Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər yaradılan sənaye müəssisələrindəndir. Sənaye şəhərciyində inzibati bina, istehsal sexləri, yeməkxana, satış şöbəsi üçün bina, xammal və hazır məhsulun saxlanılması məqsədilə anbar tikilib istifadəyə verilib.
Müəssisədə keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. Müəssisənin illik istehsal gücü 120 dekalitr meyvə şirələri və şərab, 180 ton şirniyyat məhsullarıdır. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Naxçıvanda yetişdirilən meyvələrdən tam gigiyenik qaydada yüksəkkeyfiyyətli müxtəlif həcm və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, üzüm və qarışıq tərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır.
Diyarımızın ən qədim əkinçilik sahələrindən biri olan üzümçülüyün inkişaf perspektivləri nəzərə alınaraq qurulan şərab emalı sahəsində istehsal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə istehsal olunan 4 çeşiddə – kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır.
Cəmiyyət həmçinin 3 çeşiddə, müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.
Müəssisədə 2011-ci ilin iyul ayından meyvə nektarlarının karton taralara qablaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılıb. Bunun üçün yeni bina inşa olunub və burada İsveçin “Tetra Pak” firmasının istehsal gücü saatda 7 ton 1 litrlik və 1600 litr 200 millilitrlik taralar olan müasir texnoloji avadanlıqları quraşdırılıb. 2012-ci ilin mart ayından istehsala başlanılıb. Nəfis tərtibatla bəzədilmiş karton taraların üzərində Azərbaycan, ingilis və rus dillərində məhsulun istehsal və son istifadə tarixi, tərkibi, istifadə qaydası, saxlanma şəraiti, standart göstəriciləri və mənşəyi haqqında məlumatlar göstərilir.
Daxili bazarın tələbatına uyğun yeni çeşidlərdə yerli ərzaq məhsullarının istehsalı da diqqət yetirilən sahələrdən olub, 2013-cü ildən tahin (küncüd yağı) və bəkməz istehsalına başlanılıb. Onu da qeyd edək ki, yerli xammaldan hazırlanan məhsullar yüksəkkeyfiyyətli qida məhsulu olmaqla yanaşı, həm də müalicəvi əhəmiyyətə malikdir.
İstеhsаl оlunаn məhsullаr ölkəmizin digər rеgiоnlаrındа da satışa çıxarılır, xаrici ölkələrə ixrac olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаlı, əsаsən, yеrli sahibkarlardan аlınır ki, bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməmələrinə öz müsbət təsirini göstərir. Meyvə bağlarında yetişdirilən məhsulların tədarük olunması diqqət mərkəzində saxlanılır. Ayrı-ayrı rayonlardan gətirilən məhsullar vaxtında qəbul edilir. Müəssisədə olarkən həmsöhbət olduğum sahibkar Hicran İsmayılovun dediklərindən:
– Uzun illərdir, bağçılıqla məşğul oluram. Yetişdirdiyim məhsulun şəxsi istifadədən artıq hissəsini bazara çıxarıram. Amma məhsul eyni vaxtda yetişdiyindən az bir müddətdə bazarda satıb qurtara bilmir, minbir əziyyətlə ərsəyə gətirdiyim məhsulun, demək olar ki, yarıdan çoxu zay olurdu. Son illər muxtar respublikamızda tikilib istifadəyə verilən soyuducu anbarlar, emal və sənaye müəssisələri bu problemi aradan qaldırıb. Yetişdirilən məhsulun daimi alıcısı olduğuna inanıb daha səylə çalışır, daha çox məhsul əldə etmək üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstəririk. Bu həm də emal və sənaye müəssisələrinin yüksəkkeyfiyyətli yerli xammalla təchiz edilməsinə əlverişli şərait yaradır.
Qeyd edək ki, yerli məhsullardan hazırlanan meyvə nektarları yüksək keyfiyyəti ilə seçilir. Bu da həm istehsalçı, həm də istehlakçı üçün sərfəlidir.
Kərəm Həsənov