Muxtar respublikada kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısının davamlı xarakter alması bu sahədə gözəçarpan nailiyyətlər qazanılmasına stimul olub.
Torpaq mülkiyyətçilərinə güzəştli kreditlərin, keyfiyyətli toxum sortlarının, gübrələrin verilməsi belə qayğının tərkib hissəsidir və bu, cari ildə də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, taxıl istehsalçılarına yanacaq və sürtkü yağlarına görə 2016-cı ilin fevral ayında 1 milyon 521 min manat, aprel ayında isə 5124 sahibkara 2 milyon 392 min manat dəyərində 4905 tondan artıq azot gübrəsi verilib.
“Azərbaycan Respublikasında buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2007-ci il tarixli qərarı torpaq sahibkarlarının bu sahəyə marağını daha da artırıb.
Cari ilin may ayında 3854 buğda istehsalçısına becərdikləri 26792 hektar buğda sahəsi üçün 1 milyon 72 min manat, yazlıq əkinlər üçün isə iyul ayında 1877 sahibkara 26926 hektar sahə üçün 1 milyon 346 min manat dəyərində yardımlar verilib.
2016-cı ilin 6 ayında, ümumilikdə, kənd təsərrüfatı üçün banklar və bank olmayan kredit təşkilatları tərəfindən 7 milyon 234 min manat kredit verilib. Bunun da 392 min manatı və ya 5,4 faizi bitkiçilik sahəsinə, 13 min manatı və ya 0,2 faizi bağçılıq sahəsinə, 6 milyon 96 min manatı və ya 84,3 faizi heyvandarlıq sahəsinə, 258 min manatı və ya 3,5 faizi arıçılıq sahəsinə, 475 min manatı və ya 6,6 faizi quşçuluq sahəsinə ayrılmış kreditlərdir.
Xəbərlər şöbəsi