23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonu özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər rayonda həyata keçirilən genişmiqyaslı qurucu­luq tədbirləri, reallaşdırılan iqtisadi layihələr bölgəyə böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib. Rayon mərkəzi, bölgənin kənd­ləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infra­struktur yaradılıb.

2016-cı ilin ötən dövrü ərzində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Bu dövrdə Oğlanqala kəndində məktəb, kənd və xidmət mərkəzləri, Xanlıqlar kəndində “İmamzadə” ziyarətgahı, Mahmudkənddə futbol meydançası və Şərur şəhərində şadlıq sarayı tikilərək istifadəyə verilib. Bunlarla yanaşı, Fizika-Riyaziyyat Təmayüllü Liseyin və Yengicə kəndində bir müharibə əlili üçün yaşayış binasının da tikintisi başa çatdırılıb.

Hazırda rayonun Çəmənli, Arbatan və Arpaçay kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilir. Çəmənli kəndində yaxın aylarda yeni məktəb, kənd və xidmət mərkəzlərinin binalarından istifadə olunacaq. Kənd tam orta məktəbinin binası 360 şagird yerlik olmaqla, 3 mərtəbədən ibarətdir. Tədris müəssisəsinin yeni binasında müəllim və şagirdlərin ixtiyarına 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, idman zalı və bufet veriləcək. Binada əsas tikinti işləri, demək olar ki, başa çatıb. Hazırda binanın daxilində və fasad hissəsində suvaq işləri aparılır.
Dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi ikimərtəbəli olacaq. Kənd mərkəzinin binasında da əsas tikinti işləri başa çatdırılıb, kommunikasiya xətləri çəkilib, qapı və pəncərələr salınıb. Hazırda boyaq işləri aparılır, dəhlizlərin döşəməsinə və mərtəbələrarası pilləkənlərə travertin döşənir. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kitabxananın, klubun, poçtun, ATS-in, səhiyyə, baytarlıq və polis məntəqələrinin fəaliyyətinə hərtərəfli şərait yaradılacaq.
Çəmənli sakinlərinə daha bir hədiyyə olan birmərtəbəli xidmət mərkəzində sənaye və təsərrüfat malları mağazaları, bir neçə xidmət sahəsi yerləşəcək. Bu quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.
“Artay” LTD Şirkətinin inşaatçıları isə rayonun Arbatan kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binaların inşası ilə məşğuldur. Kənd mərkəzinin və 234 şagird yerlik məktəbin binaları iki, xidmət mərkəzinin binası isə birmərtəbəlidir. Aprel ayından tikintisinə başlanan obyektlərdə çalışan inşaatçıların texniki təhlükəsizliyi təmin edilib, obyektlərə daimi su xətti çəkilib, inşaat işlərinin keyfiyyətlə aparılması üçün hərtərəfli şərait yaradılıb.
Adıçəkilən tikinti kollektivinin bir qrup inşaatçısı isə rayonun Arpaçay kəndində kənd və xidmət mərkəzlərinin tikintisi ilə məşğuldur.
Obyektlərin hamısında yerli tikinti materialından istifadəyə və keyfiyyət amilinə üstünlük verilir.
Quruculuq tədbirləri çərçivəsində rayonda yol infrastrukturunun yenilənməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Şərur Rayon Yol Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən 5,4 kilometrlik Çərçiboğan-Arbatan, 6,7 kilometrlik Dərvişlər-Arpaçay-Çəmənli kənd yolları genişləndirilib, su keçidləri yenilənib, asfalt döşənməsinə hazır vəziyyətə gətirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR