Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın da inkişafına geniş imkanlar açılıb. Fermer və fərdi sahibkarların təsərrüfatları genişlənib, bəslənilən heyvanların baş sayı artıb. Burada sağlam təsərrüfatların qorunub saxlanılması və daxili bazarın keyfiyyətli ət-süd məhsulları ilə təmin olunmasında baytarlıq xidməti əməkdaşlarının da üzərinə böyük iş düşür. Çünki ev şəraitində bəslənilən heyvan və quşların sağlamlığına nəzarət bilavasitə bu dövlət qurumu tərəfindən həyata keçirilir. Eyni zamanda bazarda satışa çıxarılan və ərzaq zənbilimizin əsasını təşkil edən məhsulların – süd, ət və ət məhsullarının satış üçün yararlı olub-olmamasına cavabdehliyi də məhz baytarlıq xidmətinin əməkdaşları daşıyırlar. Bəs sağlam təsərrüfatların qorunub saxlanılması və daxili bazarın keyfiyyətli ət, süd və süd məhsulları ilə təmin olunması istiqamətində hansı işlər görülür? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilovla görüşüb həmsöhbət olduq:
– Əvvəlcə Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verərdiniz.
– Son illər muxtar respublikamızda baytarlıq xidmətinin daha da yaxşılaşdırılması məqsədilə görülən işlər davamlı xarakter alıb. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin binaları və Xüsusi təhlükəli xəstəliklərin diaqnostik müayinəsi laboratoriyası yenidən qurulub, laboratoriyada müayinələrin aparılması üçün yeni şöbə yaradılıb və müasir avadanlıqlarla təmin edilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə keçmələri üçün tədris mərkəzi kompüter dəstləri və hər cür avadanlıqlarla təmin edilərək istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kolleci ilə birgə hazırlanmış tədbirlər planına əsasən həmin müəssisələrdə Baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin elmi-nəzəri biliklərinin praktik olaraq möhkəmləndirilməsinə əlverişli şərait yaradılıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyası əsaslı təmir edilib, dərmanların, biopreparatların saxlanılması üçün yeni bina inşa edilib, burada müasir soyuducu kameralar quraşdırılıb. Şərur, Babək və Sədərək rayonlarında baytarlıq idarələri və laboratoriyaları üçün müasir tələblərə cavab verən yeni binalar tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib, rayon baytarlıq idarələri və mərkəzi laboratoriya müasir cihaz və avadanlıqlarla təmin olunub. Bu tədbirlər təkcə şəhər və rayon mərkəzləri ilə məhdudlaşmır, ucqar dağ və sərhəd kəndlərini də öz ağuşuna alıb, ümumilikdə, son illər 113 yeni infrastruktur obyekti inşa olunaraq istifadəyə verilib. Cari ildə də bu istiqamətdə işlər uğurla davam etdirilir.
Regionda baytarlıq xidmətinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, baytarlıq tədbirlərinin vaxtında və mütəşəkkil aparılması üçün dövlət vəsaiti hesabına dərman preparatları alınaraq muxtar respublikaya gətirilir. Dərman preparatları soyuducu kameralarda müəyyən olunmuş temperaturda saxlanılır, “soyuq zəncir” prinsipinə əməl edilməklə xüsusi maşınlar vasitəsilə rayon baytarlıq idarələrinə çatdırılır. Onu da qeyd edək ki, son illər 7 ədəd dezinfeksiya avtomaşını və 3 ədəd “Niva” markalı minik avtomobili baytarlıq xidməti əməkdaşlarının istifadəsinə verilib. Məqsəd muxtar respublika üzrə epizootik sabitliyi saxlamaqdan, peyvəndləmələrin, baytarlıq diaqnostika müayinələrinin, digər tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsindən ibarətdir.
– Epizootik sabitliyin saxlanılması istiqamətində hansı işlər görülür?
– Bu istiqamətdə həyata keçirilən tədbirlər uğurla davam etdirilir, heyvanlarda və quşlarda baş verə biləcək xəstəliklərin qarşısının alınması məqsədilə bütün yaşayış məntəqələrində əhaliyə məxsus mal-qara və ev quşları arasında diaqnostiki, profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Cari ilin birinci yarısında diaqnostiki olaraq brusellyoz xəstəliyini müayinə məqsədilə 37151 baş iribuynuzlu, 56782 baş xırdabuynuzlu, 7862 baş törədici heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilib. Eyni zamanda manqo xəstəliyinə görə 441 baş təkdırnaqlı, epididimit xəstəliyinə görə 7842 baş törədici heyvanda, vərəm xəstəliyinə görə 26757 baş iribuynuzlu heyvanda diaqnostik müayinələr aparılıb.
Profilaktik məqsədlə kənd təsərrüfatı heyvanları arasında qarayara xəstəliyinə qarşı 87659 baş iribuynuzlu, 676199 baş xırdabuynuzlu, 3748 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 98114 baş iribuynuzlu, 433682 baş xırdabuynuzlu, leptospiroz xətəliyinə qarşı 583 baş iribuynuzlu, emkar xəstəliyinə qarşı 34659 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 59133 baş xırdabuynuzlu heyvanlarda, nyukasl “H” (taun) xəstəliyinə qarşı 457576 baş quşda, la-sota ilə 49185 baş cücədə, çiçək xəstəliyinə qarşı 5485 baş xırdabuynuzlu, brusellyoz xəstəliyinə qarşı 50409 baş xırdabuynuzlu, pasterellyoz xəstəliyinə qarşı 200 baş iribuynuzlu heyvanlarda, 44996 baş quşda, aueski xəstəliyinə qarşı 7735 baş iribuynuzlu, trixofitiya xəstəliyinə qarşı 953 baş iribuynuzlu, nodulyar dermatit xəstəliyinə qarşı 1605 baş iribuynuzlu heyvanlarda peyvəndləmə tədbirləri aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının baytarlıq laboratoriyalarında mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün 5 adda helmentoloji analizlər aparılıb və əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün baytar sanitar ekspertiza laboratoriyalarında və baktereoloji laboratoriyalarda 2692 ədəd nümunə infeksion xəstəliklərə görə bakterioskopik müayinələrdən keçirilib. Eyni zamanda bütün yaşayış məntəqələrində, o cümlədən mal-qara saxlanılan tövlələrdə, yataq yerlərində, quş damlarında və sair 3091 obyektdə 680963 kvadratmetr sahədə dezinfeksiya tədbirləri həyata keçirilib.
Həyata keçirilən profilaktik tədbirlər öz bəhrəsini verib, mal-qara arasında nə kütləvi, nə də sporadik hallarda hər hansı bir infeksion xəstəliyə rast gəlinməyib.
– Məhsuldar cins mal-qaranın yetişdirilməsi ilə bağlı nə deyə bilərsiniz?
– Ölkəmizdə, o cümlədən muxtar respublikamızda yüksək məhsuldar cinslərin yetişdirilməsi, daxili bazarın keyfiyyətli ət və süd məhsulları ilə təmin edilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilib, Almanya, Avstriya, Türkiyə və İran İslam Respublikasından 84 baş Şvis, 530 baş Simmental, 1313 baş Holştin Friz cinsi olmaqla, ümumilikdə, 1927 baş damazlıq düyə gətirilib, ayrı-ayrı rayonlarda heyvandarlıqla məşğul olan sahibkarlara lizinq yolu ilə verilib.
Yüksək məhsuldarlığı ilə seçilən cins düyələr ildə orta hesabla 5-6 min, ən yüksək məhsul verəni isə 16-18 min kiloqram süd verir. Südün yağlılığı 3,6 faiz olur. İnəklərin diri çəkisi 550-600 kiloqram, buğaların isə 900-1000 kiloqram olur ki, bunun da ət çıxarı 58-60 faiz təşkil edir. Bu cinsdən olan heyvanlar saxlama və qulluq şəraitinə çox həssasdırlar. Bu məqsədlə hazırlanmış xüsusi tövsiyələr heyvandarlıqla məşğul olan sahibkarlara paylanılıb.
