Müasir dövr, xüsusən qloballaşma və bazar münasibətləri şəraitində keyfiyyət problemi hər yerdə özünü qabarıq şəkildə göstərməkdədir. İnkişaf etməkdə olan ölkə kimi Azərbaycanda keyfiyyət infrastrukturunun qarşısında da təkcə istehsalçı və istehlakçı mənafelərinin deyil, bütövlükdə, ölkənin iqtisadi maraqlarının qorunması kimi mühüm vəzifə qoyulub. Muxtar respublikamızda da bu sahəyə nəzarət üzrə fəaliyyət göstərən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmış şəraitdən maksimum istifadə etməklə Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial sahədəki uğurlarının möhkəmləndirilməsinə öz töhfəsini verir.
Müasir Azərbaycan Respublikasının iqtisadiyyatı özünün çoxşaxəliliyi və regional inkişaf prioritetləri ilə seçilir. Eyni zamanda həyata keçirilən iqtisadi siyasət vətəndaşların rifah halının yüksəldilməsi ilə yanaşı, Azərbaycanda istehsal olunan mal və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə ölkəmizin müsbət imicə qovuşdurulması məqsədi güdür. Bu da, öz növbəsində, keyfiyyət amilinə diqqətin daha da artırılmasını tələb edir. Belə ki, müasir dünyada keyfiyyət amili ön planda duran cəhətlərdəndir. Hər bir vətəndaş istehlak etdiyi məhsulun növünü, çeşidini seçməklə yanaşı, onun keyfiyyətinə də xüsusi diqqət yetirir. Müasir dövrdə bu ənənə genişləndikcə keyfiyyət amili də istehsalçıların əsas qayğısına, əhali tələbatlarının təmin edilməsinin həlledici faktoruna çevrilmişdir.
Ölkəmizdə istehsalın səmərəliliyi və rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər, yeni açılan müəssisələrdə beynəlxalq standartların tətbiq edilməsi ixrac imkanlarımızın genişlənməsinə və rəqabətin güclənməsinə səbəb olub. Xarici ticarət əlaqələrinin inkişafı, istehlakçıların həyat və sağlamlıqlarının qorunması keyfiyyət infrastrukturunun əhəmiyyətini bir daha artırmaqdadır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu sahəyə xüsusi diqqət yetirməklə əhalinin keyfiyyətli məhsullarla təminatını başlıca prinsip hesab edir.
Komitə standartlaşdırma sahəsində fəaliyyətini müasir tələblər əsasında qurmaqla muxtar respublikada yüksəkkeyfiyyətli məhsullar istehsal edən emal və sənaye müəssisələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirir. Muxtar respublikada istehsal olunan məhsulların yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi bu qurum qarşısında duran prioritet vəzifələrdəndir. Bu da standartlaşdırma sahəsində fəaliyyətin yeni müstəvidə qurulmasını tələb edir.
Muxtar respublikada keyfiyyətə nəzarət işinin və bu sahədə texniki tənzimləmə sisteminin müasir tələblərə uyğunlaşdırılmasının həyata keçirilməsində “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası əsas istiqamət kimi qəbul edilib. Proqram xarakterli idarəetmənin təşkili nəticəsində muxtar respublikada qida təhlükəsizliyinin təmin olunmasına, geni modifikasiya olunmuş məhsulların dövriyyəsinə, uşaq qidalarının keyfiyyətinə, yeyinti məhsullarının istehsalı, emalı, daşınması və saxlanması vəziyyətinə, ərzaq məhsullarının əmtəə nişanlarının saxtalaşdırılması hallarına, meyvə-tərəvəz və konserv məhsullarının keyfiyyətinə, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üçün istifadəsinə icazə verilən qeyri-təbii vasitələrin tətbiqinə, xidmət sahələrində standartlardan istifadənin səviyyəsinə və akkreditasiya sisteminə daxil olan laboratoriyaların ümumi fəaliyyətinə nəzarət məqsədilə davamlı monitorinqlər təşkil olunmaqdadır.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya sahəsi üzrə də dövlət siyasətini uğurla davam etdirməkdədir. Ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. Buna görə də metroloji normalara və qaydalara əməl olunması işləri sürətləndirilmişdir. Komitənin Metrologiya şöbəsi qanunvericilik bazasını və beynəlxalq standartları əsas götürərək ölçmə vasitələrinin normativ göstəricilərinin standarta uyğunluğunu nəzarətdə saxlamaqdadır.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Bu baxımdan iqtisadi faktor kimi əqli mülkiyyətin qorunması da Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasətin əsas prioritetlərindən biridir.
İqtisadi siyasətin həyata keçirilməsində intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizənin genişləndirilməsinə diqqət artırılır. Bu istiqamətdə komitə tərəfindən əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və regional inkişafa uyğunlaşdırılaraq sənayedə tətbiqinə ciddi fikir verilir. Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, patent sahəsinin inkişafını diqqət mərkəzində saxlayır. Patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, bu sahədə hüquqların qorunması və beynəlxalq sistemlərə inteqrasiya təmin olunur.
Muxtar respublikamızda keyfiyyət infrastrukturu özünün inkişaf mərhələsindədir. Bu yaxınlarda komitənin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə yeni inzibati bina da istifadəyə verilib. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 81 əməkdaşın iş şəraitinin yaxşılaşdırılması üçün hərtərəfli imkanlar yaradılıb. İnzibati binada müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, iclas zalı, kitabxana, standart və patent fondu, laboratoriya və digər zəruri otaqlar vardır. Komitənin standartlar fondunda, ümumilikdə, 19579, o cümlədən dövlət və dövlətlərarası standart, sahə standartı, texniki şərt, təsnifat, rəhbəredici sənəd, beynəlxalq standart, Avropa standartı, patent fondunda isə əmtəə nişanları, coğrafi göstəricilər, ixtiralar, faydalı modellər və sənaye nümunələrinə dair 1094 mühafizə sənədi saxlanılmaqdadır. Müasir elektron avadanlıqların tətbiqi əsasında işdə operativliyin təmin edilməsi məqsədilə yeni əsas və ehtiyat server, 12 dəst kompüter, 14 çap qurğusu, 2 ədəd videoproyektor, 1 ədəd elektron lövhə və müxtəliftipli ölçmə-sınaq avadanlıqları alınaraq komitə əməkdaşlarının istifadəsinə verilib. Binada ərzaq məhsullarının sertifikatlaşdırılması üzrə nümunə qəbulu və saxlama otaqları yaradılıb, 6 yeni soyuducu və müasirtipli testerlər alınıb. Təhlükəsizlik normalarına uyğun olaraq binadan 25 metr məsafədə məişət qaz avadanlıqlarının sınaq laboratoriyası yaradılıb, yeni qaz analizatorları və qaz detektorları quraşdırılıb.
Komitədə xidməti işin səmərəliliyini və operativliyini yüksəltmək üçün yeni Elektron Sənəd Dövriyyəsi Sistemi və daxili intranet şəbəkəsi qurulub.
Hazırda komitə tərəfindən muxtar respublikanın 531 istehsal müəssisəsində, 125 ictimai iaşə və xidmət sahəsində, 323 qadın və kişi salonunda, 1068 ticarət obyektində, təhsil və səhiyyə müəssisələrinin 149 yeməkxana və bufetində davamlı olaraq maarifləndirmə xarakterli monitorinqlər icra olunur və standartların tələbləri çatdırılır. İstehsal və idxal olunan məhsulların sertifikatlaşdırılması prosesi, patentlərin beynəlxalq mühafizəsi fəaliyyəti və istehlak bazarında keyfiyyətə nəzarət işi müasir standartların prinsipləri üzrə aparılır.
Komitədə metroloji nəzarət üzrə müasir avadanlıqlarla təchiz olunmuş elektrik, təbii qaz və su sərfi ölçmə vasitələrinin yoxlanılması, təzyiq, temperatur, çəki və həcm ölçmə vasitələrinin kalibrlənməsi üzrə çoxfunksiyalı avadanlıq parkına malik laboratoriya fəaliyyət göstərir.
İqtisadiyyatın inkişafı üçün əsas şərtlərdən biri keyfiyyət standartlarının tətbiqidir. Bu baxımdan muxtar respublikamızda əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi məqsədilə standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər mərkəzi icra hakimiyyəti orqanı kimi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qarşısında duran əsas vəzifədir.
Əli CABBAROV