Bu mineral su dünyanın beş ölkəsinə ixrac olunur
Naxçıvan, möcüzələr diyarı, ulu torpaq. Tanrı Nuhun torpağına minbir dərdin dərmanı olan mineral bulaqlar bəxş edib. 5,5 min kvadratkilometr ərazisi olan Naxçıvanda 250-dən artıq mineral su mənbəyi mövcuddur və bunların içərisində “Sirab” da öz məşhurluğu ilə seçilir. Bəli, “Sirab” suyu qədim Naxçıvan torpağını dünyada tanıtma dəyərinə malikdir.
Kəlbəağıldan dünyaya uzanan yollar
Babək rayonunun Sirab kəndi ərazisində Kəlbəağıl vadisində 250 metr dərinlikdən qaynayan su quyusunun üzərində bina tikilib, sanitariya qaydaları əsasında qorunması təmin edilib. Bu su paslanmayan borularla 3 kilometrlik məsafədə yerləşən istehsal sahəsinə gətirilir.
Niyə bu suyun istehsalı zəruri məqsəd kimi qarşıya qoyulub? Çünki “Sirab” suyu insanın qan dövranını, tənəffüsünü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırmaq, həmçinin süfrədə yemək zamanı xoş dadvermə kimi mühüm xüsusiyyətlərə, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu xassələrə malikdir. Elə xalq da “Sirab”ın belə möcüzəvi xassələrinə görə onu “sirli su” adlandırıb. “Sirab” tədqiq edildikdən, tərkibi araşdırıldıqdan sonra aydın olub ki, bu mineral su aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstəliklərə yaxşı təsir edir, həzm yolları, qaraciyər, öd kisəsi və böyrək xəstəlikləri, maddələr mübadiləsi pozğunluqları zamanı tətbiq edildikdə xeyrini göstərir. Məhz istehlakçılar da bu suyun möcüzəvi xassələrini görərək indi onu süfrələrinin bəzəyinə çeviriblər.
“Sirab” suyunun istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılıb. Bu ilk addımlar 1968-ci ildə tikilib istifadəyə verilən Sirab Mineral Sudoldurma Zavodu ilə bir az da artıb və keçmiş Sovetlər birliyindəki müttəfiq respublikalarda böyük maraqla qarşılanıb.
“Sirab”ın dünyaya çıxdığı illər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edirdi və həmin dövrdə zavodun tam gücü ilə işləməsi təmin edilmişdi. Azərbaycanın, o cümlədən muxtar respublikanın başqa ölkələr arasında tanınmasına yönəldilən bu siyasətin nəticəsi idi ki, 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırıldı, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırıldı. Amma ötən əsrin 90-cı illərində baş verən məlum hadisələr, iqtisadiyyatın zəifləməsi, muxtar respublikanın blokadaya alınması bu zavodun fəaliyyətini də, demək olar ki, iflic vəziyyətinə saldı. 1993-cü ildə ulu öndərin respublika rəhbərliyinə qayıdışı ilə ölkəmizin ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda da bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi.
Sirab Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2003-cü il iyul ayının 14-də istifadəyə verilib. Dağların qoynunda, təbiətin füsunkar guşəsində ikimərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası tikildi. Müəssisənin həyəti abadlaşdırıldı. İndi bu ünvan abadlığı, yaşıllığı, gülü-çiçəyi ilə göz oxşayır. Bu səliqə-sahman istehsal prosesinin müasir tələblər səviyyəsində qurulmasına da əlverişli şərait yaradıb.
İstehsalda yeniliklər əsas şərtdir
Yayın qızmar keçən bu günlərində “Sirab” suyunun istehsal olunduğu müəssisəyə yollandıq. Burada Naxçıvan sahibkarlarına göstərilən qayğının bəhrəsi qürurverici ab-hava yaradıb.
İstehsalla bizi tanış edən baş mühəndis Məşdi Mazanov deyir ki, mənbədən gətirilən mineral su ilkin mərhələdə suda olan iri hissəcikləri ayırmaq üçün mexaniki filtrdən keçirilərək 50 tonluq paslanmayan çənə doldurulur. Sonra su 25 mikronluq qum filtrindən süzülərək emallı ehtiyat su çənlərinə ötürülür. Bu proses istehsala verilən mineral suyun davamlılığını təmin etmək və mineral suyun bir neçə saat ərzində dincə qoyulması üçün nəzərdə tutulub. İstehsal prosesi ehtiyat su anbarından mineral suyun soyuducu qurğulara ötürülməsi ilə başlayır. Bu soyuducularda su 4-8 dərəcədə soyudulur və istehsal sexlərinə verilir. Sexlərdə mineral su qablaşdırılmadan öncə bir neçə vacib mərhələdən – ilkin olaraq, 5 və 1 mikronluq filtrlərdən süzülərək ultrabənövşəyi şüalar qurğusundan keçir. Bu proses mineral suyun tərkibində hər hansı bir mərhələdə yarana biləcək bakteriyaların məhvini təmin edir. Bununla da, istehsalda suyun doldurmaya hazırlanma prosesi başa çatır.
Müsahibimiz bildirir ki, dolumdan öncə mineral suyun karbon-dioksid qazını rahat və lazımi miqdarda qəbulu üçün su 4-8 dərəcəyədək soyudulur. Karbon-dioksidin vurulmasında məqsəd qablaşdırılan məhsulun saxlama müddətinin artırılması və mineral duzların çökmə ehtimalının qarşısını almaqdır. Bütün bu proseslərdən sonra mineral su lazımi çeşidlərdə qablaşdırılaraq paketlənib satışa göndərilir.
Bəs qablaşdırma necə aparılır? Məşdi Mazanov bu sualımıza da aydınlıq gətirir: – Dünyada rəqabətədavamlı məhsul istehsal etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Rusiya Federasiyası, Türkiyə və Polşa respublikalarından müasir texnoloji tələblərə və standartlara cavab verə biləcək avadanlıqlar alınıb müəssisəyə gətirilib. Zavodda müasir tələblərə cavab verən 5 texnoloji xətt quraşdırılmış 3 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli 19 çeşiddə plastmas və şüşə butulkalara doldurulması həyata keçirilir.
Baş mühəndis plastmas butulkaların doldurulması sexindəki iki texnoloji xətti göstərərək diqqətimizə çatdırdı ki, biri saatda 6 min, digəri 4 min ədəd butulka sudoldurma gücünə malikdir. Birinci dəzgahda butulkalar şişirdilir, digərinə keçərək yuyulur, sonra doldurulur, ağzı bağlanır və üzərinə istehsal və son istifadə tarixləri vurularaq nəzarət ekranından keçirilir. Sonra etiketvurma dəzgahına ötürülür. Axırıncı proses butulkaların paketlənməsidir. Hazır məhsul anbara yığılır, oradan isə zavoda məxsus maşınlarla sifarişlərə uyğun olaraq muxtar respublikanın müxtəlif ticarət obyektlərinə, eləcə də Azərbaycanın müxtəlif şəhərlərinə və xarici ölkələrə yola salınır.
Qazsız suyun istehsalı ilə tanışlıqda isə öyrəndik ki, sexdə Türkiyə Respublikasından müasir texnoloji tələblərə və standartlara cavab verən və saatda 11 min butulka məhsul istehsal edən avadanlıqlar alınaraq quraşdırılıb. Həmin avadanlıqların köməyi ilə 3 çeşiddə – 0,5, 1 və 1,5 litrlik butulkalarda, həmçinin 5 və 19 litrlik qablarda qazsız su alıcılara təqdim edilir.
Şübhəsiz ki, bu gün sahibkarlığın inkişafına göstərilən qayğı həm də sakinlərin işlə təmin edilməsinə göstərilən qayğının böyük ifadəsidir. Hazırda “Sirab” Açıq Səhmdar Cəmiyyətində 110 işçi çalışır. Müəssisədə daha keyfiyyətli su istehsalı üçün işçilər təkmilləşdirmə kurslarına göndərilirlər.
Uğurlara doğru addımlar
Zavodun icraçı direktoru Zülfü Hüseynov söhbət əsnasında vacib bir amilə toxunaraq dedi ki, “Sirab” ASC-də bütün istehsal prosesi İSO standartlarına – keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə müxtəlif illərdə xarici ölkələrin sertifikatlaşdırma təşkilatları tərəfindən sertifikatlaşdırılıb. Bu isə “Sirab” suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və Avropa bazarlarına girişinin açarıdır.
Əlbəttə, gerçəklik göz qabağındadır. Dünya standartlarına cavab verə biləcək yüksəkkeyfiyyətli məhsul istehsal etməyin nəticəsidir ki, bu gün dünya ölkələrində rəğbətlə qarşılanan “Sirab” mineral suyu müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə dörd qızıl və bir gümüş medal qazanıb.
Zülfü Hüseynov onu da bildirdi ki, “Sirab” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində “Biznesdə yüksək keyfiyyətə görə” qızıl medal, 2009-cu ildə Ukraynanın Kiyev şəhərində keçirilən “Qida məhsulları və içkilərin XII forumu”nda qızıl medal, 2010-cu ildə Moskva şəhərində keçirilən XVII beynəlxalq sərgidə gümüş medal, 2011-ci ildə Moskva şəhərində keçirilən XVIII beynəlxalq sərgidə qızıl medal və 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya “Yeyinti sənayesi” sərgisində yenə də qızıl medal qazanıb. Həmçinin dəfələrlə “İlin brendi”, “Biznesdə uğur” mükafatlarına layiq görülüb. Cari ildə Beynəlxalq Ləzzət və Keyfiyyət İnstitutu tərəfindən “Mükəmməl ləzzət mükafatı”nı qazanması da “Sirab” mineral suyunun yüksək keyfiyyətinə dəlalət edir. Bu il isə Türkiyə və Dubayda beynəlxalq sərgilərdə iştirak edib.
İcraçı direktorun sözlərinə görə, hazırda “Sirab”ın Türkiyə, Rusiya, Türkmənistan, Ukrayna kimi ölkələrdə kifayət qədər alıcısı var. Yaxın zamanlarda bu su Litva bazarına da çıxarılacaq.
Sözsüz ki, “Sirab” mineral suyunun istehsalında hər il artan statistik göstəricilər də suya olan marağın, tələbatın nəticəsidir. Elə cari ilin altı ayında müəssisədə 5 milyon butulka su istehsal olunub ki, bunun da 434 mini xarici istehlakçılara satılıb.
Bir sözlə, günü-gündən “Sirab”ın alıcısı artır. Çünki onun hər damlasında həyat var!
Hafizə Əliyeva