“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür. İyul ayında da istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi diqqətdə saxlanılmış, 138 müxtəlif təyinatlı obyektlərə yeni qaz xətləri çəkilmiş, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar olaraq 24 min paqonometrə yaxın müxtəlif diametrli boru istifadə edilmişdir.
İstehsalat təlimatına və tərtib edilmiş tədbirlər planına əsasən, qaz təsərrüfatında istismarda olan avtomat qazpaylayıcı stansiyalarda təzyiq tənzimləyicilərinə, ölçü qovşaqlarına, magistral, daşıyıcı, paylayıcı qaz kəmərlərinə və onların üzərində olan kranlara, siyirtmələrə, yaşayış məntəqələrində istismar edilən qaz tənzimləyici qurğu və məntəqələrə qrafik üzrə texniki baxış keçirilmişdir. Bu dövrdə qəza dispetçer xidmətləri 1497 sızma aşkarlayaraq aradan qaldırmış, istismara yararsız olan qaz sayğacları yenilənmiş, Naxçıvan şəhərində 241 ədəd smartkarttipli sayğac quraşdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması haqqında 2016-cı il 17 mart tarixli Sərəncamının icrası diqqətdə saxlanılmışdır. Belə ki, muxtar respublika ərazisində mövcud olan yüksək və orta təzyiqli magistral qaz kəmərləri, avtomat qazpaylayıcı stansiyalar, aşağı təzyiqli qaz xətləri, həmçinin ehtimal olunan subasma, sürüşmə və dağ uçqunu zonalarında yerləşən magistral qaz kəmərləri və qurğular haqqında zəruri məlumatlar və Naxçıvan Muxtar Respublikasının “Qaz təchizatı xəritəsi” hazırlanaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə təqdim olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti