Naxçıvan Muxtar Respublikasında aparılan tikinti-quruculuq tədbirlərinin bir hissəsini də yeni təhsil müəssisələrinin tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması təşkil edir.
Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, hər il onlarla yeni təhsil ocağı istifadəyə verilir, onların maddi-texniki bazası yenilənir. Belə təhsil müəssisələri içərisində peşə və orta ixtisas təhsili məktəbləri də diqqət mərkəzində saxlanılır. Yeni quruculuq tədbirlərindən payını alan təhsil müəssisələrindən biri də Naxçıvan Dövlət Texniki Kolleci üçün nəzərdə tutulmuş binadır.
Təmir və yenidənqurma işləri aparılan bina A və B korpuslarından, eyni zamanda zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada işlərə 2015-ci ilin aprel ayından başlanılıb. Ötən müddətdə binanın giriş hissəsi dairəvi formada yenidən qurulub, yeni qazanxana sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib. Artıq burada son tamamlama işləri aparılır. Bina istifadəyə tam hazır olduqdan sonra zirzəmi hissədə qazanxana, mətbəx, kimya, biologiya və fizika laboratoriyaları, fənn kabinələri, birinci mərtəbədə elektron lövhəli sinif, kompüter sinfi, fənn kabinələri, ikinci mərtəbədə kompüter sinfi və elektron lövhəli siniflərlə yanaşı, müəllimlər otağı və digər sinif otaqları, üçüncü mərtəbədə isə 234 nəfərlik tədbirlər zalı və müxtəlif sinif otaqları istifadəyə veriləcək. Təhsil müəssisəsinin ərazisində isə hazırda abadlıq işləri aparılır, yerə kilid daş döşənir, gülkarlıqlar salınır.
Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin binası da əsaslı şəkildə yenidən təmir olunur. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən hazırda binanın dam örtüyü vurulur, pəncərələr dəyişdirilir, pəncərə kənarları isə milli memarlıq üslubunda üzlük daşla üzlənir. Binanın digər korpusuna isə bir mərtəbə əlavə olunub, giriş hissə dairəvi formada qurulub. Hazırda daxildə suvaq işləri aparılır, kommunikasiya xətləri yenilənir.
Qeyd edək ki, hər iki tikinti obyektində təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla yanaşı, yerli inşaat materiallarından istifadəyə də üstünlük verilir.
Xəbərlər şöbəsi