Heyvanlar arasında cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar ətlik və südlük cinslərin yetişdirilməsi təkcə xaricdən gətirilən mal-qara ilə məhdudlaşmır. Son illər heyvandarlıq təsərrüfatlarında süni mayalanma işinin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, regionumuzda fəaliyyət göstərən 23 süni mayalanma məntəqəsi lazımi avadanlıq və dərman preparatları ilə təmin olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində süni mayalanma texniklərinin hazırlanması üçün 26 nəfərdən ibarət texnik kurslara cəlb olunub. Ümumilikdə, texniklərə 34 motosiklet və 43 süni mayalanma avadanlığı verilib. Cari ilin birinci yarısında 4526 baş mal-qarada süni mayalanma aparılıb, əvvəlki ildə mayalandırılmış mal-qaradan 2031 baş sağlam bala alınıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 avqust tarixli “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə 100 manat həcmində subsidiya müəyyən olunub. Müəyyən olunmuş subsidiyanın plastik kartlarla, bankomatlar vasitəsilə sahibkarlara ödənilməsi davam etdirilir.
– Həyata keçirilən kompleks tədbirlər, nəticə etibarilə, bir məqsədə – əhalinin sağlam ərzaq məhsulları ilə etibarlı təminatına xidmət edir.
– Əhalinin, həm də emal müəssisələrinin ət və süd məhsulları ilə təmin edilməsi istiqamətində müsbət dinamika mal-qaranın baş sayının və heyvandarlıq məhsulları istehsalının həcminin artırılmasında da müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, 1 oktyabr 1996-cı il tarixə muxtar respublikamızın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 48 min 707 baş, qoyun və keçilərin sayı isə 245 min 757 baş olmuşdursa, 1 iyul 2016-cı il tarixə muxtar respublikamızın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 118 min 152 baş, qoyun və keçilərin sayı isə 740 min 497 başa çatdırılıb. Təbii ki, heyvanların baş sayının artımı daxili bazarın ət, süd və süd məhsulları ilə təminatına da müsbət təsir göstərib, 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 11294,8 ton ət, 47097,5 ton süd istehsal olunub ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 1,6 və 1,7 faiz çoxdur. Həmçinin muxtar respublikamızda arıçılığın inkişafı da diqqət mərkəzində saxlanılıb, dövlət maliyyə dəstəyi göstərilib, arıçılıqla məşğul olanlar pulsuz dərman preparatları ilə təmin olunublar. Bu istiqamətdə həyata keçirilən tədbirlər öz bəhrəsini verib, arı ailələrinin sayı 70 mini ötüb. Onu da qeyd edək ki, təkcə ölkəmizdə mövcud olan entomofil bitki növlərini nəzərə alsaq, kənd təsərrüfatı bitkilərinin bal arıları tərəfindən tozlandırılmasından əldə olunan gəlir onların istehsal etdiyi məhsulların dəyərindən (bal, mum, arı südü, çiçək tozu və sair) on dəfələrlə çoxdur.
– Kütləvi informasiya vasitələrində ayrı-ayrı xarici ölkələrdə infeksion xəstəliklərlə bağlı məlumatlar yayılır.
– Müxtəlif xəstəlikləri yaradan viruslarla əlaqədar olaraq sərhəd rayonlarında baytar həkimləri dövlət strukturlarının əməkdaşları ilə birgə mütəmadi olaraq monitorinqlər aparırlar. Profilaktik tədbirlər həyata keçirilir və nümunələr götürülərək xüsusi təhlükəli xəstəliklərin diaqnostiki müayinə laboratoriyasında yoxlanılır. Laboratoriyanın nəticələrinə uyğun olaraq müvafiq profilaktiki tədbirlər həyata keçirilir.
Kərəm Həsənov