23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada sahibkarlığın inkişafı qarşıya qoyulmuş iqtisadi siyasətin prioritetlərindəndir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilmişdir.

Ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar liberallaşdırılmış, sahibkarların vergi yükü azaldılmış, elektron xidmətlərin tətbiqi genişləndirilmiş, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunmuşdur. Sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinin səmərəli mexanizmi formalaşdırılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi artaraq 87 faizi ötmüşdür.
Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi tədbirlərinin nəticəsidir ki, son zamanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayında artım müşahidə edilir. Belə ki, 2017-ci ilin ötən dövrü ərzində 31 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınmışdır.

Bu gün dövlət tərəfindən özəl sektorun hərtərəfli dəstəklənməsi məqsədilə müxtəlif yardım və təşviq mexanizmləri tətbiq edilir. Belə mexanizmlərdən biri də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Fondudur. Fond müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlığın inkişafına güzəştli kreditlər ayırmaqla yanaşı, həm də sahibkarlara məsləhət xidməti göstərir.
Güzəştli kreditlərdən istifadə qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi nəticəsində sahibkar­lıq subyektlərinə verilən kreditlərin ümumi həcmi artmış, iş adamlarının kreditlərə çıxış imkanları daha da genişlənmişdir. Cari ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 14 layihənin maliyyələşdirilməsi üçün 389 min 600 manat həcmində kreditdən istifadə edilmişdir.
Verilən kreditlər iqtisadiyyatın bir çox sahələrinin inkişafında mühüm rol oynamışdır. Müxtəlif sənayeyönümlü 3 layihənin maliyyələşdirilməsinə 155 min manat yönəldilmişdir.
Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsini də əhatə etmişdir. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunmuşdur. Burada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülmüş, təminatda başlıca rol oynayan kənd təsərrüfatında 11 layihənin maliyyələşdirilməsinə 234 min 600 manat yönəldilmişdir.
Sahibkarlığa Kömək Fondunun xətti ilə bu günə qədər 1233 layihə üçün, ümumilikdə, 134 milyon 593 min 882 manat güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər daha çox kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılmışdır. Həmin vəsait hesabına on minlərlə iş yeri, yüzlərlə müəssisə yaradılmış, bir sözlə, özəl sektorun inkişafı üçün yeni imkanlar açılmışdır.
Muxtar respublikada qadınların və gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, son illər qadın və gənc sahibkarların sayının artması müşahidə edilir. Qadınların və gənc­lərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların investisiya layihələrinin reallaşdırılmasına Sahibkar­lığa Kömək Fondu tərəfindən də dəstək göstərilir. Bundan başqa, fond tərəfindən keçirilən tədbirlərdə, o cümlədən maarifləndirici treninq­lər və nümunəvi investisiya layihələrinin təqdimatında gənclərin və qadın sahibkarların iştirakı təmin edilmiş, onlara investisiya layihələrinin hazırlanmasında metodik köməkliklər göstərilmişdir.
Cari ilin ötən dövrü ərzində işgüzar əlaqələrin inkişafı və sahibkar­lığın məsləhət, informasiya təminatının gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər davam etdirilməkdədir.
Ölkə daxilində və xaricində təşkil edilən müxtəlif tədbirlər muxtar respublikanın biznes mühitinin və iqtisadi potensialının təbliği ilə yanaşı, yerli sahibkarların işgüzar əlaqələrinin daha da genişləndirilməsinə, sahibkarların istehsal etdiyi məhsulların satışının dəstəklənməsinə xidmət edir. Bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər muxtar respublikanın biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər iqtisadiyyatın prioritet sahələrinə investisiya qoyuluşunun artmasında, sahibkarlar arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində öz müsbət təsirini göstərməkdədir. Keçirilən biznes forumlar, yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir.
Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə 2017-ci ilin ötən dövrü ərzində Çexiya, Almaniya, Türkiyə, Gürcüstan, Belarus, İtaliya, İran, Ukrayna, Fransa, Finlandiya, Latviya, Rusiya, Macarıstan və Polşa kimi ölkələrin nümayəndələri ilə keçirilmiş 17 biznes-forum, sərgi və digər beynəlxalq tədbirdə muxtar respublikadan 89 sahibkarlıq subyektinin 103 nümayəndəsinin iştirakı təmin edilmişdir.
Keçirilmiş sərgilərdə muxtar respublikanın son illərdə əldə etdiyi uğurlar, o cümlədən sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, turizm, tikinti və digər sahələrdə qazandığı nailiyyətlər nümayiş olunmuşdur.
Müəyyən olunmuş sahələr üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Koreya və Çin Xalq Respublikasında keçirilən seminarlarda nazirliyin 5 əməkdaşının iştirakı təmin edilmişdir.
Özəl sektorun inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodik köməkliyin göstərilməsi, məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti sahəsində biliklərin verilməsi məqsədilə Naxçıvan Biznes Mərkəzi tərəfindən bir çox treninq, konfrans və seminarlar keçirilir, muxtar respublikanın sahibkar və gənc menecerlərinin iştirakı ilə kurslar təşkil edilir. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri haqqında məlumatların asan əldə olunması, onların əlaqələrinin genişləndirilməsinin təşviq edilməsi məqsədilə rəqabətqabiliyyətli məhsul istehsalçıları haqqında məlumatları əks etdirən kataloqlar hazırlanaraq çap edilmişdir.
Sahibkarların hüquqlarının müdafiəsi istiqamətində də cari ilin ötən dövrü ərzində bir çox tədbirlər həyata keçirilmiş, 10 sahibkarlıq subyektinə, ümumilikdə, 4283 nəzarət kitabçası paylanılmışdır. Bundan əlavə, sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan şikayətlərə mütəmadi olaraq baxılmış, şikayətçilər qəbul edilmiş, tələb olunduqda yerində araşdırılmış və zəruri olduqda metodik köməklik göstərilmişdir.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 442 sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 371 növdə məhsul istеhsаl оlunması, 344 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi sahibkarlığın inkişafına yönəldilmiş kompleks islahatların uğurlu nəticəsidir.
Əlbəttə ki, muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı görülən işlərin həcmi bundan sonra daha da artırılacaqdır. Çünki sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR