23 Dekabr 2024, Bazar ertəsi

Son illərdə muxtar respublikada təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin, qəsəbələrin, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Doğma diyarımızın bütün bölgələrinin, eləcə də paytaxt Naxçıvan şəhərinin sosial-demoqrafik inkişafı, əhalinin mənzil-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması dediklərimizə sübutdur.

Muxtar respublikada mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması nəticəsində bu gün mənzil-tikinti sektoru günbəgün genişlənir və imkanlarını artırır. Əgər 20 il bundan əvvəl hər hansı bir tikinti təşkilatı ildə cəmi bir obyektdə inşaat işləri aparmaq imkanına malik idisə, bu gün dövlət qayğısından bəhrələnən və muxtar respublikanın çiçəklənməsində böyük rolu olan tikinti şirkətləri onlarla yaşayış binası inşa etmək imkanına malikdirlər. Bunun nəticəsidir ki, ötən müddət ərzində yüzlərlə bina əsaslı şəkildə yenidən qurulub, mənzillərin sahəsi genişləndirilib, yaşayış binalarının əksəriyyəti möhkəmləndirilib və əlavə mərtəbələr artırılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb. Görülən bütün bu işlər sakinlərin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, muxtar respublikada yaşayış standartlarının davamlı yüksəlişi, mənzil-kommunal sektorunda genişmiqyaslı yenidənqurma tədbirləri, infrastrukturun tamamilə yenilənməsi, qısacası, rahat yaşayış üçün əsas kriteriyaların tam təmin olunması muxtar respublikaya daimi yaşayış üçün gələnlərin də sayını artırıb. Daimi yaşayış üçün Naxçıvanı seçənlərin əsas səbəb kimi göstərdiyi amillər sırasında idarəetmədə insan amilinin diqqət mərkəzində saxlanılması, elektrik, qaz və su təminatının yüksək səviyyədə olması, mənzillərin pulsuz təmir edilməsi, istilik xətləri və radiatorların quraşdırılması, məhəllədaxili abadlıq və təmizlik, evlərin və avtomobillərin mühafizəsi üçün əlavə xərc çəkilməməsi də var. Bütün bunlar onu göstərir ki, daimi yaşayış üçün Naxçıvanın seçilməsi uğurlu islahatların məntiqi nəticəsidir və hazırda daha da intensivləşməkdə olan bu müsbət meyilli miqrasiya prosesi mənzil bazarına ciddi təsir göstərməkdədir.
Bunun nəticəsidir ki, muxtar respublikada tikinti-quruculuq işlərinin həcmi əsas kapitala investisiya qoyuluşlarının mühüm hissəsini təşkil edir. Məsələn, 2016-cı ildə muxtar respublika üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 2015-ci ilə nisbətən 5 faiz artaraq 997 milyon manatdan çox olub. İnvestisiya qoyuluşlarının 921 milyon manatından və ya 92 faizindən bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunması əhalinin mənzil şəraitinin yaxşılaşmasına, abadlaşdırma-bərpa işlərinin genişləndirilməsinə və kənd yerlərində infra­strukturun yenilənməsinə şərait yaradıb.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri davamlı xarakter alıb. Belə ki, il ərzində 2 ictimai yaşayış binası tikilərək istifadəyə verilib, 9 yaşayış binasında yenidənqurma və əsaslı təmir işləri aparılıb. Qeyd etmək lazımdır ki, ötən il gənc ailələrin mənzillə təmin olunmasına kömək məqsədilə daha bir uğurlu addım atılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 noyabr 2016-cı il tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və fondun xətti ilə 951 min manat həcmində kreditlərin verilməsi təmin olunub. Ötən il iyunun 10-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni yaşayış binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Bu tədbirlər ölkəmizdə həyata keçirilən dövlət-xalq siyasətinin tərkib hissəsidir. Hər bir ölkənin inkişafı üçün, ilk növbədə, ictimai-siyasi sabitlik və iqtisadi inkişaf olmalıdır... Bu gün ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə inkişaf proqramları qəbul olunaraq həyata keçirilir, yeni xəstəxanalar, məktəb binaları tikilir, yollar çəkilir, əhalinin rifahı yaxşılaşdırılır. Yeni yaşayış binalarının tikilməsi və insanların mənzil şəraitinin yaxşılaşdırılması da ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir”.
Qeyd etmək lazımdır ki, muxtar respublikamızda yaşayan əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində indiyədək görülmüş işlər cari ildə də davam etdiriləcəkdir. Belə ki, 2017-ci ildə Naxçıvan şəhərinin Həsən Əliyev küçəsindəki 2 nömrəli, “İstiqlal” küçəsindəki 79 nömrəli yaşayış binalarının yenidən qurulması, Kəngərli rayonunda isə 48 mənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR