Naxçıvan Biznes Mərkəzində 25 aprel – Sahibkarlar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür. Vurğulanıb ki, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının davam etdirilməsinə və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasına geniş imkanlar açıb. Görülən ardıcıl tədbirlər, özəl bölmənin inkişafına dövlət qayğısı nəticəsində Naxçıvanda geniş sahibkarlar sinfi formalaşıb və onlar sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevriliblər. Nəticədə, muxtar respublikada yaradılan 2 milyard 582 milyon 361 min manatlıq ümumi daxili məhsulda özəl bölmənin payı 87 faizə çatıb.
Bildirilib ki, bu gün muxtar respublikada 367 növdə məhsul istehsalı, 344 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafına yönəldilmiş kompleks islahatların uğurlu nəticəsidir. Eyni zamanda muxtar respublikada sahibkarlığın inkişafı nəticəsində yaradılan yeni iş yerləri cəmiyyətdəki sosial məsələlərin həllində mühüm rola malikdir. Belə ki, 1 oktyabr 2003-cü ildən 1 yanvar 2017-ci il tarixədək dövrdə Naxçıvanda yaradılan müəssisələrdə 69 mindən çox yeni iş yeri açılıb, əhalinin məşğulluğu təmin olunub.
İqtisadiyyat naziri vurğulayıb ki, muxtar respublika sahibkarlarına dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Belə ki, sahibkarların yeni layihələri reallaşdırması üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına 2000-ci ildən ötən müddət ərzində 1228 layihənin maliyyələşdirilməsinə 134 milyon 468 min manatdan artıq həcmdə kredit verilib. Nəticədə, naxçıvanlı sahibkarlar bu gün öz məhsulları ilə daxili bazarı təmin edir, eyni zamanda muxtar respublikadan Türkiyə, Ukrayna, Qazaxıstan, Gürcüstan, Belarus, Litva, Türkmənistan, Rusiya və İran kimi ölkələrə ərzaq, tikinti, mebel, yüngül sənaye məhsulları ixrac edirlər. Əldə olunan bütün bu nailiyyətlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlara göstərdiyi daimi diqqət və qayğının nəticəsində mümkün olub. Sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, sahibkarların problemlərinin öyrənilməsi, onlara dövlət qayğısının gücləndirilməsi məqsədilə hər il ənənəvi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla görüşü keçirilir. Dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər muxtar respublikada sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoyub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin direktoru Abbas Talıbov və “D-Adlı Qaymaq” MMC-nin sahibkarı Elşad Məmmədov bildiriblər ki, yeni dövrdə muxtar respublika sahibkarları qarşısında mühüm vəzifələr durur. Göstərilən dövlət qayğısından daha səmərəli istifadə etmək, daxili bazarı daha keyfiyyətli məhsullarla təmin etmək, xidmət sektorunda, xüsusən turizm sahəsində fəallığı artırmaq üçün bu gün geniş imkanlar var.
Çıxışlarda əminliklə bildirilib ki, muxtar respublikamızın sahibkarları ölkəmizin iqtisadi qüdrətinin artmasına öz töhfələrini vermək, muxtar respublikamızı xarici bazarlarda daha da geniş şəkildə tanıtmaq üçün uğurlu biznes layihələri həyata keçirəcəklər.
Sonra qazandıqları uğurlara görə, “İlin sahibkarı”, “İlin şirkəti”, “İlin məhsulu”, “İlin ixracatçısı”, “İlin yerli məhsul alıcısı” və “Ən fəal işəgötürən” nominasiyaları üzrə “Biznesdə uğur – 2016” mükafatlarının təqdimolunma mərasimi keçirilib, Naxçıvan Biznes Mərkəzində yerli məhsulların sərgisinə baxış olub.
Əli Cabbarov