Şərur rayonunda bu sahənin inkişafına geniş imkanlar yaradılıb
Meyvəçilik və üzümçülük ölkəmizin iqtisadiyyatında həmişə gəlirli sahələrdən olub. Bu təsərrüfat sahələrində təcrübəli bağbanlar yetişib. Arxeoloji qazıntılar zamanı Naxçıvanın qədim abidələrindən əldə edilmiş üzüm toxumları, şərab istehsalı ilə əlaqədar daş alətlər və müxtəlif maddi-mədəniyyət nümunələri Tunc dövründə burada təsərrüfat və məişət həyatında üzümçülüyün mühüm rol oynadığını söyləməyə əsas verir.
Meyvə və üzüm sortlarının ən qiymətli seçmələri xalq seleksiyası yolu ilə yetişdirilib. Elə bağban var ki, ən görkəmli seleksiyaçı alimlər də onun işinin bəhrələrinə, uzaqgörənliyinə həsəd aparırlar. Qeyd edək ki, ana yurdumuzun hər bölgəsində müxtəlif sort və çeşidlərdə meyvə və üzüm yetişdirilib. Belə bölgələrdən biri də Şərur rayonudur. Bu torpaqda keçmişdən müxtəlif sortlarda üzümlər yetişdirilib. Şərurda üzümçülüyün inkişafı üçün təbii iqlim şəraiti var. Burada ən tezyetişən, uzun müddət saxlanmağa davamlı, ən yüksək şəkər toplayan, ən çox məhsul verən üzüm sortları becərilib və bu gün də becərilməkdədir. Sapsarı, kəhrəba kimi hazan, kişmişi, şəfeyi üzümləri, sözün əsl mənasında, hər kəsə can dərmanı əvəzi olub.
Bölgədə üzümçülüyün geniş sənaye miqyaslı inkişafının əsası ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulub. Burada bir məqama toxunmaq yerinə düşər. Belə ki, Şərur rayonunda qədim zamanlardan üzüm becərilsə də, artıq sovet dövründə doğma torpağın səxavətinə bələd adamların arzusunun əksinə olaraq, pambıq əkininə göstəriş verilmişdi. Ancaq Naxçıvanın iqlimi pambıqçılıq üçün əlverişli deyildi. Qozalar hasilə gəlib yığılmaq vaxtına çatanda soyuqlar düşür, məhsul zay olurdu. Üzümün isə yığımı sentyabr ayından başladığından məhsul vaxtında tədarük edilirdi. Bu mənada, 1969-cu ildən sonra ulu öndər Heydər Əliyevin göstərişi ilə üzüm plantasiyalarının salınması üçün qəbul edilən qərar şərurlulara böyük bir töhfə oldu. Sevə-sevə dədə-baba məşğuliyyətlərinə qayıdan kənd adamlarının gün-güzəranı həqiqi mənada dəyişdi. Bu qərarın uğurlu icrası isə 70-ci illərin sonlarında Azərbaycanın üzümçüləri içərisində Şərur üzümçülərinə liderlik qazandırdı. Bu illərdə respublikada yığılan 1 milyon ton məhsulun 10-12 faizi Şərur rayonunun payına düşürdü.
Rayon ağsaqqalları bildirirlər ki, Şərurda məhz üzümçülüyün inkişaf etdirilməsindən sonra gözoxşayan evlər tikilib, şəxsi avtomobillərin sayı artıb. O vaxtlar ailələrin əksəriyyəti çoxuşaqlı idi və onların dolanışığı, əsasən, bu sahədən gələn gəlirlə təmin olunurdu. Sosialist Əməyi Qəhrəmanı Yusif İsmayılovun sədr olduğu Çərçiboğan kolxozu, həmçinin Xətai, Dərvişlər, Maxta, Xanlıqlar və Püsyan kəndlərinin üzümçüləri öndə gedirdilər. Deputat Laləzər Əlirzayeva, Süleyman Nəsirov da bu sahədə böyük nailiyyətlər qazanan üzümçülərdən idilər. Muğanlı kəndindən Azərbaycanın əməkdar üzümçüsü Əhməd Məcidovun briqadası 50 hektar üzüm bağı becərirdi.
Rayonda üzümün ilkin emalı üçün 6 zavod vardı. Üstəlik, əlvan növ süfrə üzümlərindən tonlarla Rusiya bazarına da göndərilirdi. Təkcə 1985-ci ilin statistik rəqəmlərinə nəzər salanda məlum olur ki, həmin ildə Şərurda 7306 hektar üzüm bağı olub. Həmin il təkcə SSRİ-nin başqa şəhərlərinə 661,7 ton süfrə üzümü göndərilib. Bu, o vaxt idi ki, artıq Mixail Qorbaçov bədxah siyasətini yenicə həyata keçirməyə başlamışdı. Bu siyasət Naxçıvanın, o cümlədən Şərurun da üzüm bağlarını məhv etdi. Üzümçülər əllərinin əməyi ilə hasilə gətirdikləri, qazanc yerləri olan bağların sökülməsinə ürəkağrısı ilə baxırdılar. Böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək həm iqtisadiyyata ciddi ziyan vurulurdu, həm də insanlar gəlir mənbələrindən məhrum edilirdilər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahə də inkişaf etdirildi. 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən üzümçülük və şərabçılığın inkişaf etdirilməsi haqqında qanun qəbul edildi. 2004-cü ilin 11 fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış regionların 2004-2008-ci illər üzrə sosial-iqtisadi inkişafı proqramı insanlarda yüksək əhval-ruhiyyə yaratdı və yeni üzümlüklərin sahəsi artırılmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” isə birbaşa üzümçülüyün inkişafına hesablanmış dövlət sənədidir. Dövlət proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsindən, üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir. Proqramda deyilir: “Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir”.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada üzümçülüyün inkişaf etdirilməsinə və istehsalının artırılmasına, üzüm bağlarının salınmasına da şərait yaradıb.
Bu gün Şərur rayonunda 98 hektar sahədə üzüm bağı var. Onlardan 91 hektarı barverəndir. Cari ildə təsərrüfatçılar 5 hektar sahədə yeni bağ salıblar. Bağlardan ötən il 1435 ton, hektardan 157,7 sentner məhsul götürülüb. Yaxşı haldır ki, üzümçülər o vaxt bağlar söküləndə qiymətli növləri seçib həyətyanı sahələrində becəriblər, kökünün kəsilməyinə imkan verməyiblər. Bu gün isə o sortları pay torpaqlarına köçürürlər. Yeni üzüm bağları salan Əbdürrəhman Mehdiyev, Şücəddin Seyidov, Knyaz Cabbarov, Abdulla Adıgözəlov bu sahəyə daha çox maraq göstərirlər.
Çərçiboğan kənd sakini Əbdürrəhman Mehdiyev üzümün gəlirli sahə olduğunu bildirdi. O, torpaq islahatı həyata keçiriləndən sonra yenidən yaxşı bağ salıb. Bağında süfrə üzümləri becərir. Deyir ki, ən sərfəli sahədir. Yaxşı məhsul götürmək isə yalnız becərmədən asılıdır. Onu da diqqətimizə çatdırdı ki, elə il olub, hektardan 480 sentnerə qədər üzüm tədarük edib.
Bəli, dövlət bu gün kəndliyə kredit də verir, texnika da, su da, digər qayğılar da göstərir. Təki bir vaxtlar bağlarda becərilən minillik qədim üzüm sortları yenidən süfrələrimizi bəzəsin. Bu işdə Şərur üzümçüləri böyük fəallıq göstərirlər.
Hafizə ƏLİYEVA