Muxtar respublikada nəqliyyat xidmətinin təşkili diqqətdə saxlanılır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xidmətin yüksək səviyyədə qurulması və səmərəliliyinin artırılması üçün ardıcıl tədbirlər görülür.
Avqust ayında Naxçıvan şəhərində sərnişindaşımanı yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilmiş, sərnişindaşıma xidmətinin səviyyəsinin qaldırılması üçün müzakirələr aparılmış, ucqar dağ və sərhəd kəndlərinə işləyən marşrut avtobusları texniki baxışdan keçirilmişdir.
Ötən ay Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 113 reys edilərək 4642, əks istiqamətdə isə 4160 sərnişin daşınmışdır. Bu dövrdə Naxçıvan-Batumi marşrutu da öz fəaliyyətini davam etdirmişdir.
Nazirliyin Reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə müxtəlif günlərdə reydlər keçirmiş, sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırmışdır. Bir sözlə, muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmiş, sərhəd kəndlərinə və ucqar dağ kəndlərinə işləyən marşrut avtobuslarının fəaliyyəti xüsusi nəzarətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti