Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində həyata keçirilən tədbirlər mütəmadi olaraq davam etdirilir. İyul ayında muxtar respublikanın rayonlarında 8 kilometr magistral kanal, 46 kilometr ara arxlar, 6 kilometr kollektor lildən təmizlənmiş, 5,6 kilometr yeni suvarma boru xətti çəkilmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini daşqın və sel sularından qorumaq məqsədilə selovlarda 4,35 kilometr selə qarşı istiqamətləndirici bənd salınmışdır.
Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən 107 hektarlıq ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, müxtəlif diametrli borularla 1900 metr boru xətti çəkilmişdir. Babək rayonunun Kültəpə kəndinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçünsə 550 metr xətt çəkilmiş, suqəbuledici hovuz tikilmişdir.
Babək rayonunun Sirab kəndinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 400 metr uzunluğunda yeni suvarma xəttinin tikintisi başa çatdırılmışdır. Ordubad rayonunun Əylis kəndi ərazisində 3,5 kilometr yeni arx çəkilmiş, 261 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Qeyd olunan dövrdə suvarma və içməli su mənbəyi kimi istifadə olunan 84 ədəd subartezian quyusunda da təmir işləri aparılmış, 5 kəhrizdə bu işlər davam etdirilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatı da diqqətdə saxlanılmışdır. Belə ki, Şərur rayonunun Arpaçay və Dərvişlər kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq üçün 1600 metr, Şahbuz rayonunun Biçənək kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün 760 metr içməli su xətti çəkilmişdir. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərində müxtəlif diametrli borularla 2560 metr kanalizasiya xətti və 2203 metr içməli su xətti çəkilmişdir. Bu dövrdə Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 4750 metr kanalizasiya xətti və 6404 metr içməli su xətti, Ordubad rayonunda isə 1380 metr su xətti və 660 metr kanalizasiya xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti