23 Dekabr 2024, Bazar ertəsi

“Danyeri” istehsal və xidmət sahəsi

Son illər muxtar respublikamızda həyata keçirilən abadlıq-quruculuq tədbirləri qədimliyi saxlanılmaqla yeniləşən, müasirləşən Naxçıvan şəhərinin də simasını tanınmaz dərəcədə dəyişib, müasir memarlıq üslubu ilə gözoxşayan müxtəlif təyinatlı inzibati və sosial obyektlər, çoxmərtəbəli ictimai yaşayış binaları, park və xiyabanlar həyata vəsiqə alıb. Quruculuq ərməğanlarının yeni görkəm bəxş etdiyi ünvanlardan biri də görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adını daşıyan prospektdir. 

Burada tikilib istifadəyə verilən İlham Əliyev adına Olimpiya-İdman Kompleksi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Üzgüçülük Mərkəzi, Diaqnostika-Müalicə Mərkəzi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Miqrasiya Xidməti, Naxçıvan Şəhər Məhkəməsi, Naxçıvan Şəhər Prokurorluğu, Naxçıvan Şəhər Vergilər İdarəsi, “Cahan” Ticarət Mərkəzi, “Gənclər şəhərciyi” son illərin quruculuq ərməğanları olmaqla, bu binalarda yerləşən ayrı-ayrı dövlət qurumlarının normal fəaliyyət göstərməsinə, əhalinin rahatlığına və onlara nümunəvi xidmət göstərilməsinə əlverişli şərait yaradıb. Prospektdə aparılan abadlıq-quruculuq tədbirləri cari ildə də davam etdirilir, bu ünvanda yaradılan ecazkar mənzərəyə yeni çalarlar qatılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılıb, yeni istirahət parkı salınıb və kafe fəaliyyətə başlayıb.
Prospektin avtomobil yolunun hərəkət hissəsi genişləndirilib, yola yeni asfalt örtük salınıb, ərazidə istirahət parkı yaradılaraq burada abadlıq və yaşıllaşdırma işləri görülüb. Parkda 2 fəvvarə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb, oturacaqlar qoyulub, yeni kafe fəaliyyətə başlayıb. Kafedə 6 nəfər işlə təmin olunub. Onu da qeyd edək ki, kafedə nümunəvi xidmət üçün hər cür şərait yaradılıb. Burada da yerli məhsullardan istifadə olunur və müştərilərə keyfiyyətli xidmət göstərilir.
Muxtar respublikada əlverişli biznes və investisiya mühitinin yaradılması özəl bölmənin inkişafı üçün geniş imkanlar açıb. Hər il muxtar respublikada yeni istehsal və xidmət sahələri yaradılır, əhalinin məşğulluğu təmin olunur. Belə müəssisələrdən biri də adıçəkilən prospektdə fəaliyyətə başlayan “Danyeri” istehsal və xidmət sahəsidir.
Müəssisənin əməkdaşı Nəriman Tarverdiyev bizimlə söhbətində bildirdi ki, muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Qeyri-məşğul əhalinin işlə təminatı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər il Naxçıvanda müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət sahələri yaradılır, minlərlə insan işlə təmin olunur. Bu il Novruz bayramı ərəfəsində istifadəyə verilən “Danyeri” istehsal və xidmət sahəsi də sahibkarlığın inkişafına göstərilən qayğının daha bir ifadəsidir.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada gündəlik istehsal gücü 500 kiloqram olan dondurma, istehsal gücü saatda 800 çörək olan milli çörək və istehsal gücü saatda 80 kiloqram olan unlu-qənnadı sahələri, 40 və 96 yerlik iki kafe, 114 yerlik restoran, uşaqlar üçün zal, ixtisaslaşmış mağaza, mebel salonu, 2 ədəd soyuducu kamera, xammal və hazır məhsul anbarları, iş və xidməti otaqlar vardır. Binada lift quraşdırılıb, təhlükəsizlik tədbirləri görülüb. İstehsal və xidmət sahəsinin fəaliyyətə başlaması əhaliyə nümunəvi xidmət göstərilməsi ilə yanaşı, daxili bazarın yüksəkkeyfiyyətli yerli məhsullarla və əhalinin məşğulluğunun təmin edilməsinə geniş imkanlar açıb, 62 nəfər özünə daimi iş yeri tapıb.
İstehsal sahələrində bazarın tələbatına uyğun keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal olunur, təmizliyə və gigiyenik qaydalara tam əməl edilir. Məhsullar “Danyeri” əmtəə nişanı ilə muxtar respublikadakı ticarət mərkəzlərində satışa çıxarılır. Mağazada ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Xidmət sahələrində insanların rahatlığı tam nəzərə alınıb. Mebel salonunda isə muxtar respublikada və başqa ölkələrdə istehsal edilən müxtəlif növ keyfiyyətli mebel dəstləri alıcılara təklif olunur.
İstehsal və xidmət sahəsinin kollektivi üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə, yaradı­lan şəraitdən səmərəli istifadə etməyə, tikilənləri, qurulanları qoruyub saxlamağa çalışır.

“Danyeri” yeni istehsal və xidmət sahəsinin yaradılması, parkın istifadəyə verilməsi sakinlərlə yanaşı, turistlərin də istirahətinin mənalı təşkilinə imkan verir. Burada yaradılan şəraitdən bəhrələnən müştərilərin və bu ünvanda yaşayan sakinlərin qurulub-yaradı­lanlara münasibəti də birmənalı oldu. Onlar bildirdilər ki, bir vaxtlar gözdənuzaq, könüldəniraq düşən, gecələr zülmətə qərq olan, çala-çökək yollarda hərəkət edilməsi mümkün olmayan, yöndəmsiz tikililəri ilə şəhərimizin görkə­minə xələl gətirən bu ünvan indi abadlaşıb, çilçırağa qərq olub, şəhərimizin ən gözəl məkanlarından birinə çevrilib. Yenicə istifadəyə verilən park əhalinin istirahətinə əlverişli şərait yaradıb. Fəaliyyətə başlayan alış-veriş mərkəzində isə həm yerli məhsul istehsal olunur, həm də əhaliyə iaşə və ticarət xidməti göstərilir. Sakinlərdən Fəxrəddin Yaqubov da qeyd olunanlarla razılaşdığını bildirərək dedi: “Daha o dükan sənin, bu dükan mənim deyib dolanmağa ehtiyac yoxdur. Elə bu ünvanda istədiyin mebeli seçə, gündəlik tələbat mallarını münasib qiymətə ala bilərsən. Deyərdim ki, burada topdansatış qiymətinə pərakəndə satış həyata keçirilir. Bundan yaxşı nə ola bilər?”
O, yaradılan şəraitə, göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirdi, prospektdən keçən avtomobil yolunun digər tərəfində çalışan inşaatçıları göstərərək dedi: “Bax o tərəfdə yol kənarında piyadaların hərəkəti üçün səki ensiz olduğundan piyadalar bəzən avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırdılar. Bu da, təbii ki, təhlükəli idi. Dövlət külli miqdarda vəsait sərf etməklə yol kənarına yeni hasar çəkir, piyadaların təhlükəsizliyi üçün səkilər salır. Bunları deməkdə məqsədim ondan ibarətdir ki, dövlət sakinlərin, ölkəmizə gələn turistlərin rahatlığı üçün hər cür şərait yaradır. Qalır ki, biz sakinlər ümumi evimiz olan Naxçıvan şəhərində qurulub-yaradı­lanları qoruyub saxlayaq, səmərəli istifadə edək”.
Bəli, Naxçıvan şəhərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin mərkəzində insan amili dayanır. Əhalinin rahatlığına xidmət edən müasir infrastrukturun yaradılması da məhz bu məqsədə xidmət edir. Muxtar respublikanın paytaxtında yol-nəqliyyat infra­strukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən ardıcıl tədbirlər, şəhərin küçə və məhəllələrinin abadlaşdırılması da Naxçıvan şəhərinin simasının dəyişməsinə, insanların rahatlığının təmin olunmasına səbəb olub.

Nail Əsgərov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR