Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilməsi son illərdə qədim diyarımızda sosial-iqtisadi inkişafın dinamik xarakter aldığının bariz ifadəsidir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Kompleksidir.
Ticarət kompleksinin əsas binasında müxtəlif mağazaların yerləşdirilməsi, həmçinin əhaliyə bank xidmətləri də daxil olmaqla, bir sıra xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Burada müştərilərə yerli və xarici firmaların istehsalı olan uşaq, kişi və qadın geyimləri təqdim olunur. Əsas binanın ətrafında yerləşən dairəvi mağazalarda isə ərzaq məhsulları, elektrik avadanlıqları, mətbəx əşyalarının satışı həyata keçirilir, əczaxana, bərbərxana və valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir.
“Cahan” Ticarət Kompleksi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə gələnlərin sayı getdikcə artmaqdadır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də muxtar respublikamızda yaradılan əlverişli biznes mühitindən bəhrələnib, fəaliyyətini daha da genişləndirib. Kompleksin ərazisində müxtəlif təyinatlı mağazaların və digər xidmət sahələrinin fəaliyyət göstərdiyi ikimərtəbəli yeni korpus tikilib istifadəyə verilib. Kompleksin əsas binasında yenidənqurma işləri aparılıb, mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılıb. Layihəyə uyğun olaraq, kompleksin əsas binasının ətrafında yeni mağaza və müasir avadanlıqlarla təmin olunmuş kafeteriyalar istifadəyə verilib. Eyni zamanda ticarət kompleksinin ətrafında abadlıq işləri aparılıb, avtomobil dayanacağı yaradılıb.
Yeni korpusda dəmir konstruksiya və hörgü işləri aparılıb, ayrı-ayrı mağazalara avtomatik qapılar quraşdırılıb. Həmçinin yeni korpus və mağazalar müasir isitmə, soyutma və havalandırma sistemi ilə təmin edilib, hər bir mağazaya telefon xətti çəkilib. Burada sahibkarlara və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşlara internetdən istifadə etmək imkanı yaradılıb. Bundan başqa, ticarət kompleksinin əsas binasının fasad hissəsi dizayn elementləri ilə zəngin olan tikinti materialları və travertin üzlük plitələrlə bəzədilib.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərtərəfli şərait yaradılıb. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların müraciətləri nəzərə alınaraq ticarət kompleksinin ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında da müasir korpus tikilərək sahibkarların istifadəsinə verilməsi zərurəti yaranıb. Bu məqsədlə “Cahan” Ticarət Kompleksinin ərazisində yerləşən kənd təsərrüfatı məhsullarının satışı bazarında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mövcud su, kanalizasiya, elektrik və qaz xətləri yenilənib, müasir işıqlandırma sistemi qurulub. Həmçinin ət və ət məhsullarının satışı üçün ayrı-ayrı mağazalar istifadəyə verilib. Burada ilboyu satılan məhsullarla yanaşı, mövsümlə əlaqədar artan tələbat da nəzərə alınıb, həmin məhsulların ticarət kompleksində rahat şəkildə satılması üçün lazımi şərait yaradılıb.
Bir neçə alıcı ilə görüşüb onlardan ticarət kompleksində göstərilən xidmətlərə münasibətlərini öyrəndik.
Nazim Səfərov: – “Cahan” Ticarət Kompleksində göstərilən xidmətdən razıyam. Əvvəllər kənd təsərrüfatı məhsullarının satışı üçün müvafiq yerin olmaması narazılıq doğururdu, bu məhsulların harada gəldi satılması həmin ərazidə antisanitariya vəziyyəti yaradırdı. Kənd təsərrüfatı məhsullarının satışı bazarının istifadəyə verilməsi ilə bu problem aradan qaldırılıb.
Mahir Qasımov: – İstehsal etdiyimiz kənd təsərrüfatı məhsullarının alıcı problemi yoxdur. Bu məhsulların satışı bazarında mövsümlə əlaqədar olaraq yerlər ayrılıb ki, biz də burada məhsullarımızı satırıq. Özü də münasib qiymətə.
Məhərrəm Cəfərov: – Uzun illərdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul oluram. Əvvəllər qışın soyuğu, yayın istisində, açıq hava şəraitində məhsullarımızı satıb minbir əziyyətlə üzləşirdiksə, yeni istifadəyə verilən kənd təsərrüfatı məhsullarının satışı bazarı bu problemi nəinki aradan qaldırdı, üstəlik, yüksək şərait də yaradıldı. Belə şəraitin yaradılması məhsul istehsalının genişləndirilməsinə marağı artırdı. Elə bu il bazarda müşahidə olunan məhsul bolluğu da buna əyani sübutdur.
Kərəm Həsənov