Müasir dövrdə insan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, doğum, ömür uzunluğu, yaşlaşma və digər məsələləri özündə cəmləşdirir. Bu inkişafın əsas meyarlarından biri layiqli yaşayış standartlarının göstəricisidir. Sosial-iqtisadi inkişaf nəticəsində əldə olunmuş əhalinin rifah səviyyəsi əmək potensiallarından səmərəli istifadə edilməklə məşğulluq səviyyəsi, işləyənlərin məhsuldarlığı, əhalinin gəlirləri, iş şəraiti və digər amillər, həmçinin ölkənin hər bir vətəndaşının ehtiyaclarını nəzərə almaqla dövlətin gəlirlərinin bölüşdürülməsi sisteminin səmərəliliyi ilə müəyyən olunur. Hazırda dünyada müşahidə edilən əhalinin sürətli artımı ətraf mühitə təsirin kəskin artması və insanların tələbatlarının çoxalması ilə ifadə olunur ki, bu da yoxsulluğun, iqtisadi geriliyin və ictimai qeyri-stabilliyin artmasına təsir göstərir. Eyni zamanda inkişaf etmiş ölkələrdə əhali sayının azalması və dünyada gedən yaşlaşma proseslərinin sürətlənməsi əmək resurslarının və davamlı inkişafda mühüm rol oynayan gələcək nəsillərin sayının azalması ilə nəticələnir.
Qeyd edək ki, insanların iqtisadi ehtiyacları və davranışı həyatın müxtəlif mərhələlərində fərqlənir və əhalinin yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məsələn, gənc nəsil daha çox təhsil sahələrinə investisiyaları tələb edir, orta yaşda olan əhali qrupu məşğulluq sahələrinin aktiv iştirakçısıdır, yaşlı nəslin isə tibbi xidmətə və sosial təminata ehtiyacı vardır. Buna görə də gənc nəslin və uşaqların payı çox olan ölkələrdə iqtisadi inkişafın artım templəri daha çox müşahidə olunur.