23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin mühüm əhəmiyyəti vardır. Hazırda bütün dünyada belə ekoloji təmiz enerji mənbələrindən istifadə təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb olunmasının ən yaxşı yollarından biri hesab edilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında istifadəyə verilən Günəş elektrik stansiyası həm ekoloji təmiz iqtisadi layihə, həm də enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. 

Ölkəmizin müstəqilliyinin ilk illərində Naxçıvan Muxtar Respublikasının üzləşdiyi ən böyük çətinliklərdən biri enerji çatışmazlığı olub. Blokada ucbatından elektrik enerjisinin çatışmaması o dövrdə bütün Naxçıvanın iqtisadi və mədəni həyatını iflic vəziyyətə salmış, ən mühüm sahələrdə enerji qıtlığı özünü hiss etdirmişdi. Lakin Naxçıvanda enerji təminatının yaxşılaşdırılması istiqamətində görülmüş irimiqyaslı işlərdən sonra bu vəziyyət tamamilə dəyişildi. Hazır­da Naxçıvanda enerji təhlükəsizliyi tam təmin olunub. Bu baxımdan ötən il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi 20 meqavat gücündəki Günəş elektrik stansiyası ən mühüm ­layihələrdəndir.

Hazırda Günəş elektrik stansiyası Naxçıvanın enerji təminatında təqribən 7,5 faizlik bir paya malikdir. Başqa sözlə, cari ilin ilk 7 ayı ərzində Naxçıvan Muxtar Respublikasında elektrik şəbəkəsinə ötürülmüş 246130000 kilovat-saat enerjinin 18434000 kilovat-saatı bu stansiyanın payına düşüb. Naxçıvanın enerjiyə olan tələbatı yay aylarında daha çoxdur. Günəş elektrik stansiyasının da ən məhsuldar dövrləri bu aylarda olur. Günəş elektrik stansiyası yay aylarındakı isti hava şəraitinə görə yüklənməyə məruz qalan digər stansiyaların işinin yüngülləşdirilməsində də mühüm rol oynayır. Digər bir tərəfdən stansiyada ətraf mühitin çirklənməsi və təhlükə doğuran hallar olmadığından yeni obyektin Naxçıvan üçün çox qiymətli olduğunu deyə bilərik.
Naxçıvan Günəş Elektrik Stansiyası 35 hektar ərazidə tikilib. Stansiyada 78 min 683 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri quraşdırılıb. Burada invertor, transformator, komutasiya aparatları və digər elektrik avadanlıqları ilə təchiz olunmuş 11 ədəd transformator yarım­stansiyası vardır. Panellərlə transformator yarımstansiyaları, bu yarımstansiyalar ilə birləşdirici məntəqə arasında kabel və yük­səkgərginlikli elektrik verilişi xətti çəkilib.
Günəş elektrik stansiyası bizə nə qazandırır? Əvvəlcə qeyd edək ki, hazırda bu stansiyanın istifadəyə verilməsi ilə Naxçıvanda enerji hasil edə bilən elektrik stansiyalarının sayı səkkizə çatıb. Əgər ötən əsrin 90-cı illərində Naxçıvandakı tək Araz Su Elektrik Stansiyası vasitəsilə cəmi 22 meqavat güc əldə olunurdusa, indi artıq bu 8 stansiya vasitəsilə bundan, təqribən, 10 dəfə çox elektrik enerjisi əldə etmək imkanımız vardır. Beləliklə, vaxtilə blokada vəziyyətinə salınmaqla əsas enerji və kommunikasiya əlaqələri kəsilmiş muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində dövlətimizin həyata keçirdiyi bu cür məqsədyönlü işlər nəticəsində həm istilik, həm yerli hidroenerji potensialına əsaslanan su elektrik stansiyaları, həm də Günəş elektrik stansiyası sayəsində etibarlı enerji infrastrukturu yaradılıb.
Günəş elektrik stansiyası çox uğurlu layihədir. Onun vasitəsilə bir daha sübut olundu ki, Naxçıvanın hər qarışı qızıldan da qiymətlidir. İndi tam əminliklə deyə bilərik ki, sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadə ilə biz artıq bütün sahələrdə öz sözümüzü deməyə, ölkəmizin iqtisadi gücünə güc qazandırmağa qadirik.

Əli Cabbbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR