Naxçıvan Müəllimlər İnstitutunun binasında “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən aparılan əsaslı yenidənqurma işləri davam etdirilir.
Obyektin iş icraçısı Orxan Orucovun bildirdiyinə görə, yeni inşa olunan 6 mərtəbəli korpusda əsas işlər yekunlaşdırılıb. Yeni korpusun zirzəmisində mətbəx, arxiv, idman zalı və bufet yerləşəcək. Burada rektor, müəllimlər otağı, 4 kompüter otağı, 5 kafedra, 24 auditoriya, kitabxana, oxu zalı, 160 yerlik iclas zalı, kurikulum mərkəzi istifadəyə veriləcək.
Məlumat üçün bildirək ki, əvvəlki korpusun və yeni inşa olunan binanın fasadı müasir memarlıq ənənələrinə uyğun olaraq dizayn edilir, burada daş üzləmə və boya işləri aparılır. İnşaat işlərində muxtar respublikanın tikinti materialları istehsal edən müəssisələrinin keyfiyyətli məhsullarından istifadəyə üstünlük verilib. Bu da binanın dözümlülüyünə və möhkəmliyinə təsir edən əsas amillərdəndir.
Tikintidə təhlükəsizlik qaydalarına da ciddi əməl edilir, işçilər bunun üçün lazım olan müxtəlif ləvazimatlarla mütəmadi olaraq təmin olunurlar. Obyektdə işlərin gedişatı onu deməyə əsas verir ki, gələcəyin pedaqoqlarını yetişdirən bu ali təhsil ocağı yaxın vaxtlarda istifadəyə veriləcək.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 14 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd edilməkdədir. Universitet şəhərciyində İqtisad fakültəsi üçün istifadəyə veriləcək ikimərtəbəli müasir tədris korpusu bu ali təhsil ocağının kollektivinə ən böyük töhfə olacaqdır. Burada 37 ədəd kompüterlə təchiz edilmiş kompüter otağı, 3 kafedra, 20 auditoriya, 4 elektron lövhəli otaq, 102 yerlik iki mühazirə otağı istifadəyə veriləcək. Müasir tədris və texnoloji avadanlıqlarla təchiz edilən bina pedaqoji heyətə yeni-yeni nailiyyətlər qazandıracaqdır.
Nail ƏSGƏROV