Cari ilin ötən dövrü ərzində də Naxçıvan şəhərinin bir neçə ünvanında tikinti-quruculuq tədbirlərinə başlanılıb, yeni-yeni obyektlər istifadəyə verilib. Hazırda muxtar respublika paytaxtında təhsil, səhiyyə və mədəniyyət infrastrukturunun inkişafı, habelə yeni inzibati və yaşayış binalarının tikintisi, eləcə də mövcud olanların yenidən qurulması işləri davam etdirilir.
Qeyd edək ki, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə, qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunurlar. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində daha müasir yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər dövlətimizin vətəndaşlara göstərdiyi qayğının parlaq ifadəsidir.
Naxçıvan şəhərinin Nizami küçəsi 36 ünvanında yerləşən 5 mərtəbədən ibarət 50 mənzilli binada əsaslı təmir işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin kollektivi həyata keçirir. Obyektin iş icraçısı Elnur Adıgözəlovun bildirdiyinə görə, burada işlərə avqust ayında başlanılıb. İlkin mərhələdə binanın təməl hissəsində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmə işləri aparılıb, binanın görünüşünə xələl gətirən hissələr və fasadın köhnə suvağı sökülüb. Görülən işlər çərçivəsində bina dörd bir tərəfdən beton sütunlarla möhkəmləndiriləcək, şifer və pəncərələr dəyişdiriləcək, binanın fasadı milli arxitektura ənənələri əsasında yenidən dizayn ediləcəkdir.
Muxtar respublikada səhiyyə quruculuğu tədbirləri bu gün də davam etdirilir. Hazırda Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında yenidənqurma işləri aparılır. Ötən müddətdə binanın fasadı milli ornamentlərdən istifadə olunmaqla üzlənib, dam örtüyü yenilənib, interyeri müasir üslubda dizayn edilib, bina dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Xəstəxana binasının girişi tağşəkilli elementlərlə zənginləşdirilərək yeni görkəmə salınıb. Səhiyyə ocağının həyətində isə qazanxana tikilib. Yenidənqurma işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planına uyğun aparılır.
Səbuhi HÜSEYNOV