Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən ardıcıl tədbirlər görülür.
İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi avqust ayında da diqqətdə saxlanılmışdır. Belə ki, daxil olan müraciətlərə əsasən 290 obyekt qazlaşdırılmış, təzyiq tənzimləyicilərinə, odorant qurğularına, ölçü qovşaqlarına, magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara, siyirtmələrə, yaşayış məntəqələrində istismar edilən qaz tənzimləyici qurğu və məntəqələrə qrafik üzrə texniki baxış keçirilmiş, aşkar olunan müxtəlif nöqsanlar aradan qaldırılmışdır.
Sızmaların aşkarlanaraq aradan qaldırılması itkilərin qarşısının alınmasında başlıca amildir. Ötən ay muxtar respublika üzrə 1727 sızma aradan qaldırılmış, Naxçıvan şəhərində 848 ədəd smartkarttipli qaz sayğacı quraşdırılmışdır. Yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol və qapı keçidlərinin əvəz edilməsi ilə əlaqədar olaraq 24 min 250 metr borudan istifadə olunmuşdur.
Qaz təsərrüfatı işçilərinin peşəkarlığının artırılması, eləcə də bu sahədə mütəxəssislərin hazırlanması işi də diqqətdə saxlanılmış, bununla bağlı peşə məktəblərində müvafiq kurslar təşkil olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat
Birliyinin mətbuat xidməti