda Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlirik ki, bu da ciddi təəssüf doğurmaqla istehlakçıların yanıldılmasına səbəb olur.

Ardını oxu...

Bu gün muxtar respublikada rahat və geniş yollar çəkilir, müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli binalar inşa olunur.
Son günlər muxtar respublikamızda havaların isinməsi tikinti sektorunda işlərin canlanmasına səbəb olub. Belə ki, hazırda Akademik Həsən Əliyev küçəsində 4 mərtəbəli yaşayış binasında əsaslı yenidənqurma işlərinə başlanılıb. İlkin mərhələdə yaşayış binasına sakinlər tərəfindən sonradan artırılmış balkonlar sökülür. Sonrakı mərhələdə isə binanın eni 3 metr artırılacaq, daxildə təmir işləri aparılacaq, kommunikasiya xətləri yenilənəcək, dam örtüyü yenisi ilə əvəz olunacaqdır. Yaşayış binasının əsaslı şəkildə yenidən qurulması mənzillərin sahəsinin genişlənməsinə səbəb olacaq, burada yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdıracaq.

Ardını oxu...

İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Ötən müddətdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra normativ-hüquqi aktlar da qəbul edilmiş, qanunvericilik bazası möhkəmləndirilmişdir. Hazırda ölkə­mizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün Azərbaycanda daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.

Ardını oxu...

Naxçıvanda avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirilir, marşruta buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkəti və texniki sazlığı diqqətdə saxlanılır.
Muxtar respublikada avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınması, marşrut qrafikinə nəzarət olunması məqsədilə yeni nəsil texnologiyalarından istifadə edilməsinə başlanılmışdır. Belə ki, Naxtel-4G GPS monitorinq izləmə sistemi hazırda Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobuslarda quraşdırılmışdır. Naxçıvan şəhərdaxili marşrutunda işləyən avtobuslara və taksilərə isə GPS-lərin quraşdırılması işi davam etdirilir. Ümumilikdə, bu günə qədər 34 avtonəqliyyat vasitəsində bu sistem quraşdırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi yaz suvarma mövsümünə hazırlaşır. Fevral ayında sututarlarına suvarma suyunun yığılması davam etdirilmiş, nasos stansiyalarında, kanallarda, hidrotexniki qurğularda təmir işləri aparılmışdır. 

Əkin sahələrində su itkisinin qarşısını almaq, suvarılan ərazilərin şoranlaşmasına yol verməmək üçün açıq və qapalı drenajlarda, kollektorlarda, kanal və arxlarda mütəmadi olaraq lildən təmizlənmə işləri görülür. Ötən ay 19 kilometr magistral kanal, 36 kilometr ara arxları və 2 kilometr kollektor lildən təmizlənmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq məqsədilə, ümumilikdə, fevral ayında 2 kilometrdən artıq məsafədə istiqamətləndirici bənd tikilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 33 subartezian quyusunda isə əsaslı təmir işi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

Şərur rayonunun Xanlıqlar kəndində keçirilən səyyari müşavirədə yaz-tarla işlərinə hazırlığın vəziyyəti, şoranlaşmış və çəmənləşmiş torpaqların keyfiyyətinin yaxşılaşdırılaraq əkin dövriyyəsinə daxil edilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Müşavirədə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müzakirə olunan məsələ ilə əlaqədar məruzəsi və məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Şərur Rayon İdarəsinin rəisi Vəfadar Hüseynovun, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəmməd Cəlilovun və bir sıra bələdiyyə sədrlərinin çıxışları olub.
Bildirilib ki, Şərur rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun 2016-cı ilin sosial-iqtisadi inkişafının təhlili göstərir ki, kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığa nail olunub, 25 min 675 ton dənli və dənli-paxlalılar, 6 min 936 ton qarğıdalı, 83 ton günəbaxan, 11 min 142 ton kartof, 4 min 300 ton soğan olmaqla, 28 min 791 ton tərəvəz, 6515,5 ton bostan, 20 min 498,4 ton meyvə, 1468 ton üzüm istehsal edilib. İl ərzində, ümumilikdə, 134 milyon 330 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur.

Ardını oxu...

Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır.  Torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının daha da möhkəmləndirilməsi məqsədilə torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir. 

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublikada sərnişin­daşımada mühüm paya malikdir. Hava limanında aparılan quruculuq işləri sərnişin dövriyyəsinin artmasına və xidmətin səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur.

Fevral ayında yerli hava xətti ilə 14 min 63 sərnişin, 194 min 253 kiloqram baqaj, 29 min 886 kiloqram yük və 2706 kiloqram poçt daşınmışdır. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 154 sərnişin, 1363 kiloqram baqaj, Naxçıvan-İstanbul reysilə 215 sərnişin və 1847 kiloqram baqaj daşınmışdır.

Ardını oxu...

Bu ilin yaz mövsümündə muxtar respublikada 200 hektardan çox ərazidə yaşıllaşdırma tədbirləri aparılacaq.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, muxtar respublikada kənd təsərrüfatına yararsız ərazilərin seçilməsinə və həmin ərazilərdə yaşıllıqların, meyvə bağlarının salınmasına xüsusi diqqət yetiriləcək. Bu məqsədlə Kəngərli rayonunda salınmış püstə bağının 20 hektar genişləndirilməsi və yeni meyvə bağının salınması nəzərdə tutulub.
Bu tədbirlər Naxçıvan-Şahbuz avtomobil yolunun, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında davam etdiriləcək.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Ting­liyi Müəssisəsinin tingçilik sahələrində yaz mövsümünə hazırlıq işləri görülür. 2016-cı ilin yazında tingçilik sahəsində 4 min 500-dən artıq üzüm qələmi əkilib. Bu ilin yaz mövsümündə isə 40 mindən çox üzüm qələminin əkilməsi planlaşdırılır. Yeni üzüm qələmlərinin əkilməsi üçün ərazilər hazır vəziyyətə gətirilir. Ərazinin digər sahələrində 40 mindən artıq iydə qələmlərinin əkilməsi də nəzərdə tutulub.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılır. Fevral ayında da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir.
Muxtar respublikada yaşayış məntəqələrinə fiber-optik kabel xəttinin çəkilməsi və sürətli internetə çıxış imkanının yaradılması sahəsində görülən işlər davam etdirilir. Fevral ayı ərzində muxtar respublikada, ümumilikdə, 770 metr fiber-optik kabel xəttinin tikintisi həyata keçirilmiş, Genişzolaqlı Asinxron Rəqəmli Abunəçi xətti texnologiyası vasitəsilə 454 yeni abunəçi internetlə təmin olunmuşdur.

Ardını oxu...

Yaradılan şərait insanların yurda, torpağa bağlılıq hisslərini daha da gücləndirib

Babək rayonunun müasirliyə qovuşmuş kənd­lərindən biri də Zeynəddindir. Muxtar respublikamızın qədim yaşayış məntəqələrindən olan Zeynəddinin tarixini göstərən faktlardan biri ərazisində eradan əvvəl V-III minilliklərə aid “Dəyirman yeri” arxeoloji abidəsinin tapılmasıdır.

AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında Zeynəddin barədə yazılır ki, 1727-1728-ci illərdə qeydə alınan bu kəndin tarixi daha qədimlərə gedib çıxır. Zeynəddin antroponim addır. Kəndin əsası həmin şəxs tərəfindən qoyulub. K.N.Smirnov isə belə hesab edir ki, kənd burada yaşayan hər hansı sufinin adı ilə əlaqədardır.
Bu gün kənd qədimliyi ilə yanaşı, müasir görünüşü ilə də gələn qonaqların diqqətini cəlb edir. Son illərdə muxtar respublikada aparılan abadlıq-quruculuq işlərindən bu kəndə də xeyli pay düşüb. Müasir tələblərə cavab verən kənd mərkəzi, həkim ambulatoriyası, orta məktəb və musiqi məktəbi binalarının tikilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir. Kənddaxili yollar genişləndirilib, asfalt örtük salınıb. Kənd camaatının içməli suya olan tələbatını tam ödəmək üçün artezian quyuları qazılıb. Elektrik enerjisinin verilməsində yaranan problemlərin aradan qaldırılması üçün yeni transformatorlar quraşdırılıb. Köhnə elektrik dirəkləri yeniləri ilə əvəz olunub.

Ardını oxu...

Nümunəvi ailə təsərrüfatları qurub, daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin edən və təbii ki, əldə etdiyi gəlirlə təsərrüfatını ildən-ilə genişləndirən, ailə büdcəsini daha da möhkəmləndirən təsərrüfatların sayı bu gün yüzlərlədir. Onlardan biri – Culfa rayonunun Ləkətağ kəndində yaşayan Alıyar Quliyevlə elə onun yaşadığı ünvanda görüşüb, yaratdığı təsərrüfatla tanış olduq. 

Alıyar Quliyevlə söhbətimizdə dedi ki, təsərrüfatçılığa həmişə maraq göstərmişəm. İllər keçdikcə, gəlirim artır, bu sahəyə daha ürəkdən bağlanırdım. Məhsulları – əti, yağı, südü, pendiri, qatığı, qaymağı bazara çıxarıb satır, əldə etdiyim gəlirlə özümüzə yaxşı gün-güzəran qururdum. Bir müddət sonra təsərrüfatımı genişləndirdim. Heyvandarlıqla məşğul olan sahibkarlar yaxşı bilirlər. Vaxtında kifayət qədər yem tədarük etməsən nə təsərrüfatı saxlaya, nə də gəlir götürə bilərsən. Həyətyanı torpaq sahəsində, təbii biçənəklərdə texnika ilə biçin aparmaq mümkün olmadığından kərənti ilə ot biçib, yem tədarük edirdik. Bu da, təbii ki, çox çətin və vaxt aparan bir iş idi. 2010-cu ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən 40 faiz güzəştlə əl üçün otbiçən aldıq. Artıq dağ yamaclarındakı biçənəklərimizi belə, rahatlıqla biçirik. Bizim üçün bundan yaxşı nə ola bilər?

Ardını oxu...

Son dövrlər muxtar respublikada əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, səmərəli məşğulluq təmin edilmişdir.
Əhalinin özünüməşğulluğunun təmin edilməsində mühüm yer tutan arıçılığın inkişafı üzrə də genişmiqyaslı tədbirlər, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilmiş, sahibkarlar pulsuz dərman preparatları ilə təmin edilmişdir. Təkcə 2016-cı ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə, son beş il ərzində 2 milyon 341 min 600 manat həcmində kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar yaratmışdır.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrin sahibkarları üçün ixracda təşviqlərin verilməsi, “Made in Azerbaijan” brendinin mahiyyəti və onun tətbiqi mexanizmləri barədə seminar təşkil olunub.
Seminar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilib. Seminarda fondun vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1 mart 2016-cı il tarixli “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, ölkə rəhbərinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilən “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” sahibkarların xaricə mal ixracını asanlaşdırmaqla yanaşı, onlara dövlət tərəfindən hərtərəfli təminat yaradıb.

Ardını oxu...

 Naxçıvan şəhərindəki Mərkəzi bazardan reportaj

Muxtar respublikamız sosial-iqtisadi inkişafının yeni mərhələsindədir. Bu inkişafda başlıca amillərdən biri sahibkarlara yaradılan şərait, onlara göstərilən dəstək və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsidir. Artıq naxçıvanlı sahibkarların öz məhsullarını bir neçə ildir ki, xarici bazarlara çıxarmaları təmin edilib. Qarşılıqlı olaraq xarici ölkələrdən də muxtar respublikaya müxtəlif emal və istehsal məhsullarının gətirilməsi diqqətdə saxlanılıb. Naxçıvan şəhərindəki Mərkəzi bazarda İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının təşkil edilməsi də  bunun nəticəsidir. 

Məlumat üçün bildirək ki, Qərbi Azərbaycan Vilayəti İran İslam Respublikasının inkişaf etmiş böyük bölgələrindən biridir. Vilayətin mərkəzi qədim yaşayış məntəqələrindən biri olan Urmiya şəhəridir.
Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında mövcud olan bir sıra sahələr üzrə əlaqələr sırasında ticarət əlaqələri xüsusi yer tutur. 2011-ci ilin payızında Urmiya şəhərində 5 gün müddətində Naxçıvan Muxtar Respublikasının ilk ticarət və sənaye sərgisi təşkil edilib. Qərbi Azərbaycan Vilayətinin isə muxtar respublikada ilk ticarət və sənaye sərgisi 2015-ci ilin 14-17 avqust tarixlərində keçirilib.

Ardını oxu...

Son illər dövlətimiz tərəfindən aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Minimum əməkhaqqının, pensiya və müavinətlərin artırılması, eyni zamanda ünvanlı dövlət sosial yardım mexanizminin tətbiqi nəticəsində ailələrin həyat səviyyəsinin yüksəldilməsinə nail olunub. Bununla yanaşı, muxtar respublika iqtisadiyyatının davamlı inkişafı ailələrin sosial problemlərinin həll olunması üçün geniş imkanlar açıb.
Aztəminatlı ailələrlə görüşlərin keçirilməsi də həmin ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Babək rayonunun Hacıvar kəndində yaşayan aztəminatlı Urmiyevlər və Sirab kəndində yaşayan aztəminatlı Rəhimovlar ailəsinə baş çəkilib. Qeyd olunan təşkilatların əməkdaşları ailələrin yaşayış şəraiti ilə maraqlanıb, ailə üzvlərini tibbi müayinədən keçirib, onlara ərzaq payı və geyim dəstləri veriblər.

Ardını oxu...

Elektrik enerjisi cəmiyyətin, hər hansı bir ölkənin tərəqqisində, sosial-iqtisadi inkişafında mühərrik rolunu oynayan mühüm amildir. Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir,  müasir elektrik stansiyaları yaradılır, maddi-texniki baza gücləndirilir. Bu istiqamətdə 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir.

Ardını oxu...

Martın 7-dən başlayaraq İran İslam Respublikasının Urmiya şəhərində beynəlxalq sərgi keçirilir. Sərgidə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və naxçıvanlı iş adamları iştirak ediblər.
Qida sənayesindən tutmuş əl işlərinədək Naxçıvanda istehsal edilən məhsullar 6 gün ərzində Urmiyada sərgilənəcək. Artıq öz işinə başlayan sərgidə Naxçıvan Biznes Mərkəzi ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən 15 şirkətin nümayəndə heyəti iştirak edir.
Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə qida sənayesi məhsulları, dərman preparatları, yüngül sənaye məhsulları, mebel və kənd təsərrüfatı məhsulları nümayiş etdirilir.
Qeyd edək ki, sərgidə iştirak edən 15 şirkətin 36 növdə və 226 çeşiddə məhsulu və muxtar respublika sənətkarları tərəfindən hazırlanan 62 əl işləri sənayesi məhsulu İran İslam Respublikasının əhalisinə təqdim olunur.

Ardını oxu...

Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq yeni istehsal və xidmət sahələrinin yaradılması, səmərəli məşğulluğun təmini üzrə ardıcıl tədbirlər davam etdirilir. İqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən mühüm tədbirlər bütün makroiqtisadi göstəricilərin pozitiv meyilliliyini təmin etmiş, yüksək nəticələr əldə olunmuşdur.
Ötən il muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,2 manat olmaqla, 1995-ci ildəki göstəricini 26 dəfə üstələmişdir. 2016-cı ildə muxtar respublikada əhali gəlirlərinin həcmi 1995-ci illə müqayisədə 58 dəfə artaraq 1 milyard 825 milyon manat təşkil etmişdir. Bu dövr ərzində hər bir nəfərə düşən əhali gəlirlərinin həcmi isə 43 dəfə artaraq 4086 manata çatmışdır.
2016-cı ildə muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi 1995-ci illə müqayisədə 41 dəfə artaraq 1 milyard 506 milyon manatdan, onun hər bir nəfərə düşən həcmi isə 31 dəfə artaraq 3371 manatdan çox olmuşdur. Ümumi əmtəə dövriyyəsinin 1 milyard 450 milyon manatı və ya 96,3 faizi pərakəndə ticarət şəbəkələrinin payına düşmüşdür. Pərakəndə ticarət şəbəkələrində hər bir nəfərə düşən ticarət dövriyyəsi göstəricisinə görə muxtar respublikamız ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ilk yerdə təmsil olunmuşdur.

Ardını oxu...

Son illərdə muxtar respublikada təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin, qəsəbələrin, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Doğma diyarımızın bütün bölgələrinin, eləcə də paytaxt Naxçıvan şəhərinin sosial-demoqrafik inkişafı, əhalinin mənzil-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması dediklərimizə sübutdur.

Muxtar respublikada mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması nəticəsində bu gün mənzil-tikinti sektoru günbəgün genişlənir və imkanlarını artırır. Əgər 20 il bundan əvvəl hər hansı bir tikinti təşkilatı ildə cəmi bir obyektdə inşaat işləri aparmaq imkanına malik idisə, bu gün dövlət qayğısından bəhrələnən və muxtar respublikanın çiçəklənməsində böyük rolu olan tikinti şirkətləri onlarla yaşayış binası inşa etmək imkanına malikdirlər. Bunun nəticəsidir ki, ötən müddət ərzində yüzlərlə bina əsaslı şəkildə yenidən qurulub, mənzillərin sahəsi genişləndirilib, yaşayış binalarının əksəriyyəti möhkəmləndirilib və əlavə mərtəbələr artırılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb. Görülən bütün bu işlər sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Ardını oxu...

Xarici ticarət dövriyyəsinin artması sosial-iqtisadi inkişafın sürətlənməsinə əsaslı təsir göstərən amillərdən biridir. Odur ki, hər bir dövlət imkan daxilində xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq artırılmasına xüsusi diqqət yetirir. Başqa bir müsbət cəhət xarici ticarətin yerli iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına təsir göstərməsi, əsas stimullaşdırıcı amillərdən birinə çevrilməsidir. Bu zaman istehsal edilən məhsulun yüksək keyfiyyəti, rəqabətə davamlı olması da böyük əhəmiyyət kəsb edir. 

Bu gün ölkəmizdə olduğu kimi, muxtar respublikada da həyata keçirilən səmərəli və məqsədyönlü islahatlar xarici iqtisadi əlaqələrin dərinləşməsi prosesini sürətləndirməkdədir. Son illərdə muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmişdir. 2017-ci ilin yanvar ayında muxtar respublikada 24 milyon 681 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1 faiz artaraq 23 milyon 830 min 600 ABŞ dolları, idxalın həcmi 50,1 faiz azalaraq 850 min 700 ABŞ dolları təşkil etmiş, 22 milyon 979 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Muxtar respublikamızda sahibkar­lığa göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaratmışdır. Yaradılmış münbit şərait ticarət əlaqələrinin genişlənməsinə, yüksək- keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına imkan vermişdir. Məhz bunun nəticəsidir ki, muxtar respublikada rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal olunur. Hazırda Naxçıvanda 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

Toy evində qələbəlik idi. Qonaqları qarşılamaq üçün ciddi hazırlıq görülür, mağar qurulur, ətlik heyvanlar kəsilir, təmizlik işləri aparılırdı. Bakıdan, Gəncədən gələn yaxın qohumlarla hal-əhval tutduq. Bu vaxt bizə yaxınlaşan uşaqlardan biri əl arabasındakı heyvan dərilərini göstərərək dedi:
– Ay ata, bunları hara atım?
– Hara atacaqsan oğul, evin yaxınlığında dərə var, atın ora. Əzəldən ora küllük yeri olub.
– O, əzəldən idi. İndi zaman dəyişib. Ora heç nə atmaq olmaz, – deyib qonaqların söhbətinə müdaxilə etdim.
– Bəs məişət tullantılarını hara atırsınız?
– Narahat olmayın, onun üçün də bir əncam çəkilib.
Hər kənddə olduğu kimi, bizim kənddə də təmizlik qutuları qoyulub. Ayrıca maşın təyin olunub, işçi ayrılıb. Tərtib olunmuş qrafikə uyğun olaraq tullantılar qutulardan götürülüb təyin olunmuş yerlərə daşınır.
Bu da bir yenilikdir, – deyən qonaqlar kəndlərimizdə qurulub yaradılanlara, qorunub saxlanılan təmizliyə, səliqə-sahmana heyran olduqlarını bildirdilər. Elə bu vaxt ev sahibi yaxınlaşdı.
– Dərilər hardadır? Nadir gəlib, verək aparsın.
– Nadir kimdir? – deyə soruşdular.
– Nadir dəri emalı müəssisəsinin rayonda olan nümayəndəsidir.
– Naxçıvanda dəri emalı müəssisəsi var?

Ardını oxu...

Yeni iş yerlərinin yaradılması və daimi məşğulluğun təmini yolu ilə əhali gəlirlərinin artırılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu sahədə qarşıya qoyulmuş vəzifələrin uğurlu həlli nəticəsində cari ilin ilk aylarında da əhali gəlirlərinin artım dinamikası təmin olunub. Belə ki, 2017-ci ilin yanvar ayında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 103 milyon 537 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faiz yüksələrək 230,4 manat təşkil edib. 

Əhali gəlirləri regional inkişafın mühüm göstəricisidir. Bunun diqqətdə saxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən işlər sırasında sahibkarlığın inkişafı, məşğulluğun və özünüməşğulluğun təmin olunması üzrə tədbirlərin xüsusi rolu vardır. Sahibkarlığın inkişafı məqsədilə görülən işlər kimi özəl sektora kredit dəstəyinin artırılması, ixracqabiliyyətli sənaye və kənd təsərrüfatı məhsulları istehsalının təşviq olunması çox əhəmiyyətlidir. 2017-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş 1 milyon 74 min 200 manat məbləğində kredit özəl sektorda iqtisadi fəallığın və gəlirlərin artımına təsir edib. Belə ki, hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmində özəl bölmənin payı 87 faizdən çoxdur. Yerli xammaldan istifadə olunması ilə sənaye məhsullarının istehsalına diqqətin artırılması və qiymətlərin bazar tələbatına uyğunlaşdırılması bu sahəyə müsbət təsir edib. Bu baxımdan cari ilin ilk ayında 88 milyon 215 min 500 manatlıq həcmlə muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri tutan sənaye sahəsinin məşğulluğun təmin olunması və əhali gəlirlərinin formalaşmasında mühüm paya malik olduğunu deyə bilərik.

Ardını oxu...

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xətti ölkəmizdə digər sahələrlə yanaşı, tikinti-quruculuq işlərinin də geniş vüsət almasına səbəb olub. Dövlətimizin iqtisadi qüdrətinin gücü kimi dəyərləndirilən tikinti-quruculuq tədbirləri Naxçıvan Muxtar Respublikasında da genişmiqyaslılığı ilə seçilir.
Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçı­lıq, yüksək keyfiyyət və müasir dizayn gətirib. Bu sahədə əldə olunmuş təcrübənin nəticəsidir ki, hər il muxtar respublikanın şəhər və rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində yeni binalar tikilir, müasir istehsal sahələri, sosial infrastruktur yaradılır, qədim tikililər təmir olunur, kommunikasiya sistemləri yenilənir.

Ardını oxu...

Bir neçə gün bundan əvvəl beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqındakı çıxışında çox mühüm bir məqama toxundu. Ali Məclisin Sədri bildirdi ki, “...Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.

Həqiqətən də, müasir dövrdə inkişaf etmiş ölkələrin hamısında özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların özəyini təşkil edən ailə biznesi üzərində qurulub. Bəs ailə təsərrüfatı nədir? Bu cür təsərrüfatların fəaliyyəti ölkəmizdə hansı qanunvericiliklə tənzimlənir və bunun mahiyyəti nədən ibarətdir?
Qeyd edək ki, Azərbaycanda ailə təsərrüfatları haqqında hüquqi bazanın yaradılması 2005-ci ilə təsadüf edir. Belə ki, “Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu”nda (14 iyun 2005-ci il) göstərilir ki ailə kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsidir. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, onun ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə kənd­li təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. Qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və onun səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi, kənd yerlərinin inkişafının sürətləndirilməsinə şərait yaratmaqdır.

Ardını oxu...

Muxtar respublikada əhalinin səmərəli məşğulluğu, həyat və məişət şəraitinin yaxşılaşdırılması üzrə keçirilən tədbirlər demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir.
Muxtar respublikada 1 yanvar 2017-ci il tarixə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 720 nəfər artaraq 449 min 143 nəfər təşkil etmişdir. Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadrat­kilometrə düşən əhalinin sayı 82 nəfər olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 21 nəfər çoxdur.
1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 111,3 min nəfər artmışdır. Son 22 il ərzində muxtar respublikada 65,1 min nikah bağlanmış, 160 min uşaq doğulmuşdur.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salmışdır. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olmuşdursa, hazır­da bu göstərici 4,1 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil etmişdir.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet vəzifələrdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası getdikcə genişlənir. Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin də üzərinə mühüm vəzifələr düşür. Torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları, gübrə ilə təminatında bu qurum başlıca rol oynayır.
Cəmiyyətin və onun rayon filiallarının bazalarında olan mövcud texnikalar kənd təsərrüfatı sahəsində bütün aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Hər il muxtar respublikaya yeni texnikaların gətirilməsi, əkin sahələrinin gübrələrlə təmin olunması da diqqət mərkəzində saxlanılır.
Cəmiyyət 2016-cı ildə də öz fəaliyyətini uğurla davam etdirib, muxtar respublikaya traktor, kotan, otbiçən və digər kənd təsərrüfatı texnikaları olmaqla, 66 texnika gətirilib. Bəhs olunan dövrdə torpaq mülkiyyətçilərinə 4 min 905 ton gübrə verilib. 2017-ci ili də uğurla başa vurmaq üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərilir. Qeyd edək ki, ilin ilk 2 ayı ərzində 170 ədəd yeni texnika gətirilib, yaz əkinləri üçün torpaq mülkiyyətçilərinə 50 min tona qədər gübrə verilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR