Sürətli inkişafın bəhrələrini hər addımda görmək olar
Son illərdə Babək rayonunun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz uğurlu bəhrələrini verib. Məhz bu tədbirlərin nəticəsində rayonun siması xeyli dəyişilib, yaşayış məntəqələri abadlaşıb, yenilənib. Həyata keçirilən böyük infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər bu rayona dövlət qayğısının bariz nümunəsidir.
Rayonda həyata keçirilən tikinti-quruculuq tədbirləri bütün yaşayış məntəqələrini əhatə edib. Müasir arxitektura üslubunda inşa edilmiş inzibati binalar, müəssisələr, müasir xəstəxanalar, məktəb binaları, kənd və xidmət mərkəzləri, salınan yollar və körpülər əhalinin yaxşı şəraitdə işləməsinə, məşğulluğunun təmin olunmasına, rahat yaşamasına, sağlamlığının qorunmasına, rifah halının yaxşılaşmasına, insanların asudə vaxtlarının səmərəli təşkilinə göstərilən qayğının təzahürüdür. Təkcə bir faktı qeyd edək ki, rayonda 2001-ci ildən sonra 30-dan çox məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilib, kəndlərin böyük əksəriyyəti müasir yaşayış məntəqələrinə çevrilib, Babək qəsəbəsindən tutmuş ucqar dağ kəndlərinə qədər yaşayış məntəqələri elektrik enerjisi, mavi yanacaq, içməli və suvarma suyu ilə tam təmin olunub. Ötən il də Babək rayonunda genişmiqyaslı quruculuq tədbirləri davam etdirilib, yeni quruculuq ünvanlarının sayı artıb. Rayon mərkəzində Babək Rayon Rabitə İdarəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib. Babək qəsəbəsinin Heydər Əliyev prospektində 500 metr məsafədə daş hasar inşa olunub. 5 mərtəbəli 60 mənzilli yaşayış binasında yenidənqurma işləri aparılıb, park salınıb, yaşıllaşdırma işləri həyata keçirilib və müasir işıqlandırma sistemi quraşdırılıb.
Abadlıq işləri çərçivəsində 1200 metr yola asfalt örtük salınıb, 482 metr uzunluğunda beton kanal çəkilib, 16 su keçidi tikilib. Sakinlərin kommunal şəraiti yaxşılaşdırılıb. 384 nömrəlik yeni nəsil avtomat telefon stansiyası quraşdırılıb, 2800 metr fiber-optik, 2000 metr yerüstü və 1500 metr yeraltı rabitə xətti çəkilib, 450 metr elektrik xətti yenilənib, müxtəlif güclü transformator yarımstansiyalarında əsaslı təmir işləri aparılıb. Yeni tikililərə qaz və su xətləri çəkilib, yaşıllıqların suvarılması üçün 2250 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulub. Naxçıvan Beynəlxalq Hava Limanından Babək rayon mərkəzinə gedən 16,5 metr enində, 2515 metr uzunluğunda olan avtomobil yoluna asfalt döşənib, piyada yolu qaydaya salınıb, müasir işıqlandırma sistemi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 27 avqust 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, adıçəkilən marşrutlar üzrə avtomobil yolu yenidən qurulub, 35 kilometrlik yol 31 min nəfər sakinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirib. Rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Nehrəm kəndində bir neçə ildir ki, quruculuq tədbirlərinin həyata keçirilməsi davamlı xarakter alıb. Ötən illərdə həmin yaşayış məntəqəsində kompleks tikinti işləri aparılıb. Nehrəm kənd 2 nömrəli tam orta məktəbin binasında yenidənqurma tədbirləri həyata keçirilib. Quruculuq tədbirləri rayonun Xəlilli, Xal-xal və Yarımca kəndlərini də əhatə edib. Bu il də quruculuq tədbirləri davam etdirilir, rayonun Məzrə, Badaşqan kəndlərində quruculuq işləri aparılır, rayon İcra Hakimiyyətinin binası yenidən qurulur.
Məlumat üçün bildirək ki, 2016-cı ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 39403,5 min manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 1,6 faiz artaraq 38101,9 min manat təşkil edib.
Nəticələr iqtisadiyyatda qazanılan böyük uğurlardan soraq verir
Babək rayonu sənaye sahəsində böyük potensialı olan bölgələrimizdən biridir. Rayonda hazırda çox sayda emal və sənaye müəssisələri mövcuddur. Bu ilin yeddi ayında rayonda 71441,1 min manatlıq, yaxud 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox sənaye məhsulu istehsal olunub. Rayonda müxtəlif sahələrdə müasir infrastrukturun və kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraitin olması, dövlətimiz tərəfindən təsərrüfatın müxtəlif sahələrinə göstərilən dövlət qayğısı davamlı sosial-iqtisadi inkişafa yol açıb, bütün sahələrdə işgüzar ab-hava yaradıb. Rayon sakinləri belə qayğıdan ruhlanaraq böyük həvəslə fəaliyyət göstərir, qurub-yaradırlar. Bəli, bu gün bütün sahələr üzrə sürətli inkişaf davam edir. Burada təcrübəli fermerlərə, səriştəli mütəxəssislərə həmişə xüsusi hörmət və qayğı olub. Düşünürük ki, bu yerdə cari ilin ilk yeddi ayında rayonun uğurlarını əks etdirən bəzi səciyyəvi rəqəmləri xatırlatmağa ehtiyac var. Belə ki, bəhs edilən dövrdə Babək rayonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2 faiz artaraq 62563,3 min manata çatıb. Pərakəndə əmtəə dövriyyəsinin 4,5 faizini və yaxud 2836,1 min manatını iaşə əmtəə dövriyyəsi təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur. Həmin dövrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,8 faiz artaraq 15835,6 min manat olub. Pullu xidmətlərin 17,6 faizi və yaxud 2781,3 min manatı məişət xidmətlərinin payına düşüb. Əhalinin məşğulluğuna da xüsusi diqqət yetirilib. Rayonda bu ilin yeddi ayında 259 yeni iş yeri açılıb.
Bu gün ən qiymətli sərvət olan torpaq zəhmətkeş babəklilərin daimi iş yerinə çevrilib. Onlar yaxşı bilirlər ki, torpağa vaxtlı-vaxtında qulluq etməsən, suyunu, gübrəsini verməsən, yüksək məhsul toplaya bilməzsən. Həmişə olduğu kimi, cari ildə də rayonun torpaq mülkiyyətçiləri güzəştli qiymətlərlə müxtəlif gübrələrlə təmin ediliblər. Bu da məhsuldarlığa yaxşı təsir göstərib. Torpağın məhsuldarlığının artırılmasında melioratorların da üzərinə mühüm vəzifələr düşüb. Onlar bu ilin yeddi ayında hidrotexniki qurğular, hidrometrik postlar, nov kanallar, beton kanallar, nasos stansiyalarında da cari təmir işləri aparıb, suvarma kanallarında lildən təmizlənmə və təmir işləri görüblər. Həyata keçirilən tədbirlər öz bəhrəsini verib. 1 avqust 2016-cı il tarixə olan məlumata görə, rayonun təsərrüfatlarında 9374 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 29268 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 31,2 sentner-hektar olub. 7785 hektar buğda əkini sahəsindən 24524 ton buğda əldə edilib. 1382 hektar arpa əkini sahəsindən isə 4063 ton arpa toplanılıb. Rayonda kartofçuluq da inkişaf etdirilən sahələrdəndir. Bəhs edilən dövrdə 450 hektar kartof əkilmiş sahənin 58,2 faizindən 4475 ton kartof yığılıb.
Bu ilin yanvar-iyun aylarında heyvandarlıq və quşçuluq sahələrinin də inkişafı təmin edilib. Hazırda Babək rayonunun təsərrüfatlarında 16 min 215 baş qaramal bəslənilir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz və yaxud 237 baş çoxdur. Hazırda təsərrüfatlarda 153126 xırdabuynuzlu heyvan bəslənilir. Bu ilin yeddi ayında Babək rayonunda diri çəkidə 1650 ton ət, 9394 ton süd, 13596 min ədəd yumurta, 165,4 ton yun istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,6, süd 1,3, yumurta 1, yun istehsalı 1,5 faiz artıb. Rayonun kənd və balıqçılıq təsərrüfatlarında 40953,3 min manatlıq məhsul istehsal edilib. Bu da 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,3 faiz çoxdur.
Rayonda meyvəçilik və tərəvəzçilik də diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda məqsədyönlü işlərin görülməsi davam etdirilir. Ötən illərdə bölgədə muxtar respublikanın torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan uyğunlaşan meyvə sortlarından ibarət tingçilik sahələri yaradılıb, minlərlə ting əkilib. Bəhs olunan dövrdə barverən meyvə bağlarından 1694 ton məhsul yığılıb ki, bu da 1 avqust 2015-ci illə müqayisədə 1,1 faiz çoxdur. Tərəvəzçilikdə də uğurlu nəticələr əldə edilib. Bu ilin yeddi ayında 2042 hektar tərəvəz bitkiləri əkini sahəsinin 63,4 faizindən 8023 ton tərəvəz məhsulları yığılıb. Məhsuldarlıq orta hesabla hər hektardan 62 sentner olub. 1510 hektar bostan bitkiləri əkini sahəsinin 41,1 faizindən 3906 ton bostan məhsulları yığılıb.
Qeyd edək ki, adıçəkilən dövlət proqramı muxtar respublikanın bütün bölgələri kimi, Babək rayonunda da əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının ödənilməsini yerli istehsal hesabına təmin edəcək, tələbatdan artıq mövsümi məhsulların ixracına imkan yaradacaq. Bundan başqa, proqramın uğurlu icrası nəticəsində rayonda meyvə-tərəvəz istehsalı stimullaşdırılacaq, bu sahəyə investisiya qoyuluşu artacaq. Kartof, soğan, sarımsaq, yerkökü, pomidor, eyni zamanda meyvə və üzüm istehsalının həcmi yüksəldiləcək.
Bəli, bu gün Babək rayonu muxtar respublikanın digər bölgələri kimi inkişafın yeni mərhələsinə qədəm qoyub. Əldə edilən uğurlar birgə, gərgin və səmərəli əməyin nəticəsində mümkün olub.
Səbuhi Hüseynov