Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq yeni istehsal və xidmət sahələrinin yaradılması, səmərəli məşğulluğun təmini üzrə ardıcıl tədbirlər davam etdirilir. İqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən mühüm tədbirlər bütün makroiqtisadi göstəricilərin pozitiv meyilliliyini təmin etmiş, yüksək nəticələr əldə olunmuşdur.
Ötən il muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 413,2 manat olmaqla, 1995-ci ildəki göstəricini 26 dəfə üstələmişdir. 2016-cı ildə muxtar respublikada əhali gəlirlərinin həcmi 1995-ci illə müqayisədə 58 dəfə artaraq 1 milyard 825 milyon manat təşkil etmişdir. Bu dövr ərzində hər bir nəfərə düşən əhali gəlirlərinin həcmi isə 43 dəfə artaraq 4086 manata çatmışdır.
2016-cı ildə muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi 1995-ci illə müqayisədə 41 dəfə artaraq 1 milyard 506 milyon manatdan, onun hər bir nəfərə düşən həcmi isə 31 dəfə artaraq 3371 manatdan çox olmuşdur. Ümumi əmtəə dövriyyəsinin 1 milyard 450 milyon manatı və ya 96,3 faizi pərakəndə ticarət şəbəkələrinin payına düşmüşdür. Pərakəndə ticarət şəbəkələrində hər bir nəfərə düşən ticarət dövriyyəsi göstəricisinə görə muxtar respublikamız ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ilk yerdə təmsil olunmuşdur.
Bu gün istеhsаlçı və istеhlаkçılаrın qаrşılıqlı fəаliyyətinin təmin olunduğu bazar iqtisadiyyatında təhlil edilən mühüm göstəricilərdən biri də pərakəndə ticarət şəbəkələrində satılan məhsulların tərkibində yerli istehsal məhsullarının üstünlük təşkil etməsidir. Bu göstəriciyə görə də Naxçıvan Muxtar Respublikası öz üstün mövqeyini qoruyub saxlamışdır. Belə ki, bu gün muxtar respublikada 120 növü ərzaq, 246 növü qeyri-ərzaq olmaqla, 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilməkdədir.
Ötən il muxtar respublikada əhaliyə iaşə şəbəkələrində 56 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da pərakəndə əmtəə dövriyyəsinin 3,7 faizini təşkil etmişdir. 2016-cı ildə iaşə dövriyyəsinin həcmi 2015-ci illə müqayisədə 2,3 faiz artmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsini mətbuat xidməti