23 Dekabr 2024, Bazar ertəsi

Yaxud süfrələrimizə bərəkət gətirən “Bərəkət” məhsulları

 

Əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, məşğulluq probleminin əsaslı həlli, əhalinin rifah halının yaxşılaşdırılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikanın iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynayır. Bütün bunlar – iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi özəl sektorun inkişaf etməsinə şərait yaradıb. Bu isə ümumi daxili məhsul istehsalında özəl bölmənin payının 87 faiz olması ilə nəticələnib.

 Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli xammaldan səmərəli istifadə olunmaqla, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 

Dövlət maliyyə dəstəyi ilə müəssisədə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Sahibkarlığa Kömək Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə müəssisə müasir avadanlıqlarla təmin edilib. Eyni zamanda çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatik yeni xətt istifadəyə verilib. Burada çörək dəmir üzərində deyil, daş üzərində bişirilir ki, bu da məhsulun daha keyfiyyətli istehsalı deməkdir. Daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına öz töhfəsini verən “Gəmiqaya Bərəkət Qida Məhsulları” MMC-də istehsal sahələri ilbəil genişləndirilir. 2011-ci ildə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb, 2012-ci ildə kəpəkli çörək istehsalına başlanılıb. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək yüksəkkeyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Elə bunun nəticəsidir ki, satışa çıxarılan kəpəkli çörəyə tələbat get-gedə artıb, ötən dövr ərzində kəpəkli çörək istehsalına keçid tam təmin olunub. Cari ildə də alıcı tələbatının öyrənilməsi və buna uyğun olaraq yeni çeşiddə çörək istehsalı diqqət mərkəzində saxlanılıb, kəpəkli unla qarğıdalı ununun qarışığından hazırlanmış qarğıdalı çörəyi istehsalına başlanılıb.
Müəssisədə istehsal olunan digər məhsullar da alıcılar tərəfindən rəğbətlə qarşılanır. Makaron sexində istehsal edilən müxtəlif növdə keyfiyyətli məhsul 350, 500 qramlıq, 10 kiloqramlıq kisələrdə, Şərq şirniyyatları istehsalı sexində hazırlanan Azərbaycan milli şirniyyatları – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, milli şirin çörək, biskvit və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır. Onu da qeyd edək ki, daxili bazarın tələbatına uyğun məhsullar istehsal edilən müəssisədə istehlakçı tələbatı öyrənilməklə mütəmadi olaraq məhsulun çeşidində və qablaşdırılmasında yeniliklər edilir, daha müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılır. Bu istiqamətdə işlər davam etdirilib, Şərq şirniyyatları istehsalı sahəsində Türkiyənin “Uyğurlar Makina”, İtaliyanın “Braluks” şirkətlərinin istehsalı olan, kompüterlə idarəetmə mərkəzi ilə təmin edilmiş avadanlıqlar alınıb quraşdırılıb. Alıcı zövqünü oxşayan yeni çeşiddə müasir dizaynda məhsul istehsalına başlanılıb. İstehsal olunan məhsullar muxtar respublikamızın ayrı-ayrı yaşayış məntəqələrində fəaliyyət göstərən xidmət mərkəzlərində satışa çıxarılıb.
Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd məhsullarının vaxtında tədarük olunması da diqqət mərkəzində saxlanılır, xüsusi maşınlarla müəssisəyə daşınıb laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Almaniyanın “GEA”, Türkiyənin “Choromel”, “Lipovak” şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb, gündəlik istehsal gücü 15 ton olan süd məhsulları istehsalı sahəsində yüksəkkeyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Tədarük edilən, insan orqanizmi üçün vacib elementlərlə zəngin olan 100 faiz təbii süddən kərə yağı, pendir, qatıq və ayran istehsal olunan bu müəssisədə istehsal prosesi daha da təkmilləşdirilib, daxili bazarın tələbatına uyğun olaraq yeni çeşiddə süd məhsulları bazara çıxarılıb. Cari ildə də bu istiqamətdə işlər davam etdirilib, xamaya olan tələbatı 100 faiz idxal hesabına ödənilən muxtar respublikamızda xama istehsalına başlanılıb, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Xama nəfis tərtibatla bəzədilmiş 100, 200, 300, ayran 200, kərə yağı 250, 400 qramlıq, 1 və 4 kiloqramlıq, pendir isə 0,5, 1 kiloqramlıq plastik və 17 kiloqramlıq dəmir taralarda qablaşdırılır.
Sanitar-gigiyenik qaydalara ciddi əməl olunan müəssisədə müasir avadanlıqlarla təchiz olunmuş iki laboratoriya fəaliyyət göstərir. Müəssisəyə daxil olan xammal və ya hazır məhsul həmin laboratoriyada analizdən keçirildikdən sonra istehsala buraxılır.
İldən-ilə fəaliyyəti genişləndirilən müəssisədə çörək sexi 3, digər sexlər isə 1 növbəli iş rejimində fəaliyyət göstərir. Burada 200 nəfər çalışır.
Müəssisədə istehsal olunan məhsulların gələcəkdə ölkəmizin digər regionlarında və xarici bazarlarda satışa çıxarılması nəzərdə tutulur. Bu məqsədlə kompleks tədbirlər həyata keçirilir.
“Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001 və İSO 22000 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb.
Ayrı-ayrı ticarət obyektlərində alıcı və satıcıların bu yerli məhsullara olan münasibətini öyrəndik. Fərdi sahibkar Nihad Cəfərov dedi: – Əvvəllər alıcılar xaricdə istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarına üstünlük verirdilərsə, indi artıq muxtar respublikada istehsal olunan məhsullara üstünlük verilir. Yerli istehsal müəssisələri alıcıların rəğbətini qazanan keyfiyyətli məhsullar istehsal edərək rəqabətqabiliyyətli müəssisələrə çevriliblər.
İstehlakçı Nərmin Vəliyeva: “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi Şərq şirniyyatları, kərə yağı, qatıq, ayran, makaron məhsullarının və bu il istehsalına başlanılan xamanın daimi alıcısıyam. Dadı, tamı ilə seçilən yerli məhsullar vaxtlı-vaxtında mağazalara çatdırılır. Özü də daha münasib qiymətə”.
Fərdi sahibkar Sərxan Bağırov: “Heyvandarlıqla məşğul olan sahibkar kimi onu deyə bilərəm ki, son illər muxtar respublikamıza alınıb gətirilən və lizinq yolu ilə sahibkarlara verilən, süni mayalanma yolu ilə yetişdirilən məhsuldar cins mal-qara ət və süd istehsalının artımına səbəb olub. Təbii ki, ət və südün emal olunması üçün yaradılmış müəssisələr sahibkarları alıcı problemi ilə üzləşdirmir. Yəni sahibkarın şəxsi istifadəsindən artıq olan süd “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tədarükçüləri tərəfindən gündəlik qəbul edilir. Bu həm istehsalçı, həm də istehlakçı üçün sərfəlidir”.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR