23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası regionumuzda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir, istehsalçı müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırır. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən cəmiyyətin ötən illər ərzində maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, 2017-ci ilin 9 ayı ərzində 651 halda hüquqi və 1001 halda fiziki şəxslər tərəfindən daxil olmuş 88 mal çeşidini əhatə edən 1652 halda mal nümunəsi laboratoriya analizindən keçirilib və 1400 halda səyyar laboratoriya təhlilləri aparılıb. Bu təhlillər, əsasən, 1183 yerli istehsal məhsullarını və 469 idxal məhsullarını əhatə edib. Nəticədə, 1637 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 15 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib. Məhsulların keyfiyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bundan əlavə, cari ilin 9 ayı ərzində “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1266 ton travertin məhsulunun Türkiyə və Gürcüstan respublikalarına ixracı üçün 38 halda, “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18770 ton sement, məsaməli beton və gipsolet lövhə məhsullarının Gürcüstan Respublikasına ixracı üçün 18, “Təchizat” ATSC-yə 179.12 ton iribuynuzlu heyvan dərisinin Türkiyə Respublikasına ixracı üçün 7, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə 173 ton “Sirab” mineral sularının Türkiyə və İraq respublikalarına ixracı üçün 7, “Ləzzət Biskvit Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə 293 ton vafli məhsulunun Türkiyə, Gürcüstan, İraq respublikalarına və Birləşmiş Ərəb Əmirliklərinə ixracı üçün 9, “Badamlı Mineral Sular Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə 90.76 ton “Badamlı” mineral süfrə suyunun Birləşmiş Ərəb Əmirliklərinə ixracı üçün 4, “Orqanik Məhsul” Məhdud Məsuliyyətli Cəmiyyətinə 6.31 ton orqanik saman məhsulunun Türkiyə Respublikasına ixracı üçün 1, “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.9 ton elektrik dirəklərinin Gürcüstan Respublikasına ixracı üçün 1, “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə 116.4 ton cəviz ləpəsinin Türkiyə Respublikasına ixracı üçün 7, fiziki səxslər Zaur Məmmədov və Xəyal Hüseynova 217 ton badam içi, 85 ton qırmızı bibər məhsullarının Türkiyə Respublikasına ixracı üçün 20, “Şirvanşahlar Xarici İqtisadi Əlaqələr” Assosiasiyasına 11.32 ton PVC ayaqqabı altlığının Bakı şəhərinə göndərilməsi üçün 5 halda olmaqla, 117 halda mənşə sertifikatının hazırlanması və ekspertizası aparılıb.
Qeyd edək ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyasının İSO 17025 standartı üzrə beynəlxalq akkreditasiyasının aparılması üçün Latviya Respublikasının Beynəlxalq akkreditasiya orqanı olan LATAK-la müqavilənin bağlanması təmin edilib. Ötən dövr ərzində cəmiyyətin Mərkəzi qida sınaq laboratoriyasında kimyəvi, toksikoloji və mikrobioloji laboratoriya təhlilləri üzrə Türkiyə Respublikasının “KarmaLab” şirkətindən dəvət olunmuş mütəxəssislər tərəfindən kurslar keçirilib. 7-14 sentyabr tarixlərində keçirilmiş kurslarda laboratoriyanın əməkdaşlarına sertifikatlar təqdim olunub. 25-27 sentyabr tarixlərində Latviya Respublikasının Beynəlxalq akkreditasiya orqanının ekspertləri tərəfindən 2017-ci ilin İSO 17025 standartı üzrə audit yoxlamaları aparılıb.
Bununla yanaşı, cəmiyyətdən verilən məlumata görə, muxtar respublikada fəaliyyət göstərən və ərzaq məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri istehsal etdikləri məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsində yoxlanılması üçün laboratoriyanın xidmətlərindən istifadə edə bilərlər.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR