Hər il olduğu kimi, bu il də qarşıdan gələn qış mövsümündə əhalinin istiliklə təmin edilməsi üçün Naxçıvan şəhərində bir sıra tədbirlər həyata keçirilib.
Cari ilin 26 avqust tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan şəhərinin istiliklə təminatı sahəsində də konkret tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası çərçivəsində Naxçıvan şəhərində inzibati və yaşayış binalarının istiliklə təmin edilməsi məqsədilə bir sıra işlər görülmüşdür.
Qarşıdan gələn qış fəslində şəhərimizdəki mənzillərin və ictimai binaların istiliklə təminatı ilə bağlı Naxçıvan Şəhər İstilik İdarəsinə müraciət etdik. İdarədən bildirdilər ki, əhalinin qış fəslində normal istiliklə təmin olunması, qazanxanaların saz vəziyyətdə işləməsi üçün lazımi tədbirlər görülmüşdür. Belə ki, 2017-2018-ci illərin qış mövsümündə Naxçıvan şəhərində 5 mərkəzləşdirilmiş və 38 fərdi qazanxana vasitəsilə 173 yaşayış binasındakı 7634 mənzil və 30 inzibati bina fasiləsiz olaraq istiliklə təmin ediləcəkdir. İstilik təsərrüfatının kollektivi əhalinin davamlı olaraq istiliklə təmin olunması üçün səylə çalışır. Heç bir çətinlik çəkmədən mövsümə başlamaq üçün 5 mərkəzləşdirilmiş qazanxananın xarici istilik xətləri izolyasiya edilmiş, 38 fərdi qazanxananın hər birinə texniki baxış keçirilərək elektrik, qaz və su xətlərində olan nasazlıqları aradan qaldırmaq üçün əsaslı və cari təmir işləri aparılmış, qazanlar ərpdən təmizlənmiş, sıradan çıxmış cihaz və avadanlıqlar yeniləri ilə əvəz edilmişdir.
Qarşıdakı qış aylarında əhalinin fasiləsiz olaraq istiliklə təmin olunması üçün “İstiqlal” küçəsindəki fərdi qazanxanada bir ədəd yeni qazan quraşdırılmış, 4 fərdi qazanxanadakı qazanlar yeniləri ilə əvəz edilmişdir. Bundan əlavə, 4 fərdi qazanxanada 2 tonluq su çənləri yenilənmiş, şəhərin “Əlincə”, “Çənlibel” və “Qoçüstü” məhəllələrində, Heydər Əliyev prospekti, “İstiqlal”, Afiyəddin Cəlilov və Nizami küçələrindəki bir sıra binaların zirzəmilərindəki istismara yararsız istilik xətləri yeni plastik borularla əvəz edilmişdir.
İstilik təsərrüfatında mövcud problemlərin həll olunması və şəhərimizin istiliklə təminatında fasilələrə yol verilməməsi, bu sahədə çalışan ixtisaslı işçi probleminin həll olunması üçün qazanxanalarda işləyən ocaqçılar Naxçıvan Şəhər Regional Peşə Tədris Mərkəzində kurslara cəlb olunmuşlar. Hazırda ocaqçı peşəsinə yiyələnmək üçün yeni işçilər təhsil alırlar. İşə qəbul olunan işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi və onların xüsusi geyimlərlə təmin olunması istilik idarəsi tərəfindən diqqətdə saxlanılan məsələlərdəndir. Onların peşə səviyyəsinin artırılması qəzalara yol verilməməsi və bədbəxt hadisələrin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.
İstilik təminatı kifayət qədər məsuliyyət tələb edir. Əgər sərt qış aylarında günün 24 saatı ərzində ev və iş yerlərimiz fasiləsiz və təhlükəsiz istiliklə təmin olunursa, bu, yaradılmış geniş infrastruktur şəbəkəsinin gücündən səmərəli istifadə edilməsi ilə mümkündür.
Xəbərlər şöbəsi