23 Dekabr 2024, Bazar ertəsi

Bu gün əhalinin güzəranının yaxşılaşdırılması üçün kənd təsərrüfatının inkişafı, bazarda yerli məhsulların üstünlük təşkil etməsi, kəndlinin öz torpaqlarından səmərəli istifadəsi ən vacib amillərdən biridir. Bu istiqamətdə muxtar respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər öz nəticəsini verir.
Hazırda muxtar respublikamızda taxılçılıq, tərəvəzçilik, bostançılıq, meyvəçilik, üzümçülük və digər sahələrin istehsalının stimullaşdırma tədbirləri həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik fermer təsərrüfatlarının, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.
Hər il muxtar respublikaya müxtəlif təyinatlı texnikalar alınıb gətirilir, bu texnikalardan səmərəli və məqsədyönlü şəkildə istifadə olunur. Bu tədbir cari ilin ötən aylarında da həyata keçirilib. Belə ki, sözügedən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya 1742 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıqlar gətirilərək 72 ədədi lizinq yolu ilə torpaq mülkiyyətçilərinə, 11 ədədi isə nağd pula satılıb. Və onu da qeyd edək ki, muxtar respublika ərazisində 2843 ədəd texnika vardır ki, onlardan 185 ədədi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin balansında, qalanı isə özəl qurum və ya sahibkarlardadır. Hər iki halda texnikaların saz olması daim diqqətdə saxlanılır, əkinçilikdə səmərəli istifadə olunur.

Şübhəsiz ki, kənd təsərrüfatının inkişafı üçün meliorasiya layihələrinin icrası da vacib şərtdir. Bu mənada, muxtar respublika ərazisində olan su anbarlarının vaxtında doldurulması, yeni kanalların çəkilişi, subartezian quyularının, nasos stansiyalarının yaradılması və digər suvarma ­tədbirlərinin görülməsi diqqətdə saxlanılır.
Kənd təsərrüfatında əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi dövlətimiz tərəfindən vacib məsələ kimi qarşıya qoyulub və bu sahədə muxtar respublika taxılçıları hər il məhsul bolluğu ilə fərqlənirlər. Son illər aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin artırılması, taxıl istehsalçılarına sahələrdən bol məhsul götürmək üçün göstərilən dövlət qayğısı kimi gübrə yardımının olunmasını da qeyd edə bilərik. Belə ki, cari ilin fevral ayında 1 milyon 521 min manat, aprel ayında isə 5124 sahibkara 2 milyon 392 min manat dəyərində 4905 tondan artıq azot gübrəsi verilib. Bu sırada kreditlərin verilməsini də xüsusi vurğulamaq lazımdır. Belə ki, cari ilin may ayında 3854 buğda istehsalçısına 26792 hektar buğda sahəsi üçün 1 milyon 72 min manat, yazlıq əkinlər üçün isə iyul ayında 1877 nəfər taxılçıya 26926 hektar sahə üçün 1 milyon 346 min manat dəyərində vəsait verilib. Bunun nəticəsidir ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 31579 hektar sahədə əkin həyata keçiriblər ki, bunun da 26795 hektarını buğda, 4784 hektarını arpa təşkil edib. Vaxtında aparılan aqrotexniki tədbirlər, lazımi maşın-mexanizmlərin ayrılması biçinin optimal müddətdə başa çatdırılmasına şərait yaradıb və taxılçılar 31579 hektar taxıl əkini sahəsindən 94 min 117 ton məhsul tədarük ediblər.
2016-cı ilin ötən aylarında, ümumilikdə, kənd təsərrüfatı ilə məşğul olan zəhmət adamlarına 7 milyon 234 min manat kredit verilib ki, bunun da 392 min manatı bitkiçilik, 13 min manatı bağçılıq, 6 milyon 96 min manatı heyvandarlıq, 258 min manatı arıçılıq, 475 min manatı quşçuluq sahəsi üçün ayrılıb. Elə ayrılan kreditlərin və digər tədbirlərin nəticəsi olaraq cari ilin yeddi ayında, ümumilikdə, muxtar respublikada 213 milyon 904 min manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çoxdur.

Əlbəttə, bütün bunlar onu deməyə əsas verir ki, muxtar respublikamızda kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış hər bir addım öz uğurlu nəticəsini verir.

Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR