Makroiqtisadi sabitliyin qorunması iqtisadi inkişafın əsas şərtlərindəndir. Bu sahədə həyata keçirilən işlər sırasında isə, şübhəsiz ki, bank sektoru tərəfindən davamlı olaraq iqtisadi aktivliyin artırılması məqsədilə görülən işlərin də mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlılığı ötən dövr ərzində də uğurla təmin olunub. Kreditlər əhalinin vəsait çatışmazlığını kompensasiya etməklə yanaşı, ümumi iqtisadi aktivliyin artırılmasında, sahibkarlığın inkişafında, işsizliyin aradan qaldırılmasında da əhəmiyyətli rol oynayır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən cari ilin 9 ayı ərzində muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 104 milyon 314 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 4 milyon 379 min manat, uzunmüddətli kredit qoyuluşu isə 99 milyon 935 min manat təşkil edir.