Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən “Elektron qaimə-fakturanın forması” və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” mövzularında keçirilən seminarı Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Süleyman Əliyev giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb. O, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin vergi ödəyicilərinin rahat və şəffaf fəaliyyəti üçün önəmindən bəhs edib.
Vergi ödəyicilərinin iştirak etdiyi seminarda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Elektron qaimə-fakturanın forması” və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” mövzularında çıxış edərək bildirib ki, 2017-ci ilədək mövcud olan qanunvericiliyə əsasən sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturaların kağız formasında tətbiqi bir çox hallarda vergidən yayınma hallarına şərait yaradırdısa, 2017-ci ildən elektron qaimə-fakturanın tətbiqi həmin əməliyyatların şəffaflaşdırılması, operativliyin təmin edilməsi, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınması istiqamətində effektiv bir vasitə rolunu oynayır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 18 aprel tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması” və “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.