Arpaçayın problemləri
Arpaçayı qədim Naxçıvan torpağının, bərəkətli Şərurun incisi adlandıranlar heç də səhv etmirlər. Mənbəyini durnagözlü bulaqlardan, saf su mənbələrindən alan bu çaya el məhəbbəti ilə neçə-neçə söz qoşulub, mahnı yazılıb. Son onillikdə çayın yatağında salınan dəryaça təbiətin ecazkarlığını artırmaqla həm də təsərrüfat əhəmiyyətinə malikdir. Arpaçaydan çəkilən kanallar indi Şərurun qan damarları hesab olunur. Çayın ətrafında təbiətə, ətraf mühitə qayğı göstərmək, ekoloji pozuntuya yol verməmək şərtilə gözəl istirahət guşələri yaratmaq mümkündür.
Şərqi Arpaçay öz axarını Zəngəzur dağ silsiləsinin 3050 metrliyindən alır, onun mənbədən mənsəbə uzunluğu 126 kilometrdir və bütün bu ərazidə çay insan laqeydliyinə məruz qalır. Arpaçay Araza doğru axdıqca çirkləndirilir. Bədxah qonşularımız ermənilər bu çaya, demək olar ki, qənim kəsilmişlər. Ermənistanın şərqində yerləşən irili-xırdalı sənaye müəssisələri və yaşayış massivlərindən çıxan zərərli çirkab suları birbaşa çaya axıdılır. Yaz və yay aylarında bu çirklənmə daha güclü olur. İndi ermənilərin Arpaçaya vurduqları illik ziyan 100 min manatlarla yox, milyon manatlarla ölçülür. 4-5 il bundan əvvəl onlara edilən etirazlara heç olmasa cüzi reaksiya verirdilər. Qondarma Dağlıq Qarabağ problemini ortaya atdıqdan sonra isə tam özbaşınalıq edirlər.
Arpaçayda hər ayda iki dəfə tərəfimizdən lazımi tədqiqat işləri aparılır, ümumi vəziyyəti təhlil edirik. Laboratoriya təhlilləri göstərir ki, biz özümüz bu çaya heç də bədxahlarımızdan yaxşı münasibət göstərmirik. Gümüşlü filiz mədənindən, Şərur rayonunun bu çayın kənarında yerləşən təsərrüfatlarından çaya ziyan dəyir. Xidmət sexləri, sənaye və ictimai iaşə müəssisələrindən çıxan tullantının çoxu məhz çayın yatağına tökülür, suya qarışır. Xanlıqlar kəndi ərazisində yerləşən üzüm emalı müəssisəsindən çıxan çirkab və zərərli tullantılar çayı ciddi surətdə çirklənməyə məruz qoyur. Zavodda yüz min manatlarla xərc qoyub təmizləyici qurğu tikilsə də, neçə illərdən bəri bir gün belə, işləməyib. Qiymətli avadanlıqlar sıradan çıxıb. Müəssisədə ekoloji pozuntular üçün məsuliyyət daşıyan şəxslər dəfələrlə tərəfimizdən cərimə olunsalar da, bu barədə rayonun aid təşkilatlarına müraciət edilsə də, heç bir nəticə yoxdur. Arpaçayın yatağında bir neçə yerdə çınqıl və asfalt-beton sexlərinin salınması, yanaşı təsərrüfatlarda mineral gübrələrdən, zərərli maddələrdən düzgün istifadə olunmaması, Şərur Şəhər Sanitar-Mühafizə İdarəsinin məişət tullantılarını çayın kənarına tökməsi elə bir antisanitariya vəziyyəti yaradıb ki, sözlə ifadə etmək çətindir. Hazırda iş o yerə çatıb ki, çayın bizim ərazidə tezliklə quruması təhlükəsi yaranıb. Bu mənada, çaydan ayrılan sol və sağ sahil kanallarının nizama salınması xüsusilə vacibdir ki, su sərfi qaydaya düşsün və Arpaçayın axarı tükənməsin. Çayın sahilində qeyri-qanuni yerləşdirilən hər cür sex, müəssisə və kooperativlər oradan götürülməlidir. Biz təbiətimizin zərərləri bahasına 5-10 nəfərin qazancı üçün kədərli vəziyyətə göz yummamalıyıq. Arpaçayın dərdləri və xilası yolları əsasən bunlardır.
Naxçıvan Muxtar Respublikası Təbiəti
Mühafizə Komitəsinin Laboratoriya şöbəsi
“Şərq qapısı” qəzeti, 22 yanvar 1992-ci il
Evlərə nur, tarlalara bolluq, təbiətə gözəllik bəxş edən Arpaçay
O dövrdən bizi elə də böyük zaman ayırmır. Ancaq həmin dövr hələ uzun zaman yaddaşlarımızda ən yeni tariximizin ağrılı illəri kimi xatırlanacaq. Taleyin Azərbaycanı tarixin ən böyük sınaqlarından birinə çəkdiyi ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan böyük çətinliklərlə qarşılaşmışdı. Ana Vətəndən ədalətsiz qərarlar üzündən ayrı düşmüş bu qədim diyar blokada vəziyyətinə salınmaqla məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Sabahı üçün heç bir nikbin proqnozun verilə bilmədiyi Naxçıvan sanki yeni minilliyə daxil olmaq üçün tarixin ona əxz etdiyi mürəkkəb imtahanlardan keçməli idi. İqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, energetika, rabitə və digər sahələrin iflic duruma düşdüyü həmin dövrdə təbiət də ona göstərilən “münasibətdən” öz payını almış, “ölüm” və ya “qalım” mübarizəsinə cəlb edilmişdi. Bir zamanlar adına təriflər söylənən, şəninə mahnılar qoşulan Arpaçay da bu problemlərin girdabında daha əvvəlki tək gur axmır, Şərurun incisi ola bilmirdi. 24 il bundan əvvəl “Şərq qapısı” qəzetində dərc olunmuş “Arpaçayın problemləri” yazısı da məhz həmin dövrün reallıqlarını, Naxçıvanın bu gözəl təbiət abidəsinə qarşı olan biganə münasibəti bir daha gözlərimiz önünə gətirir.