“Naxçıvanqaz” İstehsalat Birliyi mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirir. İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə bu ilin 9 ayı ərzində də qarşıda duran vəzifələr uğurla yerinə yetirilmişdir.
Muxtar respublikada ötən dövrdə daxil olan müraciətlərə əsasən 513 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 479-u əhali abonenti, 34-ü isə qeyri-əhali abonentidir.
Muxtar respublikada təbii qaz istehlakçılarının fasiləsiz, təhlükəsiz qazla təchiz olunması məqsədilə korroziyaya uğrayan yeraltı qaz kəmərlərinin yeniləri ilə dəyişdirilməsi və qaz sızmalarının aradan qaldırılması təmin edilmiş, bu işlərin mütəmadi olaraq aparılması nəzarətə götürülmüşdür. Naxçıvan şəhərində smartkarttipli qaz sayğaclarının quraşdırılması işləri davam etdirilmiş və cari ilin 9 ayında 1995 qaz sayğacı quraşdırılmışdır. “Naxçıvanqaz” İstehsalat Birliyi yerlərdə nəzarət tədbirlərini gücləndirmiş, vaxtaşırı birliyin daimi fəaliyyət göstərən yoxlama-nəzarət komissiyası tərəfindən reydlər keçirilərək istehlakçıların qazdan istifadə qaydalarının tələblərinə riayət etmələri yoxlanılmış və ortaya çıxan nöqsanlar aradan qaldırılmışdır.
Qış aylarında təbii qaza olan tələbatın artması ilə qaz nəqli sisteminin daha artıq yüklənməsi və gərgin işləməsi nəzərə alınaraq bütün sistem boyu qaz kəmərlərinə qazanalizatorlarla xətti nəzarət və əlavə olaraq texniki baxış keçirilmiş, ortaya çıxan texniki nasazlıq aradan qaldırılmışdır. Birlik üzrə maşın, mexanizmlər, qaynaq avadanlıqlarının və digər texniki avadanlıqların, qurğuların texniki vəziyyəti yoxlanılmış, çətin hava şəraitində etibarlı işləməsi üçün tam yararlı vəziyyətə gətirilmişdir. 2017-ci ilin ötən dövründə muxtar respublika qaz şəbəkəsində 13 min 23 ədəd sızma aşkarlanaraq aradan qaldırılmış, yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar 116 min 865 paqonometr borudan istifadə olunmuşdur.
“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti