Artıq üç ildir ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yeni biznes əlaqələrinin qurulması və işgüzar görüşlərin keçirilməsi, sahibkarların maarifləndirilməsi, muxtar respublikada istehsal olunan məhsulların nümayiş etdirilməsi üçün ideal bir məkan – Naxçıvan Biznes Mərkəzi fəaliyyət göstərir. Naxçıvan şəhərinin bütün ünvanlarına rahat çıxışı olan bu məkanda sahibkarların aktiv iş fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. 2013-cü ildə istifadəyə verilən mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir. Hazırda mərkəzdə müasir avadanlıqlarla təchiz edilən 100 nəfərlik iclas və 500 nəfərlik konfrans zalları və eyni vaxtda 4 dildə sinxron tərcümənin aparılması üçün otaq mövcuddur.
Ötən günlərdə mərkəzin fəaliyyəti və burada yaradılan pavilyonlarla tanış olmaq üçün adıçəkilən ünvanda olduq. İlk olaraq qeyd edək ki, burada qurulan pavilyonlarda muxtar respublikanın son illərdə keçdiyi inkişaf yolu, sosial-iqtisadi göstəriciləri, infrastruktur quruculuğu istiqamətində görülən işlər, özəl sektorun inkişafı naminə həyata keçirilən tədbirlər öz əksini tapıb. Stendlərdə qeyd edilib ki, ötən müddət ərzində 11 mindən çox sosial infrastruktur obyekti, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri, elektrik stansiyaları, körpülər tikilib, yerli və magistral əhəmiyyətli yollar salınıb. Muxtar respublikada 858-dən çox istehsal sahəsi yaradılıb, 2009-2016-cı illər ərzində 66 mindən çox yeni iş yeri açılıb. Bu ilin 1 iyun tarixinə olan məlumata görə, muxtar respublikada 365 növdə, 1152 çeşiddə məhsul istehsalına nail olunub. Bunun hesabına 343 növdə məhsula olan tələbat tam təmin edilib.
Mərkəzin sərgi salonu ilə tanışlıqdan sonra isə muxtar respublikada son illərdə özəl sektorun keçdiyi yol barədə geniş məlumata malik olmaq mümkündür. 21 il bundan öncə istehsalın, demək olar ki, tamamilə dayandığı muxtar respublikada nə qədər əhəmiyyətli işlər görüldüyünü bu salonda qurulan pavilyonların zənginliyi də təsdiq edir. Burada muxtar respublikada fəaliyyət göstərən bir neçə şirkətin 300-dən çox növdə məhsulunun, eləcə də xalq sənətkarları tərəfindən hazırlanan nümunələrin sərgi və satışı təşkil olunub.
Pavilyonlar arasında ən diqqəti çəkəni “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına aiddir. Burada adıçəkilən holdinqin tərkibində olan sənaye müəssisələrinin istehsal etdiyi məhsullar sərgilənir. Qeyd edək ki, holdinq iri sahibkarlıq subyekti olmaqla, tikinti materiallarının, mebel və mebel ləvazimatlarının, tibb sahəsində istifadə olunan müxtəlif qazların, metallurgiya sənayesinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, həmçinin iri heyvandarlıq təsərrüfatlarının yaradılması və turizm sektoru üzrə ixtisaslaşıb. Pavilyonda muxtar respublikanın mövcud resursları hesabına istehsal edilən tikinti materialları, sement, kərpic, daş məhsulları, tibb sahəsində istifadə olunan müxtəlif qazlar və digər məhsullar nümayiş etdirilir. Burada onu da öyrəndik ki, bu məhsullar yerli tələbatı tamamilə ödəyir. Burada nümunələri olan daş məhsulları, sement, mebel məmulatları İran, Türkiyə və Gürcüstan respublikalarına ixrac edilir. Bundan başqa, nümayiş etdirilən məhsullar arasında holdinqin tərkibinə daxil olan qida sənayesi üzrə ixtisaslaşmış müəssisələrdə istehsal edilən unlu-qənnadı məmulatları, yerli xammal əsasında hazırlanan müxtəlif meyvə şirələri, şərablar da vardır. Holdinq üçün qurulan pavilyonun bəzəyi isə “Badamlı” mineral süfrə suyudur.
Mərkəzdə qurulan pavilyonlarda müxtəlif sənaye sahələri üzrə ixtisaslaşmış müəssisələrin istehsal etdiyi geyim formaları, müxtəlif məmulatlar, uşaq bezi, tibbi spirt, povidion yod məhsulları, həmçinin yarımfabrikat mebel məmulatları, müxtəlif ayaqqabılar, plastik məişət əşyaları, polietilen məmulatlar, boyalar, elektrik naqilləri nümayiş etdirilir. “Naxçıvan Duz İstehsalı”, “Araz-3”, “Naxçıvan Məhsulları”, “Ləzzət Qida Sənaye”, “Nuhçıxan” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, “Naxçıvan Aqrolizinq”, “Babək Sirab” və Naxçıvan “Təchizat” Açıq Səhmdar cəmiyyətlərinin, 9 modeldə yük və minik avtomobili istehsalını həyata keçirən “Naxçıvan Avtomobil Zavodu”nun, “Dizayn Holdinq”, “Cahan Holdinq” Kommersiya Şirkətləri ittifaqlarının, “Dekor Qrup”un və digər müəssisələrin istehsal etdiyi məhsullar sərginin ən görkəmli yerlərini bəzəyir. Bundan əlavə, “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi karbon qazı və quru buz, “Naxçıvan Xalça” ASC-nin istehsal etdiyi məhsullara muxtar respublikanın qonaqları tərəfindən böyük maraq göstərilir.
Mərkəzin sərgi salonuna gələnlərin diqqətini çəkən stendlərdən biri də muxtar respublikanın sənaye xəritəsidir. Bu xəritədə muxtar respublikamızda müxtəlif sahələr, o cümlədən maşınqayırma, kimya, tikinti, energetika, mədənçıxarma, metallurgiya, mebel, yeyinti və aqrar sənayesi, soyuducu anbarlar, istixana kompleksləri, heyvandarlıq, quşçuluq, balıqçılıq, arıçılıq, bağçılıq, üzümçülük və limonçuluq təsərrüfatları olmaqla, 858 istehsal müəssisəsi haqqında məlumatlar yerləşdirilib. Mərkəzdə həmçinin Bəhruz Kəngərli məktəbinin davamçıları olan muxtar respublika rəssamlarının rəsm əsərləri və xalqımızın qədim sənətkarlıq sahələrindən olan xalçaçılıq, xalq yaradıcılığı nümunələri də sərgilənir.
Mərkəzin direktoru Vüsal Gülməmmədovla söhbət zamanı bildirdi ki, sahibkarların məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində onların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi və yüksəldilməsinə istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir. Bununla əlaqədar sahibkarların təcrübəkeçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkili və tənzimlənməsinə də bu gün muxtar respublikada xüsusi diqqət yetirilir.
Muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük qayğı göstərilməsi diqqətdə saxlanılıb. Mərkəzdə Naxçıvan şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində də məqsədyönlü işlər görülür, gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların fəaliyyətinin sistemli, planauyğun və davamlılığının təmin olunması üçün bir sıra tədbirlər həyata keçirilir, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətləri göstərilir.
Müsahibim onu da bildirdi ki, mərkəzdə sərgi-satışı təşkil edilən dekorativ-tətbiqi sənət əsərlərinə, şüşə, ağac və mis üzərində döymə işlərinə, milli geyim nümunələrinə böyük maraq göstərilir. Xüsusilə xarici ölkələrdən gələn qonaqlar bu nümunələri almaqda, hədiyyəlik əşya kimi öz ölkələrinə aparmaqda həvəs nümayiş etdirirlər. Sərgilənən əl işlərinin satışının həyata keçirilməsi isə el sənətkarlarının fəaliyyətinin stimullaşdırılmasında mühüm rol oynayır.
Ümumiyyətlə, bu gün tam əminliklə demək olar ki, Naxçıvan Biznes Mərkəzi son illərdə muxtar respublika sənayesinin, xalq sənətkarlığının, bir növ, güzgüsünə çevrilib. Buraya gələn hər bir xarici qonaq heç bir istehsal müəssisəsinə getmədən muxtar respublikanın özəl sektoru haqda dolğun məlumat ala bilir. Burada nümayiş etdirilən, yüksək keyfiyyəti ilə seçilən, nəfis tərtibatla qablaşdırılan, insan əməyinin, göz nurunun, alın tərinin nəticəsi olan hər bir məhsul son illərdə doğma yurdumuzda sahibkarlığa göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Səbuhi Hüseynov